Mədəniyyət

Eldar Mansurov: "Bakının bir çox ali məktəblərində..." - FOTO

3 Avqust 2012 02:30
0 Şərh     Baxış: 1 609
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tanınmış bəstəkar Eldar Mansurov Bakının və özünün roku barədə Milli.Az-a danışdı.

Arayış:

"Rok musiqisi" (rock music) söz birləşməsi populyar musiqinin bir sıra cərəyanlarının ümumiləşdirici adıdı. "Rock" sözü ingiliscədən tərcümədə yellənmək, yırğalanmaq mənalarını bildirir və konkret halda belə musiqinin ifaları zamanı xarakterik olan ritmik təsirlə bağlıdı. Rok musiqinin elektrik musiqi alətlərindən istifadə, əsasən öz bəstələrini ifa etmək kimi xarakterik cəhətləri ikinci dərəcəli səciyyəyə aid olduğu üçün çox vaxt səhv təsəvvür yaradır. Buna görə də bəzi musiqi tərzlərinin roka aidliyi mübahisəlidi. Rok musiqisi rok-n-roll, pop-rok, britpop kimi rəqs tərzində olan yüngül janrlardan tutmuş, det-metal və qrayndkor kimi sərt janrlara qədər dəyişən cərəyanlara malikdi. Mahnıların məzmunu yüngül və sərbəst ovqatdan kədərli, dərin və fəlsəfi əhvallara qədər müxtəlif ola bilər. Rok musiqisi öz mənbəyini rok-n-roll və rokabilli kimi ilk rok janrların pərvazlandığı blüzdən götürüb. Rok musiqinin əsas yaranma və inkişaf mərkəzləri ABŞ və əsasən Böyük Britaniya olmaqla Qərbi Avropadı. Klassik rok musiqinin fərqli cəhəti ritm-seksiyanın dayaq olduğu dəyişməz ritmdən ibarətdi. Ekspertlərin əksəriyyətinin rəyinə görə, rok musiqisi, sadəcə, musiqi janrlarından biri kimi nəzərdən keçirilməməlidi, çünki bu musiqi özünün submədəniyyətini yaratmış XX yüzilliyin ikinci yarısına aid xüsusi sosial-mədəni fenomendir. Rok bir tərəfdən gənclərin ruporu, onların təzadlı baxışlarının musiqi dilində ifadəsi, qəbul edilmiş normalarla qarşıdurması, digər tərəfdən əyləncə sənayesində kommersiya gəlirlərinə yönəlmiş şou-biznes alətlərindən biridi. Baxın, mahiyyətcə rokun bütün tarixi hər birinin başlanğıcında qiyam, etiraz, yeni tərzin və yeni dəyərlərin doğuluşu olan, sonra isə belə demək mümkünsə, "əhilləşdirmə", kommersiyalaşdırma, bəzən sadələşdirmə kimi dönəmləri olan oxşar mərhələlərdən keçib. Bütün bunların fövqündə bir cəhət dayanır - rok musiqisi əhatə dairəsi böyük olan enerjiyə malikdir, elə bir enerjiyə ki, şəxsiyyətə duruşmuş ictimai prinsiplərdən və stereotiplərdən özünü azad hiss etmək ovqatı bəxş edir.

- Azərbaycanda rok musiqisinin ən gur dövrü ötən əsrin 60-cı illərinin əvvəllərindən 70-ci illərin ortalarına qədər davam edib. İndi bir də görürsən eşidirəm, kimsə deyir ki, 70-ci illərdə bu üslubu təbliğ edənlər Azərbaycan rokunun patriarxlarıdı. Dediyim kimi, 60-cı illərdə rok musiqisinin ən həvəsli dövrü idi. O vaxt bütün dünyada olduğu kimi Azərbaycanda da "Beatles" qrupuna pərəstiş "bitlomaniya" hərəkatına çevrilmişdi. Axı onların da ifa etdikləri musiqi rokun bir cərəyanı idi. O dövrün gəncləri gecələr gizlicə "Amerikanın səsi", "Azadlıq" radiolarının musiqi verilişlərini birtəhər tutub "Beatles"in, "Rolling Stones"un, digər bu cür kollektivlərin ifa etdikləri musiqiyə qulaq asırdılar. Mən özüm "Deep purple" qrupunu ilk dəfə "Amerikanın səsi" radiosundan dinləmişdim. Avropa ölkələrinə yolu düşənlər belə məşhur qrupların vallarını gizlicə SSRİ-yə keçirə bilirdilər. Mənim bir qonşum var idi, Eldar Orucov, o, Yuqoslaviyada olanda Cimmi Hendriksin ifası yazılmış valı sərhədçilərdən gizlətmək üçün köynəyinin altında Bakıya gətirib-çıxarmışdı. O illərdə rok musiqisi Bakını tam bürümüşdü. Deyim sizə ki, bu maraq, sadəcə, dinləməklə bitmirdi. Bakının bir çox ali məktəblərində tələbələr rok qrupları təşkil etmişdilər. Hər il də özlərinin rok musiqi festivallarını keçirirdilər.

