Ölkə

Pandemiya dövrünün TƏHSİLİ - reallıqlar, çətinliklər, çıxış yolları

15 İyul 2020 18:53
Baxış: 1 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Trend-ə istinadən maraqlı analitik yazını təqdim edir:

Dünyanın, eləcə də Azərbaycanın 2020-ci illə bağlı xüsusi inkişaf planları olsa da, qəfil müşahidə edilən pandemiya nəinki bu planların gercəkləşməsinə səbəb oldu, hətta mövcud olan resursların və imkanların itirilməsi təhlükəsini yaratdı.

Pandemiya yalnız dünya iqtisadiyyatının tənəzzülə uğraması ilə deyil, həm də təhsilin mənfi təsirlərə məruz qalması ilə nəticələnir.

Dünya Bankının koronavirus pandemiyası ilə hazırladığı yeni hesabata görə, apreldə 180 ölkədə təhsil müəssisələrinin bağlanması nəticəsində 1,6 milyard şagird məktəbdən kənarda qalıb. May ayında bəzi ölkələrdə məktəblərin açılması ilə bu say 1,2 milyarda düşüb.

DB mütəxəssisləri hesab edir ki, koronavirusun yayılması 7 milyona yaxın şagirdin məktəbi buraxa biləcəyinə səbəb ola bilər.

Sənədə görə, uşaqların məktəbə getməməsinin iki mənfi təsiri var ki, bunların biri onların öyrənmək imkanlarının olmaması, digəri isə öyrəndiklərini unutmasıdır.

UNESCO-nun baş direktoru Odre Azule "Le Journal du Dimanche" nəşrinə müsahibəsində dünyadakı uşaq və yeniyetmələrin 53%-nin evdə kompüterinin, 47%-nin isə internetə çıxışının olmadığını, buna görə onlar üçün onlayn tədrisin tətbiqinin mümkün olmadığını söyləyib.

Dünya Bankının ekspertlərinin fikrincə, koronavirus iki əsas amil vasitəsilə bütün dünyada təhsil sahəsindəki irəliləyişi təhdid edir ki, bunun biri bütün səviyyələr üzrə məktəblərin tam bağlanması, digəri mübarizə tədbirlərindən irəli gələn iqtisadi tənəzzüldür.

Onların qənaətinə görə, dövlətlər tez bir zamanda davamlı öyrənmənin dəstəklənməsinə keçsələr, zərərin azaldılmasını, hətta tədrisin bərpasını yeni imkanlara çevirə bilərlər. Ekspertlərin buna nail olmaq üçün dövlətlərə etdiyi təkliflərdən biri məsafədən təhsil vasitəsilə tələbələrin öyrənmə itkilərinin qarşısını almaqdır.

İlkin tədbirlər

Azərbaycan koronavirus pandemiyasının təhsil sisteminə mənfi təsirlərinin qarşısını almaq üçün tədbirlərin görülməsinə çox erkən başlayıb. Ölkədə COVİD-19-a ilk yoluxma faktı qeydə alındıqdan sonra - martın 3-dən bütün təhsil müəssisələrində təlim-tədris dayandırılıb. Azərbaycanın bütün ərazisində təlim-tədris prosesinin dayandırılması pandemiyaya qarşı mübarizədə ən birinci qəbul edilən qərarlardan idi. Bundan 7 gün sonra-martın 11-dən isə Təhsil Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə teledərslərin keçirilməsinə başlanılıb.

Təhsil nazirinin müşaviri Elnur Məmmədovun sözlərinə görə, inkişaf edən ölkə olan Böyük Britaniyada məktəblər mart ayının 20-dən bağlanılsa da, teledərslərə məktəblərin bağlanmasından düz 1 ay sonra başlanılıb. Böyük Britaniya 20 aprel tarixindən BBC kanalında bütün ölkədə yayımlanan teledərslərə start verib.

