Ölkə

Orqan alverinə qarşı konvensiya ratifikasiya edildi

20 Fevral 2026 11:54
Baxış: 353
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli Məclis Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyasını ratifikasiya edib.

Milli.Az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.

Bildirilib ki, Avropa Şurasının "İnsan orqanlarının alverinə qarşı Konvensiyası" 25 mart 2015-ci il tarixində Santiaqo-de-Kompostela şəhərində imzalanıb. Konvensiya preambula və 33 maddədən ibarətdir.

Konvensiyanın məqsədi insan orqanlarının alverinin qarşısının alınması və onunla mübarizə aparılması, bu sahədə müəyyən əməllərin kriminallaşdırılmasının təmin edilməsi, habelə qurbanların hüquqlarının müdafiəsi və tərəflər arasında milli və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir. Konvensiya transplantasiya məqsədləri və digər məqsədlər üçün insan orqanlarının alverinə, həmçinin qanunsuz götürülmə və qanunsuz implantasiya formalarına tətbiq edilir.

Konvensiyada insan orqanlarının qanunsuz götürülməsi və bu cür orqanlardan istifadənin qarşısının alınması, donor və resipientin qanunsuz axtarışı və cəlb edilməsi, qanunsuz üstünlüklərin təklif və ya tələb edilməsi, habelə qanunsuz götürülmüş orqanların hazırlanması, saxlanması, daşınması, ötürülməsi, qəbulu, idxalı və ixracı kimi əməllərlə bağlı cinayət məsuliyyətinin müəyyən edilməsi nəzərdə tutulur. Eyni zamanda bu cinayətlərin törədilməsinə köməkçilik, təhrikçilik və cəhd halları da əhatə olunur.

Konvensiyada cinayətlərin istintaqı və təqibi, qarşılıqlı hüquqi yardım və ekstradisiya məsələləri, habelə beynəlxalq əməkdaşlığın təmin edilməsi ilə bağlı müddəalar təsbit edilib. Sənəddə həmçinin cinayət nəticəsində əldə edilmiş gəlirlərin müsadirəsi, zərərçəkmiş şəxslərin hüquqlarının qorunması, onların fiziki, psixoloji və sosial bərpasına yardım göstərilməsi, eləcə də şahidlərin müdafiəsinin təmin olunması ilə bağlı müddəalar əks olunub.

Konvensiyanın nəzarət mexanizmi çərçivəsində Konvensiyanın icrasına nəzarət və tətbiqi təcrübəsinin mübadiləsi məqsədilə Tərəflər Komitəsi yaradılır. Bu komitə Konvensiyanı ratifikasiya etmiş dövlətlərin nümayəndələrindən ibarət olur və onun vəzifələrinə Konvensiyanın tətbiqinə nəzarət etmək, tətbiq prosedurlarını müəyyənləşdirmək və fəaliyyət qaydalarını təsdiq etmək daxildir.

Azərbaycan Konvensiya ilə bağlı bəyan edib ki, Konvensiyanın müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşanadək Ermənistana münasibətdə tətbiq edilməyəcək.

"Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası"nın təsdiq edilməsi haqqında" qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib./Trend.Az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.