Ölkə

"Şəhid olacağımı düşünüb ailəmə vida mesajı yazdım" - Vətən Müharibəsinin qazisi - FOTO

5 Dekabr 2020 12:30
Baxış: 3 894
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Vətən Müharibəmizə könüllü getmişəm. Manqa komandiri olmuşam. Döyüşlər zamanı bir səhnə məni çox incitdi. Hələ də yadıma düşəndə ürəyim parçalanır. Bir yaralı əsgərimiz var idi, dağın üstündə, üstümdəkiləri çıxartdım ki, qalxım ona komək edim. Bu an bir döyüşçü yoldaşımız gəldi mənim əlimdən tutdu, qoymadı gedim. Dedi, "Sən niyə gedirsən. Mən çıxararam yaralını oradan". Ora da təhlükəli idi, snayper tuşlayırdı. O əsgər dedi ki, "Mən yetim uşağam, ölsəm, bir şey olsa, məni gözləyən yoxdur". İcazə vermədi və özü getdi yaralını güllə altından çıxartmağa və elə orada da vurdular onu, şəhid oldu".

Bunu Milli.Az-a açıqlamasında Vətən Müharibəsinin qazisi Cəfər Abdullayev deyib.

Könüllü olaraq döyüşlərə qatılan Cəfər bildirib ki, onu yaralı vəziyyətdə döyüş yoldaşları mühasirədən çıxarıblar:

"Yaralandığım gün manqalarla açılıb hücuma keçmişdik. Plan qurulmuşdu ki, biz düşməni qabaqdan atəşə tutub vuracaqdıq. Biz o istiqamətdə hücum edənə kimi bzim kəşfiyyat düşmənin arxasına keçib onları məhv edəcəkdi. Elə oldu ki, biz düşməni önümüzdə düşündüyümüz bir məqamda sağımızdan da erməni hərbiçiləri çıxdı, bizi mühasirəyə saldılar. Qabaqdan açılan atəş bronjiletimə dəydi, sağdan açılan atəş isə dizimdən dəydi, məni haradasa metr yarım, 2 metr atdı qırağa. Amma ağrı hiss etmirdim, bircə istilik gəlirdi. Səsimi çıxarmadım, daha qışqırmağımın mənası nə idi?! Tez kitelimi çıxardıb dizlərimi bir-birinə sıxdım ki, bir az fırlanım. Çünki atəş atında idim, mühasirəyə salmışdılar. Yaralandığım döyüş yoldaşlarım mənim yaralandığımı görən kimi tez gəldilər. İndiyə kimi yadımdadır, deyirdilər ki, biz burada ölsək də səni aparıb çatdıracağıq. Mansur və Bilal adlı döyüş yoldaşlarım məni xeyli məsafə çiyinlərində daşıdılar, yol kənarına çatanda dedim ki, məni artıq buraxın. Bilal balaca, cansız bir əsgər idi. Dedim, "bizim hərbi maşınlar buradan keçir, görüb götürəcəklər". Düzü heç dəqiq bilmirdim o yoldur, o yol deyil. Onları yalvar-yaxarla yola saldım, təzədən döyüşə getdilər. 

Qaldım orada, artıq kağız kimi ağarmışam. Üstümdə də "prostoy" telefon var. Artıq şəhid olacağımı düşünüb, bir çətinliklə ailəmə vida mesajı yazdım. Mesajı Bakıda bir dostum var, ona göndərdim və dedim ki, mənim şəhid xəbərim gəlsə bu mesajı evdəkilərə verərsən oxusunlar. Orada set problemi olsa da, nə əcəbsə mesaj getdi. Mesajda psixoloji olaraq fikirlər yazmışdım, istəyirdim ailəm bilsin ki, zülmlə ölməmişəm. Birdən toz-dumana büründü, sevindim ki, bizimkilərdi, gəlib məni götürəcəklər. Birdən gördüm ki, tank dönüb başqa istiqamətə getdi, məni görmədi. Üstündən təxminən yarım saat keçdi, bir az da yolun əks tərəfinə süründüm, orada inək var idi. İnəyin yanında uzandım, bir də gördüm ki, Santikat. Santikat dayandı, düşdü bizim əsgərlər ki, məni qaldırıb maşına qoysunlar, onda bir ağrı gəldi mənə, dəhşət. Maşına mindirdilər, orada mənə bir iynə vurdular, təmiz ağrını kəsdi, heç nə hiss etmədim. Apardılar Füzuliyə, xəstəxanaya. Ondan sonrası artıq yadımda deyil. 

14 gün döyüşdə oldum, sonra yaralandım. Füzulinin azad edilməsi uğrunda döyüşə qatıldım və elə Füzuli istiqamətində də yaralandım. O 14 gün 14 il kimi gəldi. Əsgərlərimizdə əhval-ruhiyyə çox yüksək idi. Allaha yalvarırdıq ki, ölmədən erməni öldürək. Vallah orada hələ ağlımızda bir şey var idi. Əgər alnımıza ölüm yazılıbsa öləcəyik. Ona görə də güllə, minamyot, bomba heç vecmizə də deyiliydi.

Döyüşlərin ilk gunündən 7 dost hər şeyi bir yerdə edirdik. Aramızda Vüsal adında bir dostumuz şəhid oldu. 5 döyüş yoldaşım isə hələ də Şuşadadır". 

Təhməz Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.