Ölkə

Ramiz Mehdiyev avqust ayından izlənilirmiş - YENİ DETALLAR

21 Oktyabr 2025 12:44
Baxış: 1 355
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ötən həftə dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd və çirkli pulların yuyulması kimi ağır ittihamlarla üzləşən Ramiz Mehdiyev vəkilləri vasitəsilə hüquqi mübarizəyə başlayıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, müdafiəçilər Mehdiyev barəsində hələ ev dustaqlığı qərarı çıxarılmazdan əvvəl verilmiş bir neçə məhkəmə qərarından apellyasiya şikayəti təqdim ediblər.

Bu məqsədlə vəkillər Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaq materialları ilə, eləcə də DTX-nin vəsatəti əsasında Səbail Rayon Məhkəməsinin qəbul etdiyi sənədlərlə tanış olublar.

Məlumatlara əsasən, həmin sənədlər arasında Səbail Rayon Məhkəməsinin 13 avqust 2025-ci il tarixində qəbul etdiyi qərar da var. Sənəddə Ramiz Mehdiyevin fəaliyyətinin izlənilməsi və əməliyyat-texniki tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Bu qərarın "boz kardinal" kimi tanınan Mehdiyevin ifşa olunmasında mühüm rol oynadığı bildirilir. Rabitə kanallarının dinlənilməsi, "Şərq-Qərb" nəşriyyatı və digər ünvanlarda aparılan axtarışlar məhz həmin qərar əsasında reallaşdırılıb.

Ehtimal olunur ki, Mehdiyev müdafiəçilərinə bu istiqamətdə xüsusi tapşırıq verib və hüquqi baxımdan bütün imkanların dəyərləndirilməsini istəyib.

Hazırda 87 yaşlı Ramiz Mehdiyev ev dustaqlığında saxlanılır. Ona qarşı irəli sürülən ittihamlar ölkə ictimaiyyətində geniş rezonans doğurub. Hələlik nə Mehdiyev, nə də ailə üzvləri yayılan ittihamlarla bağlı ictimai açıqlama verməyiblər.

Qeyd edək ki, 14 oktyabr tarixində Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, R.Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub.

Mehman Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.