13 fevralda Münhendə növbəti Təhlükəsizlik Konfransı start götürür. Onilliklər boyu bu forum transatlantik münasibətlərin barometri, Avropanın strateji nəbzini ölçən əsas platforma sayılıb. Ancaq builki toplantı tamam başqa ovqatda keçirilir. Dünya sadəcə etimad böhranı yaşamır, beynəlxalq təhlükəsizlik arxitekturası kökündən dəyişir. Beş il əvvəl "Avropanın strateji muxtariyyəti" ətrafında gedən nəzəri diskussiyalar indi qitənin müstəqil güc mərkəzi kimi sağ qalması məsələsinə çevrilib.
Vaşinqtonun kurs dəyişikliyi, ABŞ prezidenti Trampın ikinci administrasiyası dövründə, illərdir yetişən prosesləri sürətləndirdi. ABŞ artıq Avropanın təhlükəsizliyini qeyd-şərtsiz prioritet kimi görmür. Əksinə, yeni doktrina məsuliyyətin və resursların yenidən bölüşdürülməsini açıq tələb edir. Avropa "öz ayaqları üstündə dayanmalıdır" ifadəsi bir zamanlar diplomatik tövsiyə kimi səslənirdisə, indi siyasi ultimatum çalarları alıb.
Eyni vaxtda Rusiya iqtisadiyyatı və cəmiyyəti faktiki olaraq hərbi rejimə səfərbər edib. Qiymətləndirmələrə görə, federal büdcənin 40 faizə qədəri müdafiə və təhlükəsizlik xərclərinə yönəldilir. Hərbi sənaye sürətləndirilmiş istehsal dövrünə keçirilib. Avropa dövlətlərinə qarşı hibrid əməliyyatlar sistemli xarakter alıb. Bütün bu amillər onu göstərir ki, Avropanın yeni strategiyaya uyğunlaşmaq üçün vaxt pəncərəsi düşünüldüyündən qat-qat dar ola bilər.
Bu il Münhen Konfransı "Dağılma prosesində" şüarı altında keçirilir. Bu, metafora deyil, reallığın təsbitidir. Söhbət təkcə 1945-ci ildən sonra formalaşmış beynəlxalq nizamın çat verməsindən getmir. Transatlantik həmrəyliyin öz məntiqi sarsılır. Müharibədən sonrakı tarixində ilk dəfə Avropa eyni anda iki istiqamətdən - şərqdən və qərbdən strateji qeyri-müəyyənliklə üz-üzə qalır.
Zəmanətli təhlükəsizliyin sonu: ABŞ-ın yeni paradiqması
Onilliklər boyu Avropanın təhlükəsizliyi ABŞ-ın qlobal liderlik strategiyasına inteqrasiya olunmuşdu. Şimali Atlantika Alyansı təkcə hərbi blok deyil, liberal beynəlxalq nizamın institusional dayağı idi. ABŞ-ın hərbi gücü Avropanın pərakəndə müdafiə səylərini kompensasiya edirdi.
Lakin 2025-ci ildə keyfiyyətcə yeni mərhələ başlandı. Tramp administrasiyası açıq şəkildə bəyan etdi ki, Avropanın təhlükəsizliyi ilk növbədə avropalıların öz işidir. Fevralın 12-də keçirilən təmas qrupunun iclasında müdafiə naziri Pit Heqset bunu imperativ kimi təqdim etdi. Üstəlik, ABŞ-ın Ukraynaya hərbi yardımı kəskin azaldıldı. Vaşinqton təhlükəsizlik zəmanətlərini Avropa İttifaqının ticarət güzəştləri ilə bağlamağa başladı.
Beləliklə, təhlükəsizlik iqtisadi təzyiq alətinə çevrildi. Bu isə qeyd-şərtsiz həmrəylik prinsipindən fundamental geri çəkilmə deməkdir. ABŞ-ın Milli Təhlükəsizlik Strategiyası açıq şəkildə Avropanı qitənin müdafiəsi üzrə "əsas məsuliyyəti" öz üzərinə götürməyə çağırır. Bu mövqe Şimali Atlantika Müqaviləsinin beşinci maddəsinin şərtsiz tətbiqi ilə bağlı sualları daha da gücləndirir.
