Siyasət

Araz Əzimov İsraildə İranı müdafiə etdi

23 May 2016 14:38
Baxış: 1 360

Azərbaycan Respublikası Xarici işlər nazirinin müavini Araz Əzimov İsrail və Fələstinə səfər edib.

XİN-dən Milli.Az-a bildiriblər ki, xarici işlər nazirinin müavini Araz Əzimov mayın 18-də İsrail dövlətinə səfər edib. Səfər zamanı o, İsrailin xarici işlər nazirliyi, parlamenti və digər dövlət orqanlarının rəsmiləri ilə görüşlər keçirib.

Keçirilmiş görüşlər zamanı iki ölkə arasında əməkdaşlığın aktual məsələləri, eləcə də Yaxın Şərq və Cənubi Qafqazda regional məsələlər, o cümlədən nüvə təhlükəsizliyi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bütün dövlətlərin, o cümlədən İranın nüvə enerjisindən sülh məqsədi ilə istifadə hüququnun olduğu bir daha təsdiq edilib. Həmçinin, Ermənistanın Azərbaycana və bölgəyə qarşı törətdiyi təhlükələr haqqında qarşı tərəfə dolğun məlumat verilib.

Araz Əzimov ertəsi gün, yəni mayın 19-da Fələstin Dövlətinə səfər edib. Səfər zamanı o, Fələstin Dövlətinin Baş Naziri Rami Hamdallah, Fələstin Azadlıq Təşkilatının Baş katibi Saeb Erekat və xarici işlər nazirinin müavini Tayser Caradat ilə görüşlər keçirib. Keçirilmiş görüşlər zamanı iki ölkə arasında əməkdaşlığın aktual məsələləri, eləcə də Yaxın Şərq və Cənubi Qafqazda regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfər zamanı "Azərbaycan Respublikası hökuməti ilə Fələstin Dövləti hökuməti arasında diplomatik pasportu olan müvafiq vətəndaşların viza tələbindən azad edilməsi haqqında Saziş" imzalanıb.

Pünhan Mirzə
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.