Bakıda keçirilən Azerbaijan Fashion Week-in 19-cu mövsümü başa çatıb. Bu mövsüm mədəni müxtəlifliklə müasir moda sənətinin sintezini özündə birləşdirən parlaq və yaddaqalan bir hadisə kimi yadda qaldı.
Bu mövsümün əsas konsepsiyası "On the Great Silk Road" mövzusuna həsr olunmuşdu. Konsept Azərbaycanın əsrlər boyu Şərqlə Qərbi birləşdirən strateji körpü rolunu və ölkənin bu gün də mədəni-yaradıcı mərkəz kimi əhəmiyyətini xüsusi vurğulayırdı. Nümayişlər Daş Salnaməsi Muzeyində keçirildi və Misir, Bəhreyn, Mərakeş, Oman, Türkmənistan, Qazaxıstan, Tacikistan və Azərbaycan dizaynerlərini bir araya gətirərək geniş beynəlxalq iştirakçılı platforma yaratdı.
Proqramın əsas məqamlarından biri Parisdə fəaliyyət göstərən Oriental Fashion Show layihəsinin iştirakı oldu. Layihənin banisi madam Hind Joudarın təşəbbüsü və təşkilati dəstəyi ilə Bakıda təqdim olunan brendlər - HANY EL BEHAIRY, NASEEM ALANDALOS, WI MODE by Wafaa Idrissi, YOLAND by Tafool Abdullah - İslam dünyasının zəngin bədii irsini, Şərq estetikasını və İpək Yolu ənənələrini müasir moda yanaşmaları ilə peşəkar şəkildə nümayiş etdirdilər.
Bundan əlavə, podiumda Türkmənistan, Qazaxıstan və Ukraynadan olan dizaynerlərin kolleksiyaları nümayiş olundu - GÖWHER GOUVERNET, STUDIO 4353, TIMUR TURSUNKULOV, ALIYA ZHUMAN, MALIQUE, BF COLLECTION by Malika Beatrishe.
Tacikistan AFW19-da Tajikistan Fashion Week nümayəndə heyəti (rəhbər Tohir İbrahimov) və ölkənin milli brendi CHAKAN HOUSE tərəfindən təmsil edildi.
Azerbaijan Fashion Week yerli moda sənayesinin inkişafına hər zaman xüsusi önəm verir. 19-cu mövsümdə Azərbaycan dizaynerləri öz yaradıcılıq istiqamətlərini əks etdirən bir sıra kolleksiyaları təqdim etdilər:
• "Füsunkar İpək" - FAKHRIYA KHALAFOVA - Əməkdar incəsənət xadimi Fəxriyyə
Xələfovanın Azərbaycan kəlağayısının estetikasını müasir axşam libasları ilə ustalıqla birləşdirən kolleksiyası;
• NATAVAN - ənənəvi elementlərlə müasir üslubun harmoniyasını təqdim edən və Azərbaycan modasının estetik dərinliyini əks etdirən kolleksiya;
• MURAD HUSEYN - təmiz formalar, ifadəli xətlər və aktual dizayn yanaşmaları üzərində qurulan müəllif konsepti.
Azərbaycanlı dizaynerlərin təqdimatları milli irsə bağlılığı, müasir dizayn yanaşmalarını və yüksək keyfiyyətli texniki icranı bir daha ön plana çıxardı.
Azerbaijan Fashion Week-in 19-cu mövsümü Bakının regionun aparıcı moda platforması kimi mövqeyini növbəti dəfə təsdiqlədi.
Oriental Fashion Show Paris dizaynerlərinin, İpək Yolu ölkələrinin nümayəndələrinin və yerli modelyerlərin iştirakı layihənin qlobal əhəmiyyətini artıraraq, mədəni dialoqun inkişafına mühüm töhfə verdi.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az