Ən narahatedici epizod isə Danimarka Krallığının özünüidarə edən ərazisi olan Qrenlandiya ətrafında yaşanan böhran oldu. ABŞ prezidentinin adanı "ABŞ və dünya təhlükəsizliyi naminə ələ keçirməyin zəruriliyi" barədə açıqlamaları müttəfiqlik öhdəliklərinin toxunulmazlığına kölgə saldı. Böhran müvəqqəti səngisə də, presedent göstərdi ki, tranzaksion yanaşma alyans daxilindəki münasibətlərə də sirayət edə bilər.
Avropa paytaxtları uzun illərdən sonra ilk dəfə ssenarini ciddi şəkildə nəzərdən keçirirlər ki, ABŞ artıq zəmanətçi deyil, arbitr, hətta qeyri-müəyyənlik amilinə çevrilə bilər.
Rusiya katalizator kimi: militarizasiya və hibrid ekspansiya
ABŞ siyasətindəki transformasiya fonunda Rusiya hərbi potensialını sürətlə artırır. İqtisadiyyat hərbi relslərə keçirilib. Müdafiə xərcləri ÜDM-in 7 faizini ötüb. Sursat və raket istehsalı dəfələrlə artırılıb. Aviasiya real döyüş şəraitində sınaqdan çıxarılıb və modernləşdirilib.
Kəşfiyyat qiymətləndirmələrinə görə, Ukraynadakı münaqişə dondurulacağı təqdirdə, Moskva iki il ərzində Baltik regionunda regional müharibəyə hazır ola bilər. Hətta döyüş əməliyyatları dayandırıldıqdan cəmi altı ay sonra qonşu dövlətə qarşı lokal əməliyyat ssenarisi nəzəri baxımdan istisna edilmir.
Xüsusi diqqət "Narva testi" adlandırılan ssenariyə yönəlir. Narva Estoniyanın əsasən rusdilli əhalinin yaşadığı və Rusiya ilə sərhəddə yerləşən şəhəridir. "Soydaşların müdafiəsi" bəhanəsi ilə mümkün hipotetik əməliyyat alyansı açıq seçim qarşısında qoya bilər: ya beşinci maddənin işləkliyini təsdiqləmək, ya da onun şərti xarakter daşıdığını nümayiş etdirmək.
Oxşar risklər Polşa ilə Litva arasında yerləşən, Belarusla Kalininqrad vilayətini ayıran dar zolaq olan Suvalki dəhlizi ilə də bağlıdır. Eyni zamanda Arktika əraziləri də potensial gərginlik xəritəsindədir. Nəticədə Baltikdən Arktikaya qədər uzanan mümkün qeyri-sabitlik qövsü formalaşır.
Ənənəvi hərbi təhdidlərlə yanaşı, Moskva hibrid əməliyyatların miqyasını genişləndirir: kiberhücumlar, enerji infrastrukturuna sabotaj, informasiya kampaniyaları, hava məkanının pozulması. Bu addımların əsas məqsədi Avropa cəmiyyətlərində etimadı sarsıtmaq, institutların dayanıqlığını içəridən aşındırmaqdır.
Avropa cavabı: xərclər artır, amma strateji birlik hələ görünmür
2021-ci ildən 2025-ci ilə qədər NATO-nun Avropa üzvləri müdafiə büdcələrini 41 faiz artırıblar. Ancaq rəqəmlərin böyüməsi keyfiyyətcə vahidliyə çevrilməyib. Birgə silah alışları hələ də məhdud çərçivədə qalır. Sənaye millətçiliyi güclənir. Hər bir dövlət ilk növbədə öz müdafiə sektorunu ayaqda saxlamağa çalışır.
