Cənubi Koreyada "Jeju Air" aviaşirkətinə məxsus Boinq-737-800 sərnişin təyyarəsinin qəzaya uğramasına "taleyin faciəvi təsadüfləri" səbəb olub.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Nyu York Tayms" qəzetinə mütəxəssislər bildiriblər.
Qeyd edilib ki, 29 dekabrda Cənubi Koreyanın Muan şəhərinin aeroportunda baş verən və 179 nəfərin həlak olduğu (cəmi 2 nəfər sağ qalıb) qəzanın səbəbi bir neçə faktordur. Belə ki, Bankonqdan gələn təyyarənin pilotu hava məkanında quş sürüləri barədə məlumat verdikdən iki dəqiqə sonra quşla toqquşma olub. Fövqəladə vəziyyət barədə dispetçerə dərhal məlumat ötürülüb. Pilot ilk eniş cəhdini ləğv edərək ikinci cəhdə hazırlamaq üçün "dairəvi manevr" edəcəyini bildirib. Lakin görünür, o, tam dairə edə bilməyib və bir dəqiqə sonra enmə zolağına yaxınlaşıb. Üç dəqiqə sonra isə təyyarənin eniş zolağının sonundakı beton konstruksiyaya çırpılması ilə partlayış baş verib.
"Böyük sual budur: pilot niyə enişə bu qədər tələsirdi?" - Koreya Aviasiya Təhlükəsizliyi Assosiasiyasının sədri Hvan Xo Von bildirib.
O qeyd edib ki, quşla toqquşmadan sonra mühərriklər çalışmayıb, üstəlik şassi də açılmayıb. Füzelyaj üzərində eniş məcburiyyəti yarandıqda pilotlar adətən tələsmirlər, yanacağı boşaldaraq yerüstü xidmətlərə vəziyyətə hazırlaşmaq üçün vaxt verirlər. Lakin bu halda pilotun, görünür, belə vaxtı olmayıb.
"Hər iki mühərrik sıradan çıxmışdı? Eniş qərarının bu qədər tələskənliklə verilməsi pilot səhvidir?" - ekspert sual edib.
NYT yazır ki, pilotun uçuş təcrübəsi təxminən yeddi min saat olub. Koreya Açıq Kiber Universitetinin ictimai təhlükəsizlik üzrə professoru Pek Sın Çju bildirib ki, mühərrik nasazlığı şassi problemi yaratmır, lakin bu halda, çox güman ki, hər iki problem eyni vaxtda baş verib və bu, pilotu bir neçə dəqiqə ərzində füzelyaj üzərində eniş etməyə məcbur edib.
Faciəyə səbəb olan digər bir amil isə Muan aeroportunda uçuş-enmə zolağının uzunluğu olub. Adətən bu, 9,2 min fut (2,8 kilometr) olur, lakin qəza günündə tikinti işləri səbəbindən 8,2 min fut (təxminən 2,5 kilometr) istifadəyə verilmişdi. Rəsmilər bu məsafənin Boinq-737-800 təyyarəsinin enişi üçün kifayət olduğunu deyir. Ancaq qəzaya uğrayan təyyarə eniş zolağının başlanğıcına düşməyib, daha irəlidə enişə başlayıb. Bu da eniş zolağının qısalmasına səbəb olub.
Bununla yanaşı, NYT-yə danışan mütəxəssislər vurğulayıblar ki, təyyarədəki problemlər beton konstruksiyaya çırpılmadan əvvəl başlayıb. Aviasiya ekspertlərinin sözlərinə görə, eniş zamanı pilot nə mühərrikləri, nə də şassini idarə edə bilib. Bu, təyyarəni sürəti azaltmaq üçün əsas üç vasitədən ikisindən - şassi əyləci və mühərriklərin tərs itələmə funksiyasından məhrum edib. Bundan əlavə, görünür, təyyarədə sürəti azaltmaq üçün digər bir vasitə olan qanad yastıqları (flaps) da aktivləşdirilməyib.
"Bu suallara yalnız təyyarənin qara qutusu öyrənildikdən sonra cavab veriləcək", - aviasiya eksperti Hüngvun Cey Yu Yung bildirib.
Qara qutu tapılıb, lakin o, qismən zədələnib və məlumatların bərpası üçün vaxt tələb olunacaq.
Milli.Az