Nazir: Bu, Azərbaycanın çevik reaksiya verməsinin göstəricisidir

Təhsil naziri Ceyhun Bayramov deyib ki, Azərbaycanın bütün ərazisində təlim-tədris prosesinin dayandırılması qərarı qəbul edilən zaman dünyanın cəmi 12 ölkəsi oxşar qərar qəbul etmişdi. Daha sonra dünyanın 191 ölkəsi belə qərar verdi.

Nazirin fikrincə, bu, Azərbaycan dövlətinin pandemiya ilə mübarizəyə nə qədər çevik reaksiya verməsinin göstəricisidir.

Yalnız öyrənməyiblər, həm də biliklərini yoxlaya biliblər

C.Bayramovun sözlərinə görə, koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Təhsil Nazirliyi (TN) tərəfindən atılan çevik addımlar nəticəsində Azərbaycan bölməsində, daha sonra isə rus bölməsində teledərslərə start verildi. Ölkədə 1 milyon 600 min şagird teledərslərdən yararlana bilib. Teledərslərin interaktivliyini təmin etmək və məsafədən tədris imkanlarını genişləndirmək məqsədilə isə TN aprelin 2-dən "Virtual məktəb" layihəsinə start verib ki, bu portal vasitəsilə şagirdlər həftəiçi teledərslərdə tədris olunan mövzulara əsasən hazırlanmış ev tapşırıqlarını yerinə yetirə, öz biliklərini yoxlaya və əlavə tədris resurslarından faydalana biliblər. "Virtual məktəb" portalında müəllimlər tərəfindən onlayn dərslərin keçirilməsi üçün də imkan yaradılıb.

C.Bayramov hesab edir ki, təhsil sahəsində görülən bu tədbirlər koronavirus pandemiyasının təhsil sisteminə mənfi təsirlərinin qarşısını aldı.

Qeyd edək ki, ölkənin ən iri milli onlayn platforması olan "Virtual məktəb" platformasının istifadəyə verilməsi nəticəsində 1 milyondan çox müəllim və şagird onun imkanlarından istifadə edə bildi. Şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaq üçün aprelin 15-dən başlayaraq, hər həftə ərzində keçirilən "Virtual əlaçı" bilik yarışması portalın ən müsbət tərəflərindən biri hesab edilə bilər. Həmin platforma üzərindən hər həftə şagirdlər arasında keçirilən "Virtual əlaçı" müsabiqəsinin yüz minlərlə iştirakçısı, 149 qalibi olub.

"Virtual məktəb" platformasının imkanlarından hazırda da istifadə edilir. Təhsil Nazirliyinin təşkilatçılığı ilə hazırda keçirilən "Abituriyentlər üçün teledərslər"in "Virtual məktəb" portalına əlavə edilməsi abituriyentlərə imtahana daha yaxşı hazırlaşmağa imkan verəcək.

"Virtual məktəb" portalında yay aylarında məktəbdənkənar fəaliyyət, abituriyentlər üçün video məzmun, müəllimlər üçün ixtisasartırma və şagirdlər üçün karyera seçimi üzrə onlayn tədbirlər də keçiriləcək.

Rektor: Ali və orta ixtisas təhsili müəssisələrində onlayn platformalar üzərindən dərslərin təşkili uğurla təmin edilib

Pandemiya dövründə təhsil proqramlarının mənimsənilməsinin təmin edilməsi məqsədilə Təhsil Nazirliyinin tövsiyəsinə uyğun olaraq, ali və orta ixtisas təhsili müəssisələrində müxtəlif onlayn platformalar üzərindən dərslər təşkil edilib ki, onlara da 100 mindən artıq tələbə və professor-müəllim heyəti qoşulub.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, ötən müddət ərzində ali və orta ixtisas təhsili müəssisələrində müxtəlif onlayn platformalar üzərindən dərslərin təşkili uğurla təmin edilib:

"Ümumi təhsil müəssisələrində yekun qiymətləndirmələrin aparılması, buraxılış imtahanlarının təşkili, ali təhsil müəssisələrində və təhsilin digər pillələrində yay imtahan sessiyaları ilə bağlı aidiyyatı qurumlar tərəfindən düzgün qərarlar qəbul edildi. Bu kontekstdə mən ayrı-ayrı təhsil müəssisələrinin də tələbələr üçün etdiyi güzəştləri yüksək qiymətləndirirəm. Tələbələrin lehinə bir çox önəmli qərarlar qəbul edildi, ali təhsil müəssisələri istər onlayn dərslərdə iştirakla bağlı, istər imtahan və buraxılış işləri ilə bağlı, istərsə də təhsil haqqı ilə bağlı yumşaldıcı tədbirlər həyata keçirdi".