Vahid Avropa silahlanma sistemi qurmaq əvəzinə, bir çox ölkə yenə də Amerika platformalarına üz tutur: F-35 qırıcıları, Patriot zenit-raket kompleksləri. Bu seçim Vaşinqtonla siyasi bağları qorumağa imkan verir, amma eyni zamanda texnoloji asılılığı möhkəmləndirir.
Paradoks ondadır ki, koordinasiyasız xərclərin artması parçalanmanı daha da dərinləşdirə bilər. Müdafiə siyasətinə ictimai etimad isə kövrək olaraq qalır. "Böyük yeddilik" ölkələrində aparılan sorğular göstərir ki, vətəndaşların cüzi hissəsi hazırkı hökumətlərin siyasətinin gələcək nəsillərin həyatını yaxşılaşdıracağına inanır.
Bu fon siyasi səhnədə islahat deyil, mövcud institutların "sökülüb-dağıdılmasını" təklif edən qüvvələr üçün sosial baza yaradır. Daxili siyasi qütbləşmə strateji qeyri-müəyyənliyi daha da artırır.
Bu gün transatlantik məkanda yaşanan etimad böhranı təkcə büdcə mübahisələri və ya hərbi yardımın taktiki detalları ilə məhdudlaşmır. Söhbət müharibədən sonrakı Qərb strategiyasının təməlini silkələyən ideoloji yarılmadan gedir. Səksən il ərzində ABŞ-ın strateji liderliyi üç qarşılıqlı dayağa söykənirdi: çoxtərəfli institutların effektivliyinə inam, iqtisadi inteqrasiyanın münaqişələri azaltmaq gücünə etibar və demokratik dəyərlərin təkcə mənəvi imperativ deyil, həm də strateji aktiv kimi qəbul edilməsi.
Bu prinsiplər yalnız hərbi koordinasiyanı təmin etmirdi. Onlar Qərbin intellektual birliyini formalaşdırır, ümumi siyasi mədəniyyət yaradırdı. Fikir ayrılıqları institutlar vasitəsilə həll olunurdu, güc nümayişi ilə yox.
Bu gün isə həmin konstruksiya sistemli eroziyaya məruz qalır. İslahat yox, institutların demontajını hədəfləyən siyasi qüvvələrin yüksəlişi cəmiyyətlərdə dərin məyusluğun əlamətidir. Qərb daxilində qloballaşmaya, çoxtərəfli sazişlərə, liberal normaların universal model kimi təqdiminə skeptisizm artır. Münhen Konfransı üçün hazırlanan məruzə bu dəyişimi tarixi dönüş kimi qeydə alır. Çoxtərəfliliyə inamın zəifləməsi o deməkdir ki, beynəlxalq təşkilatlar artıq kollektiv fayda aləti kimi deyil, suveren hesablamaların prizmasından qiymətləndirilir. Bir vaxtlar sülhün təminatı sayılan iqtisadi inteqrasiya indi təchizat zəncirlərinin həssaslığı və rəqiblərdən asılılıq kontekstində dəyərləndirilir. Demokratik dəyərlər isə strateji identikliyin ayrılmaz hissəsi olmaqdan çıxaraq daxili siyasi mübahisə predmetinə çevrilir.
Əgər bu üç sütun strateji aktiv statusunu itirirsə, transatlantik cəmiyyətin toxuması da dəyişir. İttifaq dəyərlər layihəsi olmaqdan çıxır, situativ maraqlar koalisiyasına çevrilir. Bu konfiqurasiyada Avropa aralıq mövqedə qalır. Bir tərəfdən ABŞ-la institusional bağları saxlayır, digər tərəfdən isə yeni güc mərkəzlərinin artan rəqabətini nəzərə almağa məcbur olur.
Belə şəraitdə qitənin strateji qeyri-müəyyən "boz zona"ya çevrilməsi riski yaranır. Elə bir zona ki, heç bir xarici aktor tam məsuliyyət götürmür, amma təsir uğrunda rəqabət getdikcə sərtləşir. Tarixi təcrübə göstərir ki, məhz belə aralıq məkanlar təzyiq, təxribat və hibrid əməliyyatların arenasına çevrilir.
