Ermənistan

Bayatıya coşan İran, Danielyanın şok ittihamına niyə susur?

30 Sentyabr 2022 18:44
Baxış: 1 312
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda səslənən "Arazı ayırdılar" bayatısına dərhal xarici işlər naziri səviyyəsində reaksiya verən İran nədənsə Ermənistan mətbuatında dərc olunan ifşa materialına səssiz qalıb. Erməni politoloq Stepan Danielyanın şok açıqlaması dedi ki, 44 günlük müharibədə İranın Ermənistana verdiyi bir neçə təklif müharibənin mahiyyətini və nəticəsini dəyişə bilərmiş, amma İrəvan həmin təkliflərdən imtina edib. Politoloq əslində, bu sensasion məlumatı İranı "vurmaq" üçün deyil, Paşinyan hakimiyyətinə zərbə vurmaqdan ötrü açıqlayıb.

Sitat: "Ermənistan cəmiyyəti baş nazir Nikol Paşinyanın 44 günlük müharibədə İranın hansı təkliflərindən imtina etdiyini bilsə, şoka düşəcək: "Sual yaranır: niyə imtina edildi?"

Özü də Danielyanın gətirdiyi arqumentlər çox inandırıcıdır. Vaxtilə biz də ABŞ-ın Ermənistanla bağlı planlarından çox yazmışıq, həmçinin 2018-ci ildə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonun İrəvana səfərindən. Erməni politoloq deyib: "2018-ci ildə Ermənistana səfəri zamanı Bolton erməniləri stereotiplərdən qurtulmağa çağırıb, ABŞ-ın Ermənistan və ermənilərin Türkiyəyə münasibətində maraqlı olduğunu bildirib. Bolton indiki hakim rejimin Ermənistanda hakimiyyətə gəlməsini dəstəkləmək üçün ödəməli olduğu qiyməti deyib. Bu, 2018-ci ildə hakimiyyət dəyişikliyi üçün şərt idi".

Demək, "Soros uşağı" statusunu almış Paşinyan İranla hərbi əməkdaşlığa ABŞ-ın xətrinə dəyməmək üçün getməyibmiş. Hələ qaranlıqda nə qədər həqiqətlər gizlənir, zaman-zaman açılacaq. Amma İran susur, bu iddiaları yalanlamaq üçün cəhd belə, göstərmir. Bəlkə "min illərdir" (?) münasibətlərdə olduqları ermənilərin xətrinə dəyməmək üçün üstündən sükutla keçirlər, yoxsa elə fakt açıqlanıb ki, onları təkzib etmək cəhdi əks effekt yarada, digər ifşaedici faktlar da ortaya çıxa bilər.

Milli.Az yeni müsavat-a istinadən xəbər verir ki, İranın Qarabağ siyasəti bizə çoxdan bəllidir. Çox da uzaqlara ekskurs etməyə ehtiyac yoxdur. Şuşanın işğalı elə məhz İranın Azərbaycan və Ermənistan arasında vasitəçilik etdiyi gündə baş verdi. Məntiqlə Tehran bu cür alçaqlığa görə Ermənistanın üzünə tüpürməli, belə haramzadə, zinadan əmələ gələnlərlə salaməleykə son qoymalı idi. Amma əksini gördük, İran günbəgün Ermənistanı öz ağuşuna alma siyasəti yürütdü. Hətta Azərbaycandan fərqli olaraq, Ermənistan İsraildə səfirliyini açdıqdan sonra da ermənilərə "gözün üstə qaşın var" deyən olmadı. Əksinə, İran Azərbaycanın Qərbi Zəngəzura doğru hərəkət edə biləcəyindən ehtiyatlanıb, Qafanda tez-tələsik baş konsulluğunu açdı. Adam düşünür, kim bilir, bəlkə Tehran rejimi şah Qacarın Şuşadakı müsibətinə cavab olaraq Pənahəli xanın yurdunu erməniyə yurd etmək üçün plan cızıbmış...