Azərbaycanın təhsil platforması UNESCO-nun siyahısında

Pandemiya dövründə Azərbaycanın təqdim etdiyi təhsil platforması UNESCO tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, dünyada COVID-19 pandemiyasının yayılması ilə əlaqədar UNESCO-nun rəsmi saytında (https://en.unesco.org/covid19/educationresponse/solutions) şagirdlərin öyrənmə prosesini asanlaşdırmaq məqsədilə distant təhsil platformaları, elektron portallar və təlim tətbiqlərinin siyahısı təqdim edilib. Ölkəmizdə tətbiq edilən hesablama təfəkkürü və riyazi bacarıqların inkişafına xidmət edən "Polyup" platforması da bu siyahıya daxil edilib.

Pandemiya tədrisin formatını dəyişdi

Hesab etmək olar ki, pandemiya ümumilikdə dünyada tədrisin formatını dəyişdi. Dünya İqtisadi Forumu da bəyan edib ki, COVID-19 bütün dünyada təhsil müəssisələri üçün katalizator olub.

Bu böhran cəmiyyəti təhsilin təşkil edilməsi barədə yenidən düşünməyə də vadar edir.

Ümumən, bu qənaətə gəlmək olar ki, əslində, koronavirus pandemiyasının bütün sahələrə, o cümlədə təhsilə mənfi təsirləri olsa da, o, bu sahədə onlayn/distant təhsilin tətbiqi imkanlarını üzə çıxardı və hətta bu imkanların tətbiqini tezləşdirdi.

 

İlkin mərhələdə müəyyən texniki problemlər nəzərə alınmazsa, bu təhsil formasının özünün imkanları ilə dünyanın, o cümlədən də Azərbaycanın təhsil sistemini kritik situasiyadan çıxardığını söyləyə bilərik.

Bakı Slavyan Universitetinin prorektoru, professor, əməkdar müəllim Telman Cəfərov hesab edir ki, pandemiya ilə əlaqədar belə bir məcburi və gözlənilməz tədris şəraitinin ortaya çıxması 10 ildən artıq böyük bir zaman kəsiyində kredit sistemi ilə tədrisin təşkilinə keçmiş Azərbaycan universitetlərinin hansı müsbət dəyişikliklərə uğradığını, hansı innovativ yanaşmalara, elmi-metodiki yeniliklərə, tədris-təlim-məlumat resurs bazalarına, insan (kadr-mütəxəssis) resurslarına, maddi-texniki-internet imkanlarına, müəllim-tələbə mobilliyi təcrübə və düşüncəsinə, tədrisdənkənar maliyyə cəlbetmə qabiliyyətinə malik olduğunu üzə çıxartdı:

"İllərdən bəri orta və ali təhsildə böyük səy və israrla beş ildən bir tətbiq etdiyimiz yeni tədris standartları, kurikulumlar, müxtəlif təhsil pillələri və səviyyələrinin məzunları üçün kompetensiyalar, valideynin tədris prosesinin üç əsas iştirakçısından biri olması, şagird və tələbənin əlinin altında olan dərsliklərimizin və digər tədris vəsaitlərinin, eləcə də elektron mənbələrin minimum tədris standartları tələblərinə cavab verib-vermədiyi və sair məsələlərin hansı vəziyyətdə olduğu barədə də düşünmək imkanı qazandıq... Digər əsas məqam isə təhsilalanların online tədris fəaliyyətinin mütəmadi olaraq qiymətləndirilməsi, testdən və sorğudan keçirilməsinin mümkünlüyüdür. Bizə elə gəlir ki, onlayn tədris fəaliyyətinin gələcəkdə tələbələrin cari fəaliyyətinin qiymətləndirilməsi və aralıq qiymətləndirmədə nəzərə alınması vacib məqamdır. Bunun ali təhsil qanunvericiliyi üzrə hüquqi-normativ aktlarda təsbitinə ehtiyac var. Nəzərə alaq ki, hər bir tədris proqramının müddəti var və bu müddətin vaxtında tamamlanması, ilk növbədə, təhsilalanların və onların valideynlərinin marağında olmalıdır".

