İran prezidenti Məsud Pezeşkian rəsmi tədbir zamanı türk dilində səsləndirdiyi atalar sözü ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, Pezeşkian "İslami şuraların yeri və konstitusiyada xalqın iştirakı" mövzusunda keçirilən simpoziumda çıxışı zamanı maraqlı an yaşanıb. Prezidentin nitqi zalda əyləşən dinləyicilərdən birinin tez-tez onun sözünü kəsməsi ilə dəfələrlə yarımçıq qalıb. Bu vəziyyətə yumorla reaksiya verən Pezeşkian dinləyiciyə türk dilində müraciət edib.
O, "Biz türklərin sözü ilə - adını qoydun Rəşid, birini dedin, birini də eşit" deyərək zalda alqış və gülüş doğuran xəbərdarlıq edib. İran dövlət televiziyası və yerli media çıxışın bu hissəsini geniş şəkildə yayımlayıb.
Sosial şəbəkələrdə yayılan kadrlarda Pezeşkianın dinləyicinin reaksiyasına cavab olaraq "Qardaş, qoy sözümü deyim, təsdiqləmə, dinlə" deməsi də diqqət çəkib. Hadisə qısa müddətdə İran və region mediasında müzakirə mövzusuna çevrilib.
Qeyd edək ki, İran prezidentləri zaman-zaman çıxışlarında və şeir nümunələrində türk dilinə yer veriblər. İranın sabiq prezidenti Mahmud Əhmədinejad 2006-cı ildə Təbrizə səfəri zamanı böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın şeirini Azərbaycan türkcəsində səsləndirmişdi.
Məsud Pezeşkianın özü də bundan əvvəl Təbriz Mədəniyyət Həftəsinin bağlanış mərasimində Məhəmmədhüseyn Şəhriyarın məşhur "Heydərbabaya salam" poemasından parçalar oxumuşdu. (Musavat.com)
Milli.Az





