İdman

"Stadionumuzu da, klubumuzu da, hətta evimizi də “Qarabağ”ın üzünə açarıq"

23 Oktyabr 2020 20:00
Baxış: 1 548
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dünən bazaya gələndə baş direktorumuz Mustafa Eröğüt mənə dedi ki, UEFA Azərbaycanın "Qarabağ" klubuna öz meydanında oynamaq icazəsi verməyib. Eşitdim ki, alternativ ölkələr arasında Türkiyə də var".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin "Başakşəhər" klubunun prezidenti Göksəl Gümüşdağ "Anadolu" agentliyinə müsahibəsində deyib.

Avropa Liqasının 2-ci turunda keçiriləcək "Qarabağ" - "Vilyarreal" matçının "Başakşəhər Fatih Terim" stadionuna salınmasına münasibət bildirən klub rəhbəri bu qərardan məmnun olduğunu bildirib: "Azərbaycan klubu UEFA və "Başakşəhər"in razılığı olarsa, bizim stadionumuzda oynamaq istədiyini bildirmişdi. Mən də dedim ki, azərbaycanlı, xüsusilə qarabağlı qardaşlarımızı burada qəbul etməkdən qürur duyarıq. İki dövlət, bir millət hissini hər zaman yaşamışıq. Dostluq, qardaşlıq dar gündə bilinər. Stadionumuzu da, klubumuzu da, hətta evimizi də "Qarabağ"ın üzünə açarıq. Təlimat verdim ki, dərhal əlaqə saxlayın, bizim buna hazır olduğumuzu bildirin. UEFA bizdən qərarımızı soruşdu, cavabımız müsbət oldu".

Gümüşdağ "Qarabağ"ın hər 3 ev matçının onların stadionlarında keçirilməsinə razılıq verdiklərini deyib: "Oktyabrın 28-də Çempionlar Liqası çərçivəsində PSJ-ni qəbul edəcəyik, bir gün sonra isə "Qarabağ" "Vilyarreal"la qarşılaşacaq. Belə bir gündə ot örtüyündə yaranacaq problemdən danışmağa belə ehtiyac duymuruq. Biz onları ən yaxşı şəkildə evimizdə qəbul etməyə hazırıq. Can qardaşlarımızı, "Qarabağ" klubunu ən yüksək səviyyədə qonaq edəcəyik.

"Qarabağ"ın hər üç ev oyununu burada keçirilməsinə razılıq verdik. Ancaq UEFA hələlik bir oyunla bağlı qərar verib. Əgər UEFA müsbət rəy verərsə, "Qarabağ" digər iki görüşü də burada öz evindəki kimi keçirə bilər".

Xatırladaq ki, UEFA Dağlıq Qarabağdakı gərgin vəziyyəti nəzərə alaraq "Qarabağ"ın ev oyunlarını neytral meydanda keçirilməsi ilə bağlı qərar verib. "Qarabağ" - "Vilyarreal" oyunu oktyabrın 29-da olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.