- Siz də belə kollektivlərdən birinin üzvü olmusunuz. Bu, necə baş vermişdi?

- Asəf Zeynallının birinci kursunda oxuyanda harmoniya müəllimimiz Oqtay Kazımov idi. Bir gün mənə dedi ki, indiki Xətai mədəniyyət evində rəhbəri olduğum qrupa pianoçu lazımdır, bəlkə gələsən? Həmin qrupun üzvləri indi Milli Elmlər Akademiyasının prezidenti olan Mahmud Kərimov ritm gitarada, onun qardaşı, qrupun solisti vokalçı Azər Kərimov zərb alətlərində, solo gitarada Mark Vaynbrandt, bas gitarada isə Harri İşxanov çalırdılar. Mən bu kollektivə gələndə müğənnilərdən Eldar Axundov və Sofiya adlı gənc bir qız, saksafon çalan Elxan Şıxəliyev, truba ifaçısı Natiq, artıq məşqlərə başlamışdılar. Qrupumuzun adı "Eksperiment OK" idi. Çoxları elə bilir ki, bu rok qrupu olduğu üçün OK ingilis dilindəki "okay" sözünü bildirir. Amma əslində qrupun adının açması "Oqtay Kazımovun eksperimenti" mənasını daşıyırdı. Oqtay müəllim o vaxtlar ən mütərəqqi bəstəkarlardan biri kimi tanınırdı.

Bizim qrup 70-ci ildə AQU-nun (Azərbaycan Dövlət Universiteti, indiki Bakı Dövlət Universiteti - red.) 51 illiyi münasibətilə təşkil olunan rok festivalında Cimmi Hendriksin "Hey Joe" kompozisiyasını elə yaxşı ifa elədi ki, tamaşaçıların rəğbətini qazandı və ikinci yerə sahib oldu. O vaxt belə festivallar mütəmadi keçirilirdi, hər dəfə də festival baş tutan ali məktəbin kollektivi adətən birinci yerə sahib olurdu. Bu dəfə də birinci yerə universitetin "Şimşək" qrupu, ikinci yeri isə bizimlə Rafiq Babayevin Tibb İnstitutunun tələbələrindən təşkil etdiyi "Eskulap" kollektivi bölüşdü. Əslində heç kim hansısa yer uğrunda çalışmırdı, əsas o idi ki, belə festivallar baş tuturdu və qruplar özlərini ifadə edə bilirdilər.

- Bəs keçmiş SSRİ-nin digər belə kollektivləri ilə əlaqələr var idimi? Məsələn, rokun "beşik"lərindən biri hesab olunan Leninqrad (indiki Sankt-Peterburq - red.) rokerləri ilə?

- Əlbəttə, əlaqə var idi. Bu əlaqə də onu göstərirdi ki, Bakı sovet şəhərləri arasında roku ən çox təbliğ edən şəhərdi. Rusiya mətbuatı dəfələrlə bunu qeyd edib. Bizdə roka maraq elə güclü idi ki, musiqi kollektivlərinin üzvləri saçlarını uzadıb ağarmış cins şalvar geyinməklə kifayətlənmirdilər. "Kvakuşkaları", kənd klublarında filmləri nümayiş etdirmək üçün istifadə olunan kino aparatlarının funksiyasını dəyişməklə səs gücləndiriciləri də özümüz düzəldirdik. Mənim bir tələbə yoldaşım var idi, Pərviz Bayramov, "Üç alov" qrupunun "klavişniki" idi, öz əliylə sintezatora bənzər bir alət düzəltmişdi. Ya da məsələn, zərbçilər zərb qurğularını, gitaraçılar gitaralarını Avropa qruplarının alətlərinə uyğunlaşdırmağa çalışırdılar. Avropalı rok musiqiçilərin gitaraları qeyri-standart formada idi, beləsini SSRİ-də tapmaq mümkün deyildi. Ona görə gitaraçılar dülgərlərdən xahiş edirdilər ki, onlar üçün o formada gitara düzəltsinlər. Qruplar arasında transferlər də baş verirdi - məsələn, mən bir müddətdən sonra "Məşəl" qrupunun tərkibində çıxış eləməyə başladım. 1971-ci ildə bu qrup Yaşıl Teatrda keçirilən "Qızıl payız-71" festivalının diplomantı oldu.

