Mədəniyyət

“Poeziya Xəzrisi” Respublika bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb – FOTO

11 Dekabr 2025 20:33
Baxış: 207
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində (Muzey Mərkəzi) "Poeziya Xəzrisi" Respublika bədii qiraət müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. 

Müsabiqə Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin  (MEMİM) təşkilatçılığı, Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilati dəstəyi, "Qanun" nəşriyyatı və "MİMTA" yayınlarının tərəfdaşlığı ilə gerçəkləşib.

Tədbirdə Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru sənətşünaslıq üzrə elmlər doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, ATXİ-nin sədri Xalq artisti Hacı İsmayılov və MEMİM-in direktor vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov çıxış edərək Nəbi Xəzri poeziyasının Azərbaycan ədəbiyyatında yerindən söz açıb, müsabiqə haqqında fikirlərini bölüşüblər. Bildirilib ki, müsabiqə Nəbi Xəzri irsinin təbliği, bədii qiraətçilərin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi, bu sahəyə marağın artırılması, gənclərin bədii-estetik zövqünün zənginləşdirilməsi məqsədilə təşkil olunub.

Müsabiqənin münsiflər heyətinin üzvləri - ATXİ-nin sədr müavini Əməkdar artist, professor Azad Şükürov, Azərbaycan Yazıçılar Birliyinin katibi şair, dramaturq Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi də müsabiqənin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, 50-yə yaxın namizəd arasından seçilən 14 iştirakçı finala vəsiqə qazanıb. Onlardan Anar Əhmədov I yerə, Ramil Hüseynzadə və Hüseynağa Aslanov II yerə, Səma Ağazadə isə III yerə layiq görülüblər. 

Sonra qaliblərə pul mükafatı, diplom, digər iştirakçılara isə sertifikat və xatirə hədiyyələri təqdim olunub. 

MEMİM-in əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının aparıcısı olduğu tədbirin bədii hissəsində müsabiqənin qalibləri və Bakı şəhəri M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin müəllim və şagirdləri tərəfindən Nəbi Xəzrinin "Dəniz, göy, məhəbbət", "Şəklinə baxıram", "Söylə, bəs hardaydın", "Külək", "Dərdsiz adam axtarmayın", "Kimi nə gözləyir?", "Mənim ürəyimdir" şeirləri səsləndiriliblər. Həmçinin Xalq şairinin sözlərinə bəstələnmiş "Durnalar", "Dərələr", "Qəlbimdə qaldın" və "Azərbaycan" mahnıları ifa olunub.

Sonda çıxış edən Arzu Babayev atasının yaradıcılığına göstərilən diqqətə görə müsabiqənin təşkilatçılarına təşəkkürünü bildirib, qaliblərə təbriklərini çatdırıb.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.