Kulinariya

Mətbəx sirləri: Türk qəhvəsi - VİDEO

12 Aprel 2014 07:00
40 Şərh     Baxış: 16 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Şəkili təxəllüslü oxucusunun istəyilə türk qəhvəsinin hazırlanma qaydasını təqdim edir
Tərkibi (1 pay):

1 fincan soyuq su
2 ç.q. şəkər tozu
2 dolu ç.q. üyüdülmüş qəhvə

Qəhvə fincanı qədər suyu təkadamlıq cəzvəyə tökün. Orta şəkərli qəhvə istəyirsinizsə, dolu olmayan iki çay qaşığı şəkər tozu, 2 təpələmə dolu çay qaşığı da qəhvə əlavə edin, qarışdırın. Amma çox canfəşanlıq etməyin, içində qarışmamış azca qəhvə qalsın.

Cezveni ocağın üstünə qoyun. Qarışdırmaq lazım deyil. İlk köpük əmələ gələndə onu qaşıqla götürüb ehtiyatla qəhvə fincanına tökün. Cezveni yenə ocağın üstünə qaytarın.
 
Yenə köpük əmələ gələndə yenə də götürün, fincana əlavə edin (çox qaynatmayın, yoxsa köpük tamamilə yatar). Yenidən cezveni ocağa qaytarın, 1 dəqiqə qədər bişirin, çox bişirsəniz, acı dadar. Sonra ehtiyatla, fincanın kənarından nazik axınla qəhvəni süzün. Ortasına və sürətlə süzsəniz, köpüklü olmayacaq.
 
İndi isə qəhvə barədə maraqlı məlumatları da çatdırım, bəlkə, gərəyiniz oldu.

Qəhvənin təzə olması çox vacibdir. Düzgün saxlanmayan qəhvənin qoxusu dəyişir, ağırlaşır. Yaxşı olar ki, hava keçməyən və yad qoxu olmayan qabda saxlayasınız.

Əvvəllər qəhvəni alıb tavada qovurar, əl dəyirmanında çəkərdilər. İndi isə hazırından istifadə edirik. Yeni qovrulub çəkilmiş qəhvəni az-az alıb istifadə etmək daha yaxşıdır.  

Qəhvə bişirəcəyiniz su xlorlu olmamalıdır.

Su nə qədər soyuq olarsa, qəhvənin köpüyü bir o qədər bol olar.

Su, qəhvə və şəkəri cəzvəni ocağın üstünə qoymadan öncə 30-40 saniyə qarışdırın.

Qəhvəni közdə, yaxud manqalda bişirsəniz, dadından doymazsınız.

Cəzvəni ocağa qoyduqdan sonra qəhvəni qarışdırmaq lazım deyil, yoxsa ümumiyyətlə köpüklənməz.

Qəhvə azca qabarmağa başlayınca köpükdən qaşıqla götürüb fincanlara qoyun. İlk köpüyü götürdükdən öncə o çox qabararsa, köpüyü tamamilə itə bilər.
Cəzvədə qalan qəhvəni təkrar qaynadıb, sonra fincanlara süzün.
Qəhvəni fincanlara ehtiyatla, bir kənardan süzmək lazımdır, əks halda içində olan köpüyü də yox edəcək.

İstəyənlər hər fincana 1 ç.q. süd əlavə edə bilərlər.

Şokolad əlavə etmək istəyirsinizsə, bitter şokoladından istifadə edin, çünki südlü şokoladın tərkibindəki yağ və digər maddələr qəhvənin dadını korlayır. Hər fincan üçün yarım tablet şokolad bəs edər. Şokolad əlavə edəcəksinizsə, şəkər tozunun miqdarına da diqqət edin.

Şəkərin miqdarı:
Sadə qəhvə şəkərsiz qəhvədir, yanında bir parça şokolad və ya rahat-lukum verilir.
Az şəkərli - yarım kubik qənd (yaxud bir çay qaşığı şəkər tozu).
Orta şəkərli - 1 qənd parçası, yaxud iki çay qaşığı şəkər tozu.
Şəkərli qəhvəyə 2 qənd parçası, yaxud 4 ç.q. şəkər tozu qatılır. 
Hər bir halda hər fincana 2 dolu çay qaşığı üyüdülmüş qəhvə qoyulur.

Qəhvə ilə birlikdə su təklif etmək də yaxşıdır. Öncə bir udum su, sonra isə qəhvə içmək onun dadını və ətrini daha yaxşı duymanıza, həmçinin mədənizi qorumağa yardım edər.

Qəhvənin qovrulma dərəcələri də fərqli olur: az, orta və çox. Az qovrulmuş qəhvənin bir qədər turş dadı olur.
 
Orta dərəcədə qovrulmuş qəhvənin dadı tarazlıdır, çox adam xoşlayır.

Çox qovrulmuş qəhvə isə alışqan olmayan adamlara xoş gəlməyə bilər, çünki çox tünd olur.

Qəhvəyə vanil və ya hil də əlavə edə bilərsiniz, həm dadı dəyişir, həm də faydalıdır.

Bir də fincanda hazırlanan türk qəhvəsi var. Fincana su, şəkər və qəhvə tozu əlavə edib qarışdırın. Çox zəif ocaqda bişirin. Amma gərək yanından ayrılmayasız, çünki tez daşa bilər. Amma dadı ələ düşməz.

Nuş olsun!

Reseptlər: uzmantv.com, tenceretv.com
 
Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.