- Əgər sovet dönəmində caz kimi elitar musiqiyə maraq göstərənlər təqib olunurdularsa, daxili azadlığın ən çoxtərəfli ifadəsi olan rok musiqisi həvəskarları öz hücrələrini tapmağa necə müfəvvəq olurdular?

- Elə rokun bu cəhəti, zahirən sadə olması hardasa köməyimizə çatırdı. İdeoloji təşkilatların diqqətini yayındırmaq üçün rok musiqisi festivalları "Fəhlə sinfinin mahnıları festivalı" adı altında keçirilirdi. Ya da həmin təşkilatlardan kimsə məşq vaxtı mahnıları eşidib etirazlarını bildirəndə musiqiçilər deyirdilər ki, bu ingilis şaxtaçılarının şaxta sahiblərinə etiraz nəğməsidi. Partiya fəalları belə azdırmalara çox həvəslə inanırdılar. Yeniliyə, fərqliliyə yamsılayıcı yox, yaradıcı maraq çox böyük idi. Rok musiqisi ilə maraqlananlar Azərbaycan mahnılarını da Qərb musiqi üslubuna aranjeman edirdilər. Məsələn, "Həştərxandan gəmi gəlir", "Aman ovçu", "Yar gəldi" "Çal oyna" və s. mahnıları. Özü də bunu təkcə Oqtay Kazımov kimi bəstəkarlar eləmirdi. Biz, rok qrupların üzvləri də özümüzü sınayırdıq, çox da qulağayatımlı alınırdı. O qrupları özfəaliyyət kollektivləri adlandırmaq da düzgün deyil. Çünki hamısı notları bilirdi. Xarici radiostansiyalarda mahnılara qulaq asıb yaddaşla ifa eləmirdilər, bütün kompozisiyaları nota köçürürdülər. Özü də o vaxt rok kollektivlərinin üzvü olanlar sonralar məsul vəzifələrdə çalışmağa başladılar...

- Yəqin razılaşarsınız ki, 70-ci illərin ortalarından bəri rok musiqisi əsl marağın yeni dalğasına hələ də həsrət qalıb. Mədəni inkişafın "qızıl" dövrü adlandırılan  60-cı illərin içdən gələn yaradıcı ovqatı yalnız fraqmental şəkildə görünüb. Halbuki və yaxşı ki, məsələn, caz haqqında belə demək olmur. Sizcə, doğrudanmı əsl səbəb rok musiqisi ifaçılarının dinləyici tapa bilməməsindədi?

- Bəli, o vaxt rok musiqisi doğrudan da əsl inkişaf dövrünü yaşadı. "Qızıl payız" festivallarının proqramı elə tərtib olunurdu ki, səhnə üç gün cazmenlərin ixtiyarında olurdu, üç gün rok musiqiçilərin, üç gün də xalq musiqisi ifaçılarının. Maraq azalanda, 73-74-də, "Allo, istedadlar axtarırıq" müsabiqəsi keçirilməyə başladı. Hesab eləmirəm ki, rok musiqsinin dinləyicisi yoxdu. Doğrudur, bizdə caz musiqisi daha yaxşı inkişaf edib. Əslində elə roku da Bakıya cazmenlər gətiriblər. Həm də roku bir musiqi janrı olaraq cazın bir növü hesab etmək olar. Roka marağın ölmədiyinin şahidi olmaq üçün Rok Mərkəzinin açılması çox yaxşı olardı. Zənnimcə, bu mərkəz Caz Mərkəzindən daha səmimi məkan kimi tanınardı.

Samirə Behbudqızı
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.













Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.