Dünya

Çinin "Ailədə 3-cü uşaq" siyasətinə başlamasına səbəb əhalinin yaşlanmasıdır

2 İyun 2021 21:05
Baxış: 882
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin hakimiyyəti ailələrə üçüncü uşağı dünyaya gətirmək icazəsi verməklə ailə planlanması siyasətini bir qədər də yumşaldır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinin rəhbərliyi ilə Kommunist Partiyası mərkəzi komitəsinin siyasi bürosunun iclasında ölkənin 14-cü beşillikdə (2021-2025-ci illər) əhalinin "yaşlanması"nın qarşısını almaq üçün əsas məsələlər müzakirə olunub.

Ailələrə üçüncü uşaq sahibi olmağa icazə verilməsi barədə qərarın qəbul olunmasına Çində əhalinin 2010-2020-ci illər üzrə siyahıyaalınmasının nəticələrinə əsasən, ölkədə doğum sayının azalması fonunda yaxın illərdə əhalinin say tərkibində yaşlı insanların sayının üstünlük təşkil etməsi ilə bağlı proqnozlar səbəb olub. Siyahıyaalınmanın nəticələri Çinin materik hissəsində (Tayvan adası, Honkonq və Makao xüsusi inzibati zonaları istisna olunmaqla) əhalinin sayının ötən onillikdə hər il üzrə orta hesabla 0,53 faiz artdığını göstərsə də, bu rəqəm 1950-ci illərdən sonra ən aşağı göstərici olub.

Ötən il Çində hər qadının dünyaya körpə gətirmək əmsalı orta hesabla 1,3 uşaq təşkil edib ki, bu rəqəm Yaponiya və İtaliya kimi əhalisi "qocalan" ölkələrlə təxminən eynidir. Mütəxəssislər bu templə ÇXR-də yaxın illərdə doğum sayının daha da azalacağını, yaşlı insanların sayının isə çoxalacağını proqnozlaşdırırlar. Belə ki, siyahıyaalmanın nəticələrinə əsasən, yaşı 60-dan yuxarı olanların sayı çoxalaraq 264 milyona çatıb ki, bu da ölkə əhalisinin 18,7 faizini təşkil edir. Yaşlı insanların sayının artması əməkqabiliyyətli təbəqənin azalmasına səbəb olmaqla yanaşı, əsas dövlət xidmətlərinin göstərilməsinə təzyiqləri artıracaq.

Qeyd edək ki, 2016-cı ildə Çin hökuməti gözlənilən demoqrafik problemin qarşısını almaq üçün 1982-ci ildən tətbiq olunan "Hər ailəyə bir uşaq" siyasətini ləğv edib. Ailələrə ikinci uşağı dünyaya gətirməyə imkan verən bu qərarın müəyyən müsbət nəticələri olsa da, əhalinin "yaşlanması"nın qarşısını ala bilməyib. Xüsusən şəhərlərdə uşaq böyütməyin bahalı olması və gənc qadınların karyera məsələləri ailələrin bir uşaqla kifayətlənmək ənənəsini yaradıb ki, bu da doğum sayının azalmasına gətirib çıxarıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.