Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 18 oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş "Ey Vətən" adlı möhtəşəm musiqi axşamı keçirilib. Tədbir Dövlət Mahnı Teatrının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə baş tutub.
Konsertin məqsədi Müstəqillik Gününün mənəvi dəyərini və milli kimliyimizin qürurunu musiqi vasitəsilə tamaşaçılara çatdırmaq, vətənə sevgi və birliyi daha da möhkəmləndirmək olub.
Axşam boyunca teatrın solistləri - İlhamə Qasımova, Fəxri Kazım-Nicat, Rövşən Qəhrəmanov, Taleh Yəhyayev, Aynur İsgəndərli, eləcə də qonaq ifaçılar Toğrul Məmmədov və Rasim Səfər səhnəyə çıxaraq unudulmaz ifalar təqdim ediblər.
Konsert proqramında "Ey Vətən", "Azərbaycan", "Üzüm mahnısı", "Yuxu" filmindən "Giləvar" və digər sevilən əsərlər dirijor Ellada Məmmədovanın dirijorluğu ilə Estrada Simfonik Orkestrinin canlı müşayiəti ilə səsləndirilib.
Musiqi axşamı tamaşaçılara həm milli ruh, həm səhnə enerjisi, həm də musiqinin birləşdirici gücünü yaşadaraq Müstəqillik Gününün əhəmiyyətini sənət dili ilə bir daha vurğulayıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az