M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycanın görkəmli siyasi və dövlət xadimi Fətəli Xan Xoyskinin 150 illiyinə həsr olunmuş konsert keçirildi.
Fətəli Xan Xoyski xalqımızın tarixində mühüm yer tutan şəxsiyyətlərdən biridir, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından, ilk Baş Nazirimiz, görkəmli dövlət xadimidir.
Musiqili gecədə İlahə Hüseynovanın dirijorluğu, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xorunun müşayiəti il solistlər - Əməkdar artistlər Fərid Əliyev, Almaz Orucova, Xəyyam Məmmədov (kamança) və Nurlana Abdullayeva, Nurlan Əzizbəyli, Rəvan Qaçayev, Rəvanə Qurbanova, Xatirə Kərimova (saz) və Taleh Yəhyayev dinləyicilər qarşısında çıxış etdi.
Konsertdə Üzeyir Hacıbəyli "Cəngi", Polad Bülbüloğlu "Şən Azərbaycan" və "Eşq və Ölüm" baletindən "Döyüşçülərin rəqsi", Emin Sabitoğlu "Dədə Qorqud" kinofilmindən mahnı, Azərbaycan xalq mahnısı "Ay Laçın", Əlibaba Məmmədov "Xudayar təsnifi", Niyazi "Vətən nəğməsi", Dadaş Dadaşov "Gözəldir" və digər Azərbaycan bəstəkarlarının əsərləri səsləndi.
Konsertdə səslənən hər bir musiqi parçası, bir tərəfdən sənətə, digər tərəfdən isə dahi şəxsiyyət Fətəli Xan Xoyskinin xatirəsinə ehtiramın səsi oldu.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az





