Bir vaxtlar Avropanın nəhəng klublarından "Barselona"da çıxış edərək Çempionlar Liqasının qalibi olan Ceremi Matye bu günlərdə Fransanın Marsel şəhərində idman mağazasında müştəriləri qarşılayarkən görüntülənib.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, 41 yaşlı keçmiş Fransa millisinin müdafiəçisinin üzərində adı yazılmış iş formasında müştərilərə xidmət edərkən çəkilən fotoları sosial mediada gündəm olub.
Məşhur "L'Equipe" nəşri Matyenin hazırda Marselin Plan de Campagne səmtindəki idman mağazasında çalışdığını təsdiqləyib. Bildirilir ki, o, həm müştərilərlə ünsiyyət qurur, həm də mağazadakı şöbələrin və komandaların təşkilində aktiv rol alır.
Qeyd edək ki, Ceremi Matye futbol karyerasına Sochaux akademiyasında başlayıb. Daha sonra Tuluzaya keçərək 4 il bu klubun formasını geyinib. 2009-cu ildə "Valensiya"ya transfer olunan müdafiəçi 2014-cü ildə 20 milyon avroya "Barselona"ya keçib. Kataloniya klubunda 2015-ci ildə Çempionlar Liqasını qazanan Matye, üç il sonra Portuqaliyanın "Sportinq" klubuna transfer olunub. O, 2020-ci ildə karyerasına fasilə versə də, bir il sonra Fransada regional liqa komandası olan "Luynes"-ə qoşulub və 2023-cü ildə futboldan rəsmi şəkildə ayrılıb.
Hazırda məşqçilik sahəsində təhsilini davam etdirən keçmiş müdafiəçinin yaxın zamanda müvafiq lisenziyalar alaraq yeni bir karyera mərhələsinə keçəcəyi gözlənilir.
Fidan
Milli.Az