ABŞ-a inam 2025-ci ilin noyabrında Vaşinqtonun Ukrayna üzrə sülh planı açıqladıqdan sonra daha da zəiflədi. Təklif olunan ərazi güzəştləri və Ukraynanın NATO üzvlüyünə məhdudiyyətlər bir sıra Avropa paytaxtlarında ABŞ-ın Avropa maraqlarını tam nəzərə almadan kompromisə hazır olması siqnalı kimi qəbul edildi. Sənədin məqsədi müharibənin tezliklə dayandırılması olsa da, strateji qavrayış fərqli oldu: Avropa gördü ki, onun təhlükəsizliyi ilə bağlı qərarlar onsuz da qəbul oluna bilər. Bu isə Amerika zəmanətlərinin uzunmüddətli etibarlılığına dair narahatlığı artırdı.
Bu mənzərə fonunda Avropanın qarşısında strateji dilemma dayanır: muxtariyyət, yoxsa asılılıq. Muxtariyyət müdafiə sənayesinə iri həcmli investisiyalar, birgə komanda strukturlarının yaradılması, vahid silah bazarının formalaşdırılması və risk qəbul etməyə siyasi iradə deməkdir. Bu, institusional yetkinlik yoludur, amma maliyyə və siyasi xərcləri az deyil. ABŞ-dan asılılıq isə daha vərdiş olunmuş və qısamüddətli perspektivdə daha ucuz görünür, lakin dəyişkən Amerika siyasəti şəraitində getdikcə daha riskli hal alır.
Təxminən beş yüz milyon əhalisi olan, iqtisadi potensialı ABŞ-la müqayisə edilə bilən bir qitə obyektiv olaraq öz təhlükəsizliyi üçün daha böyük məsuliyyət daşıya bilər. Rusiya ilə demoqrafik və iqtisadi nisbət də müstəqil çəkindirmə üçün resursların mövcudluğunu göstərir. Problem imkanlarda yox, siyasi konsolidasiyadadır.
Eyni zamanda muxtariyyət qopma demək deyil. Söhbət transatlantik alyansın sökülməsindən yox, rolların yenidən bölüşdürülməsindən gedir. Bərabər tərəfdaşlıq modelində Avropa qitədə konvensional çəkindirmənin əsas yükünü öz üzərinə götürür, ABŞ isə qlobal güc balansına fokuslanır. Bu model şəffaf öhdəliklər və qarşılıqlı maraqlara hörmət əsasında qurularsa, ittifaqı gücləndirə bilər. Amma bunun üçün bu gün zəifləyən etimadın bərpası şərtdir.
2026-cı il NATO üçün həqiqət anına çevrilə bilər. Baltik regionunda, Arktikada və ya alyansın periferiyasında baş verəcək istənilən insident kollektiv müdafiənin möhkəmliyini sınağa çəkəcək. Strateji qeyri-müəyyənlik şəraitində yanlış hesablamalar riski artır. Soyuq müharibə təcrübəsi göstərir ki, nüvə çəkindirməsi yalnız siqnalların aydınlığı və cavabların proqnozlaşdırıla bilməsi şəraitində effektiv işləyir. İkibaşlılıq isə "qırmızı xətləri" yoxlamaq həvəsini artırır. Əgər potensial rəqib alyansın reaksiyasının avtomatizminə şübhə etsə, müttəfiqləri parçalamağa hesablanmış məhdud təxribatlara cəsarət edə bilər.