Kimlərsə əksini iddia edə bilər. Amma axı gedişat başqa şeylər deyir. Məsələn, 14 oktyabr 2019-cu ili xatırlayaq. Həmin gün Şuşada Yuxarı Gövhər Ağa məscidinin "təmir-bərpası"ndan sonra açılış mərasimi keçirilmişdi. Məscidin 5 il çəkən (2014-2019) "təmiri"ni kim həyata keçirmişdi? Yada salaq: erməni əsilli Rusiya biznesmeni Ruben Vardanyanın (bir müddət əvvəl Rusiya vətəndaşlığından imtina edib, Xankəndiyə köçən-E.P.) "İDEA" fondunun maliyyə yardımı ilə İranın "Part Saman Jahan" memarlıq şirkəti! Hədəf nə idi? 1883-cü ildə, Kərbəlayi Səfi Xan Qarabağinin memarlığı əsasında tikilən "Yuxarı Gövhər Ağa" məscidini "İran memarlığının nümunəsi" olaraq təqdim etmək! Açılış mərasimində separatçı qurumun ovaxtkı başçısı Bako Saakyan beləcə demişdi: "İran İslam Respublikasında bizim monastır və kilsələr qorunur. Biz də Artsax ərazisində, həmçinin Şuşada İran mədəniyyət abidələrinin bərpası ilə məşğul oluruq. Bu, İran-erməni dostluğunun nümunəsidir".

Bunun qarşılığında İrandan hər hansı etiraz-filan eşitdikmi? Qəti şəkildə! Hətta içimizi yandıran bu alçaq davranışla bağlı İranın Azərbaycandakı səfirliyinə hər dəfə sorğu ilə müraciət edəndə onlarda bu barədə məlumat olmadığını deyir, belə xəbərləri "İran-Azərbaycan dostluğunu pozmaq istəyən qüvvələrin" işi sayırdılar.

Məsələ o yerə çatdı ki, həmin vaxt Şuşa məscidinin "bərpası" adı altında Ermənistan tərəfindən İranın "Part Saman Jahan Co" şirkətinin işə cəlb edildiyinə rəsmən etirazını bildirdi. Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri olan Hikmət Hacıyev dedi ki, məsələ ilə əlaqədar Azərbaycanın İrandakı səfirliyi İran Xarici İşlər Nazirliyində bir neçə dəfə görüş keçirib, Azərbaycanın narahatlığını çatdırıb və sözügedən şirkətin Azərbaycan-İran əlaqələrinin ruhuna zidd olan qanunsuz fəaliyyətinin qarşısını almaq üçün zəruri və təsirli addımların atılmasının vacibliyini qeyd edib. Həmçinin "İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə də Xarici İşlər Nazirliyinə çağırılıb və sözgedən şirkətin qanunsuz fəaliyyətinin qarşının alınmasının zəruriliyi bildirilib".

Amma rəsmi Bakının gözləntilərinə rəğmən İran nəinki Şuşada cinayətkar fəaliyyətə yol verən şirkəti cəzalandırdı, hətta dolayı yollarla bu cinayəti malalamağa çalışdı.

Necə ki, İrəvanda "sağ" qalmış "Göy Məscid"imizi, 1776-cı ildə İrəvan xanlığının xanı Hüseynqulu xan Qacarın tikdirdiyi abidəmizi də 1995-2006-cı illərdə İran tikinti şirkətlərinin köməyi ilə "bərpa" etmişdilər, o vaxtdan İranın Ermənistandakı "mədəniyyət mərkəzləri"ndən birinə çeviriblər. Hətta Ermənistan bizim məscidi İrana 99 illiyə icarəyə verib.

Azərbaycan Prezidenti Şuşaya son səfəri zamanı Yuxarı Gövhərağa məscidində aparılan təmir-bərpa işləri ilə də maraqlandı. Dövlətimiz məscidimizin əvvəlki simasını yenidən özünə qaytarır, dövlət başçısı demişkən, bizə lazım deyil onların təmiri! İransa bu "təmir"ə görə hələ də üzr istəməyib Azərbaycan xalqından və dövlətindən.

İranın Azərbaycana qarşı bir xəyanətini də xatırlayaq: 2020-ci ilin 17 oktyabrında Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Xudafərin qəsəbəsini işğaldan azad etdilər və bayrağımızı qaldırdılar. Sonradan məlum oldu ki, o zaman ordumuzun əməliyyatı gecikib, səbəbi Ermənistan yox, İran olub! Su bəndinin yanından keçərək Zəngilana hərəkət edən ordumuzun ön dəstələrini qəfildən iranlı hərbçilər qarşılayıbmış! Təsəvvür edin! Bəhanələri də bu olub ki, "Biz su bəndini qoruyuruq".

