Ölkə

Dövlət keyfiyyətli kadr hazırlığı üçün daha çox vəsait xərcləyəcək

11 Sentyabr 2024 13:00
Baxış: 277
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məlum olduğu kimi, Nazirlər Kabineti tərəfindən ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura, eləcə də doktorantura (dissertantlıq istisna olmaqla) səviyyəsində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı yeni redaksiyada təsdiqlənib.

Milli.Az "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, bu günlərdə təhsil ictimaiyyətinə təqdim olunan sənəddən də göründüyü kimi, ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin müvafiq təhsil səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı dəyişir.

Bakalavr təhsil səviyyəsində hər təhsilalana düşən təhsil haqqı xərcləri 22, magistratura üzrə 26 faiz artırılıb. Doktorantura səviyyəsi üzrə bu artım 60 faiz təşkil edir.

Qeyd edilməlidir ki, təhsilin ayı-ayrı səviyyələri üzrə bir təhsilalana düşən illik xərclərin miqdarı ilə bağlı danışarkən, ilk növbədə, yeniliyin heç də təhsil haqlarının artması və ya bunun üçün əsasın yaradılması ilə bağlı olmadığını qeyd etmək lazımdır. Söhbət ondan gedir ki, bu yenilik son illərin qlobal ali təhsil mənzərəsində baş verən sürətli dəyişikliklər - yeni, müasir ixtisasların yaradılması, yeni təcrübi və innovativ tədris metod və vasitələrin daim modernləşməyə can atan ali təhsil sisteminə sürətli transformasiyası ilə bağlıdır. Bu sürətli transformasiya da təbii ki, bu sahədə mövcud olan qanunvericilik sənədlərində, qərarlarda çevik dəyişiklik tələb edir. Bu baxımdan, dövlət ali təhsil müəssisələrində təhsilin ayrı-ayrı səviyyələri üzrə bir təhsilalana düşən xərclərin miqdarı ilə bağlı siyasətə yenidən baxmalı idi. Bu proses hazırda dünyanın müxtəlif ali təhsil sistemlərində baş verir və hökumətlərin dəyişikliklərə çevik reaksiyası ilə müşahidə olunur.

İlk növbədə, bu dəyişikliklər və onları əsaslandıran şərtlər cəmiyyət üçün şəffaf şəklidə baş verir. Dövlətin bu sahədə hər hansı dəyişikliyi şərtləndirən qərarları ciddi tədqiqatlara, müzakirələrə və mütəxəssis rəylərinə əsaslanır.

Bütün bu dəyişikliklər əslində artıq bir neçə ildir ki, dünyanın beyin mərkəzləri (Ümumdünya İqtisadi Forum, Dünya Bankı,  OECD və s.) tərəfindən işlənib hazırlanmış hesabatlarda da əksini tapmış yeni ixtisasların gələcəyi və ali təhsildə yeni maliyyələşmə mexanizmlərinin qaçınılmazlığı ilə bağlı müddəalarda da öz əksini tapır.

Söhbət ondan gedir ki, sürətli dəyişikliklər dövründə ixtisasların yenilənməsi ilə yanaşı, maliyyə resurslarının da yenidən gözdən keçirilməsi baş verir və bu iki proses yanaşı gedir.

İndiki halda isə ali təhsil sahəsində hər bir təhsilalana düşən illik təhsil xərclərindəki artım (dövlətin xərcləri anlamında) mövcud reallıqların nəzərə alınması zərurətindən irəli gəlir.

Bir xüsusi  məqamı da vurğulamağa dəyər. XXI əsr ali təhsili müasir səriştə və bacarıqlara sahib mütəxəssislərin hazırlanmasına yönəlib. XXI əsr məzunu əmək bazarına hansı hazırlıq səviyyəsində daxil olur? Burada, artıq, söhbət ali təhsil sisteminin məzunlarının əmək bazarına hansı keyfiyyətdə hazırlanmasından gedir. Yüksək biliyə malik, səriştəli, bacarıqlı məzun isə yüksək texnologiyalı, müasir infrastrukturla təchiz edilmiş, müasir kitabxana, əlavə və köməkçi  tədris laboratoriya və kabinetlərdə təhsillənməklə əmək bazarı üçün cəlbedici olur. Bu isə, təbii ki, özünü bəzi təhsil səviyyələri və ixtisas sahələri üzrə dövlət büdcə xərclərinin artırılmasını labüd edir.

Ümumiyyətlə, ali təhsil səviyyələri üzrə fərqli artım templəri də başadüşüləndir. Çünki bəzi sahələr üzrə xərclər bir çox amillərdən, ilk növbədə isə hazırlıq istiqamətindən asılıdır.

Dövlət xərclərinin formalaşması standartları bütün ixtisasları üç qrupa ayırır: 

- Birinci qrupa təlimin xüsusi avadanlıq tələb olunmadığı sahələr daxildir. Bunlar iqtisadiyyat, statistika, pedaqogika, psixologiya, tarix, fəlsəfə, hüquq və s.

- İkinci qrupa mühəndislər, memarlar, kimyaçılar və İT mütəxəssisləri hazırlayan proqramlar daxildir. Belə mütəxəssislərin hazırlanması xərcləri birinci qrupdan daha yüksəkdir.

- Üçüncü qrupa təlimin mürəkkəb avadanlıq tələb etdiyi sahələr daxildir: nüvə fizikası və energetikası, aviasiya və raket mühəndisliyi, klinik tibb, genetika, həmçinin idmançıların, mədəniyyət və incəsənət xadimlərinin hazırlanması proqramları. Belə mütəxəssislərin hazırlanması ən bahalıdır.

Bu gün ömrünü başa vurmaqda olan bəzi ixtisas və peşə sahələrinin yeniləri ilə əvəz olunması, eləcə də ənənəvi ixtisas sahələrinin güclü modernləşmə, təkmilləşmə, maliyyə resurslarından balanslı və optimal istifadə olunması mərhələsindən keçir ki, bu da hökuməti bu sahədə ciddi və adekvat tədbirlər görməyə, yeni çağırışlar nəzərə alınmaqla öz siyasətini yenidən gözdən keçirməyə vadar edir.

Çünki keyfiyyətli məzun hazırlığı hər bir təhsilalana düşən təhsil xərclərinin artım tempi ilə korrelyasiya təşkil edir və bu artım ali təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.