Bu kontekstdə Münhen Konfransı həm simvolik, həm də praktik əhəmiyyət daşıyır. Birinci sual: Avropa büdcə artımını real sinerjiyə çevirərək müdafiə inteqrasiyasını institusional səviyyədə möhkəmləndirməyə hazırdırmı. İkinci sual: Vaşinqton beşinci maddənin şərtsizliyini təkcə bəyanatlarla yox, konkret planlaşdırma və hərbi mövcudluq mexanizmləri ilə təsdiqləyəcəkmi. Üçüncü sual: müharibə ilə sülh arasındakı sərhədləri bulanıqlaşdıran hibrid təhdidlərə qarşı alyans vahid yanaşma formalaşdıra biləcəkmi. Dördüncü sual: milli sənaye maraqları ilə ümumavropa effektivliyi arasında balans tapılacaqmı.
Bu suallara veriləcək cavablar hazırkı böhranın dağılmanın başlanğıcı, yoxsa yenilənmənin katalizatoru olacağını müəyyənləşdirəcək. Avropa tarixi yol ayrıcındadır. Ya əvvəlki nizamın inertiyasına ümid edərək strateji aralıq vəziyyətdə qalacaq, ya da öz rolunu keyfiyyətcə yenidən düşünmək üçün fürsəti dəyərləndirəcək.
Beynəlxalq sistem gücün yenidən bölüşdürüldüyü mərhələyə daxil olduğu bir dövrdə neytrallıq və qeyri-müəyyənlik artıq təhlükəsiz mövqe deyil. Yalnız məqsədlərin aydınlığı, institusional inteqrasiya və siyasi iradə etimad böhranını strateji yenilənmə nöqtəsinə çevirə bilər.
Dağılma ilə yenidən düşünmə arasında
Dünya həqiqətən də "sökülmə" mərhələsinə qədəm qoyub. Amma hər dağılma dağıntı demək deyil. Bəzən məhz belə məqamlar köklü yenidən düşünmənin başlanğıcına çevrilir. Avropa alyans daxilində müstəqil müdafiə sütunu formalaşdırmaq üçün kifayət qədər iqtisadi, texnoloji və demoqrafik potensiala malikdir.
Əsas sual isə başqadır: siyasi iradə və ictimai dəstək yetərlidirmi. Tarix göstərir ki, Avropa inteqrasiyası çox vaxt məhz böhran şəraitində sürətlənib. Mövcud böhran da eyni rol oynaya bilər.
Əgər Avropa xarici təzyiqi daxili konsolidasiya üçün stimula çevirə bilsə, transatlantik bağlar qopmayacaq, əksinə yeni formaya düşəcək. Əks halda qitə strateji "boz zona"da qala bilər və onun taleyi xarici güc mərkəzlərinin qərarlarından asılı olacaq.
Münhen 2026 sadəcə konfrans deyil. Bu, Avropa təhlükəsizliyi və Qərb birliyinin gələcəyi üçün həqiqət anıdır.
Transatlantik təhlükəsizlik modeli bu gün taktiki korrektə yox, 1949 və ya 1989-cu illərin dönüş nöqtələri ilə müqayisə oluna biləcək dərin struktur transformasiyası yaşayır. Onilliklər ərzində Avropanın təhlükəsizliyi ABŞ-ın qeyd-şərtsiz hərbi mövcudluğu, strateji nüvə çətiri və Vaşinqtonun institusional proqnozlaşdırıla bilməsi üzərində qurulmuşdu. Bu düzən Avropaya nadir bir kombinasiya təqdim edirdi: iqtisadi rifah və nisbətən aşağı müdafiə xərcləri.
Lakin ABŞ prezidenti Trampın ikinci administrasiyası dövründə əvvəlki məntiq fərqli fəlsəfə ilə əvəz olundu. Təhlükəsizlik artıq ideoloji borc və ya tarixi missiya kimi deyil, ABŞ-ın milli maraqlarına uyğun şəkildə bölüşdürülə bilən resurs kimi qiymətləndirilir. Bu isə dəyər və institutlara söykənən modeldən tranzaksion yanaşmaya keçid deməkdir. Zəmanətlər iqtisadi, ticarət və siyasi güzəştlərlə əlaqələndirilir. Bu təkamül alyansı avtomatik dağıtmır, amma onun daxili təbiətini dəyişir: ittifaq taleyin ortaq layihəsi olmaqdan çıxaraq danışıqlar platformasına çevrilir.