 Azərbaycan ərazisində! Ordu rəhbərliyi 14 km uzaqlıqdakı, 19 oktyabrda azad olunduğu bəyan edilən Soltanlı kəndinə qayıdılır. Sonra isə 20 kilometrlik dövrə vuraraq E-002 yolu ilə hədəfə doğru irəliləyişə başlanır.
Təsəvvür edin! Məscidlərimizdə donuz saxlayanları xilas əməliyyatı keçirib İran! Vaxt qazanan düşmən neçə hərbçimizi şəhid edib... Ermənistanın sərhədlərini "qırmızı xətt" sayan İran bəs, Azərbaycan sərhədlərini niyə pozubmuş, sualına cavab verən yoxdur.

Türkiyədə nəşr olunan "Türkiye" qəzetində "Ermənilərə İrandan radar dəstəyi" yazısı xatirinizdədirmi? Müəllif Yılmaz Bilgenin yazırdı ki, Cəbrayıl rayonu ərazisindəki Xudafərin körpüsünə paralel xətdə yerləşdirilən və əksəriyyəti radioelektron mübarizə sistemləri üzrə texniki mütəxəssislərdən ibarət olan iranlı hərbçilər Azərbaycanın pilotsuz döyüş və kəşfiyyat təyyarələrinin, pilotlu aviasiyasının və vertolyotlarının hava trafikini, bölgədə döyüş aparan Azərbaycan əsgərlərinin ratsiya tezliklərini izləyib. Həmin qaynaq İranın Araz çayı sahilində quraşdırdığı müasir radar və radioelektron mübarizə sistemləri vasitəsilə əldə edilən məlumatları Ermənistan silahlı qüvvələrinin Baş qərargahına ötürdüyünü bildirib.

Həmin İran bu gün ardıcıl məlumatlar yayır ki, guya Azərbaycanla sərhəddə, Xudafərində silahlı şəxslər aşkarlanıb, daha nələr...Azərbaycandan "xarici düşmən" obrazı formalaşdırmağa çalışır fars şovinistləri. Çox heyif, Azərbaycan öz ərazisindən İrana qarşı istifadə olunmasın deyə, nə qədər təzyiqlərə dözdü illər boyunca, bu da "mükafat"ı. Təsəvvür edin, terrorçu rejim Ermənistanda, uşaq qatilləri, məscid dağıdanlar, Allahın evində ferma saxlayanlar orda, hədəf Azərbaycandır!   

İran ötən illərdə Azərbaycanın daxilində də təfriqələr salmaq üçün çoxsaylı ssenarilər cızıb, buradakı uzantıları, 5-ci kolonu vasitəsilə ölkəmizi qarışdırmağa, nifaq salmağa çalışıb. Gəncə hadisələri hər birimizin yadındadır, baş verənlərin bir ucu gedib İrana çıxmadımı? Bu gün qaçıb İrana sığınan Azərbaycan vətəndaşları da var ki, onlar da buyruq qulu olaraq ən müxtəlif ssenarilərdə rol olmağa hazırdırlar. Dövlətimizi sarsıtmağa yönəlik bütün addımların qətiyyətlə alınacağına şübhəmiz yoxdur. Şəhidlərimizin dəfn mərasimlərindən belə, öz məkrli niyyətləri üçün istifadə etmək istəyənlərə elə xalqımız özü tutarlı cavab verməyə qadir olduğunu dəfələrlə sübut edib. Din pərdəsi altında milli maraqlarımıza xələl gətirən, dəyərlərimizə həqarət edən satqınlar cavabını alıb və alacaq, Dövlətimizə güvənirik!

Ötən ay Tehranda səfərdə olan Azərbaycanın Baş Prokuroru Kamran Əliyevin İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Montazeri ilə görüşü baş tutdu.  Baş prokuror bildirdi ki, məhkəmə istintaqı zamanı 41 Azərbaycan vətəndaşı İrana qaçıb. sözügedən şəxslərin siyahısını həmkarına təqdim edən Kamran Əliyev bildirdi ki, bu şəxslərin Azərbaycanın təhlükəsizliyinə təhdid hesab edildiyi üçün Azərbaycana qaytarılmasını gözləyirik. Bakı İrandan həm də bu siyahı ilə bağlı cavab gözləyir...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.