Dünya

İranla bağlı gizlinlər üzə çıxdı – “Səddam Hüseyni devirməyin, yoxsa...”

1 May 2024 21:10
Baxış: 895
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1979-cu ildə İranda baş verən dini inqilab həm öz xalqı, həm də beynəlxalq ictimaiyyətə düşmən olan bir rejimin yüksəlişini asanlaşdırdı.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bunu britaniyalı deputat Deniel Kavçinski deyib.

Onun sözlərinə görə, həmin il Tehranda hakimiyyəti ələ keçirən teokratiya devrilən şah rejimindən daha radikaldır.

Kavçinski molla rejiminin Yaxın Şərqdə yüksəlişinə zəmin yaradan bir sıra tarixi faktlara diqqət çəkib.

Deputat qeyd edir ki, Böyük Britaniya 1971-ci ildə Birləşmiş Ərəb Əmirliyindən (BƏƏ) çıxdıqdan dərhal sonra İran Ərəbistan körfəzindəki strateji önəmə malik adaları ələ keçirmişdi:

"Bu hadisə İranın bütün Yaxın Şərqdə təsirini artırmaq üçün davam edən səylərinin xəbərçisi kimi qiymətləndirilir. O dönəmdə Səudiyyə Ərəbistanı açıq şəkildə koalisiyaya qoşulsa da, bu yaxınlarda məxfiliyi ləğv edilmiş sənədlər daha nüanslı perspektivdən xəbər verir. Bildirilir ki, Səudiyyə diplomatik kanallar vasitəsilə Səddam Hüseynin hakimiyyətdən tamamilə uzaqlaşdırılması ilə bağlı ciddi şəkildə ehtiyatlı olduğunu çatdırıb. Səudiyyənin əsas narahatlığı regional qeyri-sabitlik və İran kimi aktorlar tərəfindən istifadə oluna biləcək güc boşluğunun yaranması ilə bağlıydı. Xəbərdarlığa məhəl qoyulmaması son nəticədə özünü göstərdi.

(ABŞ-nin başlatdığı) Müharibə İraq hökumətinin dağılmasına gətirib çıxardı və Səudiyyənin qorxduğu hakimiyyət boşluğunun yaranmasına səbəb oldu. Bu boşluq İrana İraqda öz təsirini genişləndirmək imkanı verdi, şübhəsiz ki, onun regional ambisiyalarını gücləndirdi".

Deputat xatırladır ki, İranın 2011-ci ildə Bəhreyndə aranı qarışdırmasına da sərt beynəlxalq reaksiya verilməmişdi:

"Bu böhran Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) tərəfindən həll edildi. Eynilə 2011-ci ildə Əsəd rejimi tərəfindən Suriya vətəndaşlarının amansızcasına sıxışdırılması İranın burada xeyli sayda hərbi qüvvə yerləşdirərək istifadə etdiyi bir boşluq yaratdı. Britaniya da daxil olmaqla, beynəlxalq ictimaiyyət münaqişənin cilovlanması missiyasını KƏŞ-in üzərinə qoyaraq qətiyyətlə müdaxilə etmədi.

Bundan əlavə, İranın Yəməndəki husilərə verdiyi dəstək, o cümlədən "Skad" raketləri və digər silahların tədarükü regional gərginliyi açıq şəkildə artırıb. Yenə də BƏƏ və Səudiyyə istisna olmaqla, beynəlxalq reaksiya yoxdur.

İranın Livanda "Hizbullah" və Qəzzada HƏMAS-a verdiyi uzunmüddətli maliyyə və hərbi dəstək regional qeyri-sabitliyin daha bir mənbəyidir, halbuki hər ikisi beynəlxalq ictimaiyyətin önəmli hissəsi tərəfindən terror təşkilatı kimi tanınır. Təəssüf ki, bu məsələ hələ də qlobal miqyasda adekvat şəkildə müzakirə olunmayıb. Hazırda Qərb mediası İranın təhdidlərinə qarşı İsraili dəstəkləmək zərurətini vurğulasa da, mövcud böhranı effektli şəkildə həll etmək üçün Tehranın son 20 ildəki hərəkətləri və niyyətlərini daha incə şəkildə başa düşmək lazımdır".

Kavçinski Qərbi İrana qarşı mövqeyini sərtləşdirməyə və onun regionda yaratdığı təhlükələri ciddiyə almağa çağırıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.