Yeni reallıqda ABŞ məsuliyyətin yenidən bölüşdürülməsini açıq tələb edir. Avropa dövlətlərinə maliyyə, sənaye və hərbi yükün əsas hissəsini üzərlərinə götürmək təklif olunur. Vaşinqton faktiki olaraq siqnal verir: strateji paternalizm dövrü başa çatıb. Bu siqnal Ukraynaya hərbi yardımın azaldılması, müttəfiqlərə qarşı sərt ritorika və müdafiə öhdəliklərinin ticarət maraqları ilə bağlanması cəhdləri ilə müşayiət olunur. Belə yanaşma alyansın psixoloji əsasını sarsıdır: avtomatik dəstək inamını. Beşinci maddə formal olaraq qüvvədə qalsa belə, onun şərtsizliyinə dair şübhənin yaranması artıq strateji hesablamaları dəyişir.
Eyni vaxtda Rusiya militarizasiyanı sürətləndirir və uzunmüddətli qarşıdurmaya hazır olduğunu nümayiş etdirir. İqtisadiyyatın əhəmiyyətli hissəsinin hərbi relslərə keçirilməsi, müdafiə xərclərinin artması, aviasiya və raket qüvvələrinin modernləşdirilməsi, səfərbərlik resursunun genişləndirilməsi uzunmüddətli planlaşdırmanın göstəricisidir. Moskva Ukrayna ilə məhdudlaşmır. Avropada hibrid əməliyyatlar, infrastruktur diversiyaları, kiberhücumlar, informasiya kampaniyaları və hava məkanında təxribatlar davamlı təzyiq mühiti yaradır. Məqsəd aydındır: Avropanın birliyinin sərhədlərini yoxlamaq və zəif həlqələri üzə çıxarmaq.
ABŞ-ın birbaşa cəlb olunmaya daha az meyilli göründüyü şəraitdə yanlış hesablamalar riski artır. Baltik regionunda, Suvalki dəhlizi ətrafında və ya Arktikada istənilən lokal böhran kollektiv müdafiə arxitekturasının möhkəmliyini sınağa çəkə bilər.
Avropanın cavabı hələlik əsasən kəmiyyət xarakteri daşıyır. Müdafiə büdcələrinin artımı diqqətçəkəndir, amma bu artım kifayət qədər institusional inteqrasiya ilə müşayiət olunmur. Milli hökumətlər yenə də öz sənaye maraqlarını üstün tutur. Birgə satınalmalar məhduddur, silah sistemlərinin standartlaşdırılması ləng gedir, planlaşdırma koordinasiyası parçalı qalır. Üstəlik, Amerika silah sistemlərindən asılılıq davam edir. Bu, bir tərəfdən transatlantik bağları qoruyur, digər tərəfdən texnoloji asimmetriyanı dərinləşdirir. Nəticədə Avropa daha çox xərcləyir, amma mütləq şəkildə daha çox muxtar imkan qazanmır. Bu isə strateji sinerji olmadan xərclərin artması paradoksunu yaradır.
Belə fon Avropanın strateji "boz zona"ya çevrilməsi riskini artırır. Elə bir məkan ki, heç bir güc mərkəzi tam məsuliyyət daşımır, amma xarici aktorların rəqabəti güclənir. ABŞ-a etimadın azalması Avropanın tam muxtariyyətə malik olmaması ilə üst-üstə düşür. Bu aralıq vəziyyət təhlükəlidir. O, revizionist qüvvələri sərhədləri yoxlamağa təşviq edir. Qeyri-müəyyənlik özü-özlüyündə qeyri-sabitlik amilinə çevrilir. Beynəlxalq münasibətlər tarixi göstərir ki, köhnə nizamın zəiflədiyi, yenisinin isə hələ formalaşmadığı keçid dövrləri ən həssas mərhələlərdir.