Distant ali təhsilin postkoronavirus mərhələsi indidən müzakirə edilməlidir

UNEC-in rektoru Professor Ədalət Muradov bildirib ki, bu gün distant təhsilə deyil, distant təhsili tətbiq edə bilməyən ali təhsil müəssisələrinə münasibət müsbət deyil. Ona görə də distant ali təhsilin postkoronavirus mərhələsi indidən müzakirə edilməli və beynəlxalq təcrübə nəzərə alınmaqla vacib və zəruri olan qaydalar hazırlanmalıdır. Həmin qaydalar distant təhsilə tələbələrin qəbulundan məzun olmasına qədər bütün məsələləri özündə ehtiva etməlidir.

Təhsil sistemimiz çətinliklərdən üzüağ çıxdı

Təhsil eksperti Elçin Süleymanovun sözlərinə görə, ümumilikdə Azərbaycan təhsil sistemi pandemiya ilə əlaqədar yarananan çətinliklərdən üzüağ çıxdı.

Ekspert hesab edir ki, pandemiya dövründə distant təhsilə keçilmə şagird və tələbələrin, eləcə də müəllimlərin texnologiyalardan istifadə etmək bacarığını artırdı, bu baxarığı olmayanlar isə onu əldə etdilər.

Pandemiya dövründə qazanılan təcrübələrdən istifadəyə gəldikdə, E.Süleymanov əlavə edib ki, pandemiya ilə əlaqədar tədris ili müddətində istifadə edilən xüsusi proqramlar vasitəsilə gələcəkdə xaricdəki müxtəlif sahələr üzrə dərs keçən qabaqcıl müəllimləri ölkəmizdə tədris prosesinə cəlb etmək olar.

Onun sözlərinə görə, onlayn təhsil xüsusilə ali məktəblər üçün yeni imkanlar yaradır. Onlar bu proqramlar vasitəsilə müəyyən səbəblərdən Azərbaycana gələ bilməyən təhsilverənləri tədris prosesinə cəlb edə bilərlər. Bununla yanaşı, onlayn proqramlar ikili diplom proqramlarının tətbiqi zamanı da aktiv istifadə oluna bilər. Universitetlər bu proqramlarla eyni zamanda beynəlxalq layihələrdə, konfranslarda iştirak edə bilərlər.

Ekspertin fikrincə, gələcəkdə distant təhsil alternativ üsul kimi deyil, tədris prosesinə dəstək kimi istifadə edilə bilər. Distant formada dərslərin keçirilməsi müəyyən səbəblərdən təhsildən kənarda qalanların təhsilə cəlbi üçün də mütərəqqi bir metod ola bilər.

Pandemiyanın üzə çıxardığı reallıq və gələcək

Pandemiya ilə əlaqədar ali məktəblər tərəfindən onlayn tədrisin təşkili zərurəti ortaya başqa bir reallığı - bütün məktəblərin distant təhsilə tam hazır olmadığını da üzə çıxardı.

Təhsil naziri Ceyhun Bayramov bildirib ki, əksər ali təhsil müəssisələri tədrisin dayandırılması prosesinə çox tez reaksiya verdi:

"Burada reallıq ondan ibarətdir ki, ali məktəblərimizin mövcud vəziyyətə hazırlıq səviyyəsi eyni deyildi. Elə ali təhsil müəssisələri var idi ki, onlar çox hazırlıqlı idilər, onların elektron platformaları mövcud idi, əksər materialları elektron platformada yerləşdirmişdi. Distant təhsil mərkəzləri mövcud olan ali məktəblərimiz də var idi. Ancaq yaxşı xəbər ondan ibarətdir ki, ilk günlərdə bir o qədər yaxşı hazırlıq səviyyəsi olmayan digər ali məktəblər də bu prosesə çox operativ şəkildə qatıldılar".

