Siyasət

Azərbaycan Silahlı Qüvvələrinin generalı dəfn edildi - YENİLƏNİB

10 May 2014 18:16
3 Şərh     Baxış: 3 192
18:16

2014-cü il may ayının 10-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində istefada olan tibb xidməti general-mayoru Dağlar Məmməd oğlu Abdullayev ilə vida mərasimi keçirilib.

Müdafiə Nazirliyindən anspress-ə verilən məlumata görə, üzərinə Azərbaycan Respublikasının dövlət bayrağı sərilmiş tabutun qarşısında mərhumun təltif olunduğu medallar qoyulub.

Müdafiə Nazirliyinin rəhbərliyi, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, hərbi hissələrin şəxsi heyəti, veteranlar cənazə yanında fəxri qarovulda dayanaraq ona ehtiram bildiriblər.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə yaradılmış dəfnin təşkili üzrə komissiyanın sədri mərhum general D.Abdullayevin həyat və xidmət yolundan danışıb, vəfatı ilə əlaqədar Müdafiə Nazirliyi rəhbərliyinin nekroloqunu vida mərasimi iştirakçılarının nəzərinə çatdırıb.

Sonra hərbi orkestrin müşayiətilə izdiham 2-ci Şəhidlər xiyabanına yola düşüb.
Əsgəri ənənələrə uyğun olaraq Azərbaycan Respublikasının dövlət himninin ifası, yaylım atəşlərindən sonra mərhum general-mayor D.Abdullayev son mənzilə yola salınıb.

Mərasimin sonunda cənazənin üzərinə sərilmiş üçrəngli Dövlət Bayrağı əbədi xatirə saxlanılması üçün mərhumun ailəsinə təqdim edilib.

--------
17:40

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində istefada olan tibb xidməti general-mayoru Dağlar Məmməd oğlu Abdullayevlə vida mərasimi keçirilib.

APA-nın xəbərinə görə, mərhumla vida mərasimində Müdafiə Nazirliyinin rəhbərliyi, Dağlar Abdullayevin ailə üzvləri və yaxınları iştirak edib.
 
Müdafiə nazirinin müavini Çingiz Məmmədov nazirliyin Dağlar Abdullayevin ölümü ilə bağlı yaydığı nekroloqu oxuyub.
 
Nekroloqu Zakir Həsənov, Nəcməddin Sadıkov, Çingiz Məmmədov, Qorxmaz Qarayev, Ramiz Tahirov, Natiq Əliyev imzalayıblar.
 
76 yaşında dünyasını dəyişən Dağlar Abdullayev  2-ci Şəhidlər xiyabanında torpağa tapşırılıb.
 
Qeyd edək ki, Müdafiə Nazirliyi rəhbərliyinin Dağlar Məmməd oğlu Abdullayevin vəfatı ilə bağlı yaydığı nekroloqda qeyd olunub ki, Dağlar Abdullayev 1938-ci il avqustun 15-də Ağdaş rayonunda anadan olub. 1961-ci ildə Silahlı Qüvvələrə çağırılaraq, Cənub Qrupu Qoşunları komandanının sərəncamına göndərilib.

1965-ci ilədək Cənub Qoşun Qrupu qvardiya tank diviziyasında "həkim-stomotoloq" kimi xidmət edən Dağlar Abdullayev sonralar Zaqafqaziya Hərbi Dairəsi motoatıcı diviziyasında xidmətini davam etdirib, 1968-ci ildən isə alayın tibb məntəqəsinin rəisi, baş həkimi, tibb xidməti rəisi vəzifələrində xidmət edib.

1978-1983-cü illərdə Cənub Qoşun Qrupu əlahiddə tibb-sanitar taborunun komandiri və hərbi hospitalın rəisi olub.

1983-cü ildə SSRİ Müdafiə nazirinin əmri ilə xidmətini davam etdirmək üçün yenidən Zaqafqaziya Hərbi Dairəsi komandanının sərəncamına göndərilib və Zaqafqaziya Hərbi Dairəsi hospitalının rəisi təyin edilib. 1985-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Hərbi kafedrasının tədris hissə üzrə rəisi təyin edilib.
 
1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb və Müdafiə Nazirliyi Arxa Cəbhə İdarəsi hərbi-tibb şöbəsinin rəisi, 1993-cü ildən idarə rəisi, Silahlı Qüvvələrin Tibb xidməti rəisi vəzifələrində xidmət edib.
2009-cu ildən Müdafiə nazirinin məsləhətçisi, müşavirlər qrupunun müşaviri, inspektorlar qrupunun müşaviri vəzifələrində xidmətini davam etdirib.

2014-cü il mart ayının 7-də Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıb.

Dağlar Abdullayevə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 08 oktyabr 1994-cü ildə "tibb xidməti general-mayoru" ali hərbi rütbəsi verilib.

2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar həkimi" fəxri adına layiq görülüb və bir sıra medallarla təltif olunub.

---------
12:01

Azərbaycan Silahlı Qüvvələrinə ağır itki üz verib.

Trend-in Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, istefada olan tibb xidməti general-mayoru Dağlar Məmməd oğlu Abdullayev mayın 10-da ömrünün 76-cı ilində vəfat edib.

Bu gün saat 14:30-dan 15:30-dək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində mərhumla vida mərasimi olacaq.

Dəfn mərasimi 2-cü Şəhidlər xiyabanında keçiriləcək.

Milli.Az

---------
18:16

Böyütmək üçün şəkillərə klikləyin.



 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.