Cəmiyyət

Aksiz vergiödəyiciləri kimlərdir və aksizli mallara nə daxildir?

29 Noyabr 2021 23:45
0 Şərh     Baxış: 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İqtisadi mahiyyətinə görə aksizlər bir tərəfdən yüksək rentabelli məhsul istehsalından əldə edilən əlavə mənfəətin bir hissəsinin dövlət büdcəsinə tutulması, digər tərəfdən isə sosial cəhətdən zərərli malların istehlakının məhdudlaşdırılması məqsədilə tətbiq edilir.

Milli.Az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, aksizlərlə bağlı vergi ödəyicilərində sual doğuran məsələlərə iqtisadçı ekspert Radil Fətullayev aydınlıq gətirib.

İqtisadçının sözlərinə görə, aksiz ödəyiciləri sadələşdirilmiş vergiödəyicisi olmaq hüququna malik deyillər. Ölkəmizdə aksizli malların istehsalı və ya idxalı ilə məşğul olan bütün müəssisələr və fiziki şəxslər, ölkənin hüdudlarından kənarda bilavasitə özü və ya podratçı vergi vasitəsilə aksizli malları istehsal edən və istehsal etdiyi yerdə vergiödəyicisi kimi uçotda olmayan Azərbaycan Respublikasının rezidentləri aksizin ödəyiciləridir. Həmçinin aksizli mallar sifarişçinin göndərdiyi xammaldan Azərbaycan Respublikası ərazisində istehsal edildiyi hallarda, malların istehsalçısı (podratçı) aksizin ödəyicisidir: "Bu halda istehsalçı (podratçı) aksiz məbləğlərini sifarişçidən almalıdır. Aksizli malların istehsalçısı və sifarişçisi qarşılıqlı surətdə asılı olan rezident şəxslər olduqda isə malın sahibi (sifarişçi) aksizin ödəyicisidir".

R.Fətullayev qeyd edib ki, Vergi Məcəlləsinə əsasən, aksizli mallara içməli spirt, maya, pivə və spirtli içkilərin bütün növləri, tütün məmulatları, neft məhsulları, minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla), istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr, idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz, idxal olunan xəz-dəri məmulatları, energetik içkilər, avtobuslar (sıxılmış qazla işləyən avtobuslar istisna olmaqla) aiddir. Bunlardan əlavə, elektron siqaretlər üçün maye istehsal edən müəssisələr də aksiz vergisinin ödəyiciləridir.

Ekspert, həmçinin əlavə edib ki, aksiz bəyannaməsi hər ay üçün növbəti ayın 20-ə qədər təqdim edilməlidir. Hesablanmış vergi məbləği də həmin tarixə qədər büdcəyə ödənilməlidir. Aksiz ilə alınmış mallar aksizli malların istehsalı üçün istifadə edildikdə kənar təşkilatlara ödənmiş aksiz məbləği büdcədən əvəzləşdirilə bilər.

İqtisadçı nəzərə çatdırıb ki, Vergi Məcəlləsinə əsasən, fiziki şəxsin fərdi istehlakı üçün 1,5 litr alkoqollu içkinin, 200 ədəd siqaretin, 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın idxalı, həmçinin Azərbaycana avtomobillərlə gələn şəxslər üçün həmin avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş bakındakı yanacaq, Azərbaycan ərazisindən tranzitlə daşınan mallar, Gömrük Məcəlləsinin 192-ci və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda malların Azərbaycan ərazisinə müvəqqəti idxalı, Mərkəzi Bankının aktivlərində yerləşdirilmək üçün idxal olunan platin, qızıl və emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz, Dövlət Neft Fondunun aktivlərində yerləşdirilmək üçün idxal olunan qızıl, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar idxal edilən mallar aksizdən azad edilir.

Aksizdən azadolmalar yalnız gömrük rüsumlarından azadolmaların şərtlərinin yerinə yetirildiyi zaman tətbiq edilir.

Aksizin uçotu ƏDV-nin uçotu kimi aparılır. Lakin ƏDV-dən fərqli olaraq aksiz konkret mallara tətbiq edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.