Gürcüstan parlamentində "xarici agentlər qanunu" kimi tanınan qanun layihəsinin müzakirəsi başlayır. Qanun layihəsi parlamentdə "xarici təsir agentləri" adı ilə qeydiyyatdan keçirilib. Sözügedən qanun layihəsinin Xarici Əlaqələr və Müdafiə və Təhlükəsizlik komitələrinin qapalı iclasında müzakirəsi zamanı müxalif deputatlar vətəndaş cəmiyyəti nümayəndələrini iclasda iştirakını istəyiblər. Bu zaman qanunu dəstəkləyən deputatlarla müxaliflər arasında qarşıdurma baş verib, yumruqlar işə düşüb. Bu da qanun layihəsinin geniş müzakirəsinin də gərgin keçəcəyini göstərir.
Milli.Az musavat.com-a istinadən bildirir ki,"Gürcü arzusu" və "Xalqın gücü" partiyalarının irəli sürdüyü qanun layihələrinə görə xaricdən vəsait alan təşkilatlar xarici agent kimi qeydiyyatdan keçiməlidir. Qanun pozuntuları ağır cərimələr və hətta 5 ilə qədər həbs cəzasını nəzərdə tutur.
Qərb qurumları layihəni sərt tənqid edib. ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan qanunu "rus qanunu" adlandırıb. Tiflisə digər Qərb dövlətlərinin səfirliklərindən və beynəlxalq qurumlardan birbaşa siqnallar gəlib ki, demokratik standartlara uyğun gəlməyən, Gürcüstanın Avropaya inteqrasiya prosesini xeyli çətinləşdirə biləcək belə bir qanunun təsdiqlənməsi son dərəcə arzuolunmazdır. Gürcüstan parlamentinin sədri Şalva Papuaşviliyə Avropa Şurasının İnsan Hüquqları üzrə Müvəkkili Dunya Miyatoviçdən oxşar məzmunlu məktub daxil olub.
ABŞ Dövlət Departamentinin mətbuat spikeri Ned Prays qanun layihələrinin guya amerikalı həmkarından kopyalandığına dair bəyanatları "açıq-aydın səhv" adlandırıb. Bildirib ki, Gürcüstanın qanuniləşdirmək istədiyi qanunlar ABŞ-ın deyil, "Macarıstan və ya Rusiya qanunlarına əsaslanır".
Avropa İttifaqının səfiri Pavel Qerçinski Papuaşvili ilə görüşüb və bundan sonra o, jurnalistlərə xarici agentlər haqqında qanun layihələri ilə bağlı çətin müzakirənin aparıldığını bildirib. "Qanunlar Aİ norma və dəyərlərinə uyğun gəlmir. Bu təşəbbüs 2022-ci ilin iyununda Gürcüstana təqdim edilmiş və icrası Aİ-yə namizəd statusu əldə etmək üçün zəruri olan 12 tövsiyədən ən azı ikisinə ziddir. Ümid edirəm ki, bu təşəbbüs qanun formasını almayacaq", - Qerçinski bildirib.
ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays və ABŞ Milli Təhlükəsizlik Şurasının keçmiş direktoru Fiona Hill Gürcüstanda demokratiyanın gerilədiyini bəyan ediblər: "Tiflis ABŞ gündəminə qayıtmalıdır. Gürcüstan Putin üçün rahat yerə çevrilib. Gürcüstan daha 2008-ci ildəki kimi demokratiyanın çırağı ola bilməz".
Gürcüstanın qeyri-hökumət təşkilatları (QHT-lər), media və hətta həmkarlar ittifaqları qanun layihələrindən son dərəcə narazıdırlar və parlamenti xarici agentlər haqqında qanun qəbul etməməyə çağırırlar. Qərbin və yerli cəmiyyətin belə kəskin reaksiyasına baxmayaraq, hakim partiyanın lideri İrakli Kobaxidze "iki qanun layihəsindən birinin mütləq qəbul ediləcəyini" bildirib.
Son ümid isə prezident Salome Zurabişvilidir. ABŞ-a səfərinə hazırlaşan Zurabişvili sözügedən qanun parlament tərəfindən təsdiqlənərsə, ona veto qoyacağını vəd edib.
Milli.Az