2026-cı il beşinci maddənin effektivliyi üçün real sınaq ola bilər. Hətta məhdud insident, ağır nəticəli kiberhücum, sərhəddə təxribat və ya kritik infrastrukturun diversiyası kollektiv cavab tələb edəcək. Reaksiya qeyri-müəyyən və ya gecikmiş olarsa, kollektiv müdafiə mexanizminə inam zərbə alacaq. Əksinə, alyans qətiyyət və birlik nümayiş etdirsə, transformasiya daha balanslı məsuliyyət bölgüsünə əsaslanan yeni modelin möhkəmlənməsi ilə nəticələnə bilər.
Belə şəraitdə strateji tövsiyələr abstrakt deyil, ekzistensial xarakter daşıyır. Avropa vahid müdafiə bazarının formalaşdırılmasını sürətləndirməli, birgə satınalmalar üçün baryerləri aradan qaldırmalı, silah sistemlərini standartlaşdırmalı və ortaq istehsal zəncirləri yaratmalıdır. Bu, xərcləri azaldar, uyğunluğu artırar və sənaye bazasını gücləndirər. Eyni dərəcədə vacib məsələ hərbi mobilliyə investisiyadır: dəmir yollarının, körpülərin, limanların və aerodromların modernləşdirilməsi. Logistik bağlılıq olmadan heç bir statistik göstərici real gücə çevrilmir.
Hibrid təhdidlərə qarşı mübarizə ayrıca diqqət tələb edir. Avropa kiber müdafiəni, enerji infrastrukturunun qorunmasını, informasiya təhlükəsizliyini və böhran kommunikasiyası mexanizmlərini birləşdirən ümumavropa strategiyasına ehtiyac duyur. Hibrid müharibə ilk növbədə ictimai şüuru hədəfə alır. Buna görə də vətəndaş hazırlığının və cəmiyyətlərin dayanıqlığının artırılması prioritet olmalıdır. Təhsil proqramları, institutlara inamın möhkəmləndirilməsi və siyasi proseslərin şəffaflığı bu kontekstdə əsas rol oynayır.
Sursat istehsalının artırılması və strateji ehtiyatların yaradılması çəkindirmənin zəruri şərtidir. Son illərin təcrübəsi göstərdi ki, intensiv münaqişələr ehtiyatları sürətlə tükəndirir. Avropa uzunmüddətli əməliyyatları xarici təchizatçılardan kritik asılılıq olmadan dəstəkləyə biləcək sənaye gücünə malik olmalıdır.
ABŞ-la beşinci maddənin zəmanətləri üzrə dialoqun institusionallaşdırılması prinsipial əhəmiyyət daşıyır. Məsləhətləşmə mexanizmləri möhkəmləndirilməli, cavab prosedurları dəqiqləşdirilməlidir ki, strateji ikibaşlılıq üçün boşluq qalmasın. Transatlantik tərəfdaşlıq transformasiya olunmalı, amma dağılmamalıdır.
Rusiya ilə uzunmüddətli strategiya isə sərt çəkindirmə ilə kommunikasiya kanallarının saxlanması arasında balans tələb edir. Dialoqun olmadığı izolasiya eskalasiya riskini artırır, çəkindirmə olmadan dialoq isə zəiflik kimi qəbul olunur. Bu tarazlıq nəzarətsiz böhranların qarşısını almağın açarıdır.
Avropa elə bir dövrə daxil olur ki, tarixi inertiya artıq təhlükəsizliyə zəmanət vermir. Qitənin qarşısında duran əsas vəzifə etimad böhranını strateji yetkinlik impulsuna çevirməkdir. Bu baş verərsə, transatlantik bağ yeni, daha bərabər və daha dayanıqlı forma alacaq. Əks halda Avropa qərarların başqaları tərəfindən verildiyi qeyri-müəyyən məkanda qalmaq riski ilə üzləşəcək.
Milli.Az