Nazir bu fikirdədir ki, pandemiya dövründə ali təhsil müəssisələrində distant təhsil daha da aktuallaşdı: "İnanıram ki, bu, növbəti mərhələ üçün uğurlu bir təcrübə oldu. Gələcəkdə distant təhsil daha geniş tətbiq olunacaq".

Pandemiyanın gətirdiyi maliyyə problemləri

Pandemiya yeni başlanıldığı zaman müəllimlər əməkhaqlarının, tələbələr isə təqaüdlərinin ödənilməyəcəyindən narahat olsalar da, Təhsil naziri Ceyhun Bayramov bu narahatlığa əsas olmadığını açıqladı.

Nazir hələ mart ayında verdiyi açıqlamada bildirmişdi ki, pandemiya ilə əlaqədar tədrisin dayandırıldığı müddət üçün müəllimlərə əməkhaqları, tələbələrə təqaüdlər əvvəlki qayda ilə ödəniləcək.

Pandemiya dövründə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi isə dövlətin belə ailələr üçün tətbiq etdiyi ən mühüm dəstək mexanizmlərdən biri hesab olunur. Tələbələrin bu güzəştdən rahat istifadə edə bilməsi, eyni zamanda hazırkı dövr üçün mühüm olan insan təmasından uzaq olması üçün onlayn platforma (http://e-telebe.edu.az ) hazırlanaraq istifadəyə verildi. Dövlət bu kateqoriyadan olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə 40 milyon manat kompensasiya ayırmağı nəzərdə tutur.

Pandemiyaya görə edilən güzəştlər

Pandemiya bu il Azərbaycan təhsilində bəzi tədbirlərin ilk dəfə həyata keçirilməsinə, eyni zamanda müəyyən güzəştlərin tətbiqinə səbəb oldu.

Pandemiya ilə əlaqədar bu il 9-cu sinif buraxılış, orta ixtisas və ali təhsil müəssislərinə qəbul qaydalarında müvəqqəti dəyişikliklər edildi.

Martdan sonra keçirilən mövzuların qəbul imtahanlarının proqramlarına daxil edilməməsi də pandemiya ilə əlaqədar tətbiq edilən güzəştlərdəndir.

Bu il pandemiya ilə əlaqədar olaraq, birinci sinfə qəbulla bağlı müsahibələr onlayn qaydada, imtahanlar fərqli formatda keçirilib, xaricdə təhsil almaq istəyən bəzi məzunlara attestatlar buraxılış imtahanında iştirak edilmədən verilib, "Son zəng" ilk dəfə virtual şəkildə təşkil olunub.

Pandemiya dövründə interaktiv metodlardan istifadə yolu ilə şagirdlərin asudə vaxtlarının təşkili də çox təqdirəqlayiq hesab edilə bilər.

Pandemiya dövründə Təhsil Nazirliyi tərəfindən onlayn platformalarda ölkədaxili və beynəlxalq səviyyəli yarışların, yaradıcılıq müsabiqələrinin, sərgilərin, "dəyirmi masa"ların keçirilməsi, hətta may ayında "Türk dünyası muzeylərinin həftəsi" proqramı çərçivəsində virtual olaraq, dünya muzeylərinə ekskursiyaların edilməsi məktəbdənkənar fəaliyyət, müəllimlərin ixtisasının artırılması, məzmunun uyğunlaşdırılması, təhsilalanların motivasiyasının artırılması istiqamətində 1000-dən çox müəllimin distant təhsil mövzusunda onlayn təlimlərə cəlb olunması təhsilverənlərin bacarıqlarının artırılması baxımından mühüm layihələrdəndir.

PS. Yazıda istifadə edilən multimedia vasitələri Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə məxsusdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.