Dünya

İsveçrədə vergidən yayınanlar son on ildə ümumilikdə 50 milyard frank rəsmiləşdiriblər

5 Fevral 2020 00:45
0 Şərh     Baxış: 855
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsveçrədə on il bundan əvvəl tətbiq olunan vergi əfvi barədə qanun sayəsində vergidən yayınanlar indiyədək 50 milyard İsveçrə frankı məbləğində "qara pulları" rəsmiləşdirə biliblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, vergi orqanlarına könüllü şəkildə müraciət edən şəxslər indiyədək vergidən yayındırılan vəsaitləri açıqlamaq və ya qeyri-düzgün təqdim olunan vergi bəyannamələrində düzəliş aparmaq hüququ əldə etmişdilər. Həmin əfv imkanı nəticəsində son on ildə 146 min vergi mükəlləfiyyəti daşıyan şəxs maliyyə orqanlarına müraciət edib və 50 milyard frank dəyərində vəsaitin leqallaşmasına nail olub. Bu rəsmiləşdirilmə çərçivəsində isə dövlət büdcəsinə 5 milyard İsveçrə frankı məbləğində vəsait daxil olub.

2006-cı ildə bu qanun layihəsi müzakirəyə çıxarılarkən qanunun əleyhdarları büdcəyə cüzi vəsait daxil olacağı, bunun müqabilində isə vergidən yayınanların həmin qanuna söykənərək cəzadan yaxa qurtaracağını iddia edirdilər. Qanunun qüvvəyə mindiyi 2010-cu ildən indiyədək 146 min nəfərin bu imkandan yararlanması bir tərəfdən vergidən yayınanların nə qədər çox olduğunu göstərsə də, digər tərəfdən büdcə daxilolmalarının həcmi əleyhdarların susmasına səbəb oldu.

"Neue Zürcher Zeitung" qəzetinin araşdırmalarına görə, bəzi kantonlar (Vaadt, Appenzell İnnerroden və Obvalden) bu qanunun tətbiqi ilə əldə olunan vəsaitləri büdcə daxilolmalarında ayrıca bənd kimi göstərmirlər. Bununla da dövlətin əldə etdiyi vəsaitin daha yüksək olduğu nəticəsinə gəlmək mümkündür.

Həmçinin qeyd edilib ki, könüllü şəkildə maliyyə orqanlarına "təslim olan" 146 min nəfər ölkədəki vergi ödəyicilərinin cəmi 2,8 faizini təşkil edir. Bu da öz növbəsində qanunun tətbiq edilməli olan şəxslərin sayının hələ kifayət qədər yüksək olduğunu nümayiş etdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.