Cəmiyyət

Həm qəhrəman oldu, həm də şəhadətə ucaldı - kəşfiyyatçı Hasil Abdullayevi tanıyaq - VİDEO - FOTO

3 Mart 2021 23:39
Baxış: 884

Azərbaycanın şanlı tarixini öz qanları ilə yazan qəhrəmanlarımızdan biri də kəşfiyyatçı Hasil Abdullayevdir. O, ömrünün 11 ilini Vətən keşiyində dayandı. Kəşfiyyatçı olaraq bir çox tapşırıqları uğurla icra etdi.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Abdullayev Hasil Miryusif oğlu 1985-ci il mayın 21-də Beyləqanın Dünyamalılar kəndində dünyaya göz açıb. Ürəyi Vətən sevgisi ilə döyünən Hasil hərbçi olmaq arzusu ilə yaşayıb. Məktəbli vaxtlarından idmanla məşğul olub. Orta məktəbi bitirən Hasil həqiqi hərbi xidmətə də sevinclə yollanıb. Hərbi biliklərə peşəkarcasına yiyələndikdən sonra müddətdən artıq xidmətçi kimi Vətənin keşiyində dayanıb.

Şəhidin anası Fazilə Abdullayeva deyir ki, Hasil öz istəyi ilə hərbçi olmaq yolunu seçdi. Xüsusi təlim kurslarını uğurla keçərək, hərb sənətinə yiyələndi. Vətən keşiyində dayandığı müddətdə bir çox uğurlu tapşırıqların icrasında Hasilin də xidmətləri olub. 2016-cı il Aprel döyüşlərində Lələtəpəyə bayraq sancalar arasında olan igidlərdən biri də Hasil idi.

Torpaqlarımızın azadlığı uğrunda döyüşmək, düşməni məhv etmək istəyən Hasilin arzusu Vətən müharibəsində gerçəkləşir. Döyüşlərin ilk günlərindən cəbhəyə yollanan Hasil kəşfiyyatçı yoldaşları ilə düşmənə bir çox ağır zərbələr endirib. Füzuli uğrunda gedən döyüşlərdə ağır yara almasına baxmayaraq, geri çəkilməyib. Tapşırıq uğurla icra edildikdən sonra Hasil yaralı vəziyyətdə hospitala yerləşdirilib. Başından snayper gülləsi ilə yaralanan və 14 gün ölüm-dirim mübarizəsi aparan Hasilin həyatını xilas etmək mümkün olmur. O, oktyabrın 16-da şəhidlik zirvəsinə ucalır.

Şəhidin həyat yoldaşı Aynurə Abdullayeva söyləyir ki, Hasilin ən böyük arzusu torpaqlarımızı azad etmək idi. "O, Vətəninə o qədər bağlı idi ki, hətta oğlunu da hərbçi kimi görmək istəyirdi. Müharibə başlayanda övladlarımızı mənə əmanət etdi və döyüşə yollandı. Vətənimizin azadlığı uğrunda qəhrəmancasına döyüşərək, ən böyük arzusuna qovuşaraq şəhadətə ucaldı", - deyə Aynurə Abdullayeva bildirir.

Şəhidin yadigar qalan iki övladı indi atasının nəsihətləri ilə böyüməyi, vətənpərvər olmağı qarşılarına məqsəd qoyublar.

Atasının qəhrəmanlığı ilə fəxr edən Miryusif Abdullayev deyir ki, hər dəfə televizordan torpaqlarımızın azad olunması xəbərini eşidəndə xüsusi sevinc hissi yaşayıb. Çünki torpaqlarımızı azad edən qəhrəmanlarımız arasında onun da atası var idi. Atasının şərəfli ömür yolunun onlar üçün qürur yeri olduğunu vurğulayan Miryusif fikirlərini şerlə ifadə edir:

Yaradan Allahdır böyüdən ata,

Ata övladın könül bağıdır.

Ruzisin Allahdan yedirən ata,

Süfrənin başında ata yaxşıdır.

Səhər Abdullayeva da şəhidin yadigar qalan övladlarından biridir. "Atam şərəfli ömür yolu keçdi və Vətənimizin azadlığı uğrunda canını əsirgəmədi. Onun ayrı-ayrı vaxtlarda keçdiyi iki döyüş yolu zirvə ilə nəticələndi. Çünki atam Aprel döyüşlərində bayrağımızı zirvələrə qaldırdı, Vətən müharibəsində isə özü şəhidlik zirvəsinə ucaldı", - deyə o qeyd edir.

Hasilin hərbçi yoldaşı olan Asim Əliyev söyləyir ki, o, çox peşəkar qorxmaz vətənpərvər bir hərbçi idi: "Onun 11 illik hərb təcrübəsi bizlər üçün məktəb idi. Bir çox təlimlərdən uğurla keçən Hasil xidməti dövründə fəxri fərmanlarla və medallarla təltif edilmişdi. Aprel döyüşlərində Hasillə bir yerdə düşmənə qarşı vuruşduq və bayrağımızı Lələtəpəyə sancdıq. Vətən müharibəsi zamanı Hasil digər bölmədə müşahidə postunda idi. Biz isə düşmən hücumunun qarşısını almaq üçün əks-həmlə etmişdik. Sentyabrın 27-də düşmənin ilk cəbhəsini yararaq irəlilədik. Sonrakı tapşırıqda isə Nüzgar kəndindən Hadrut istiqamətinə hücum zamanı düşmənin kəşfiyyat qrupu bizi mühasirəyə almaq istədi. Hasil isə bunu müşahidə postundan gördü və bir neçə nəfərlə düşmənə qarşı hücuma keçdi. O, səhər saat 11 radələrində yaralanmasına baxmayaraq, düşmən qüvvəsi tam məhv olana qədər - axşam saat 6-7-dək döyüşdə iştirak etdi və düşmənin bizi mühasirəyə almasına imkan vermədi. Tapşırıqdan qayıdandan sonra Hasili təxliyə etdik. On dörd gün həyat və ölüm arasında mübarizə apardı. Həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmadı və şəhadətə ucaldı".

Şəhidin qardaşı Mirsahib Abdullayev deyir ki, Hasil dünyaya sanki kəşfiyyatçı olmaq üçün gəlmişdi. Hər zaman qapalı olardı, heç kəsə sirr verməzdi. İdmana çox bağlı idi. Hasil ən böyük arzusunun ardınca getdi və hərbçi olaraq Vətənə xidmət etməyi, şərəfli yolu seçdi.

Qardaşının sözlərini xatırlayan Mirsahib bildirir ki, Hasilin bir sözü vardı: "Biz hərbçilərin üç yolu var - ya qəhrəman, ya qazi olmaq, ya da şəhadətə ucalmaq". O, bu arzusuna qovuşdu, həm qəhrəman oldu, həm də şəhadətə ucaldı.

Qeyd edək ki, Hasil Abdullayev Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.