Cəmiyyət

Müharibəyə 3 oğul göndərdi, biri şəhid oldu... - FOTO

14 Yanvar 2021 12:35
Baxış: 2 820
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəran şəhərinin Boladı kəndindən olan İbadovlar ailəsinin üç üzvü 44 günlük Vətən müharibəsində iştirak edib. Qardaşlar Cəmil, Aqşin və Məmmədhüseyn İbadovlar müharibənin ilk günlərindən döyüşlərə qatılıb. Onlardan biri 1984-cü il təvəllüdlü XTQ-nin kəşfiyyatçı mayoru A. İbadov oktyabrın 19-da Hadrutda Tuğ kəndinin yaxınlığında düşmənin atdığı minomyot mərmisindən şəhid olub. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ailədə 4 oğul, iki qızı olan İbadovlar ailəsinin 3 oğlu hərbçidir. Hazırda özəl təşkilatda çalışan ailənin böyük qardaşı Emil İbadov şəhid qardaşı və hazırda xidmətdə olan digər iki qardaşı haqqında "Qafqazinfo"ya danışıb. 1975- ci il təvəllüdlü E. İbadov özü də 1994- cü ildə birinci Qarabağ müharibəsində YAŞMA xüsusi təyinatlı batalyonunun tərkibində döyüşlərdə iştirak edib. 

E. İbadov bildirib ki, şəhid qardaşı Aqşin İbadov 2019-cu ilin avqust ayında 36 yaşında ailə qurmuşdu: "O, ötən ilin sentyabr 25-də Türkiyənin Milli Müdafiə Universitetini bitirdikdən sonra vətənə qayıtdı. Sentyabrın 30-dan isə döyüşlərə qatıldı. Sentyabrın 16-da Zeynəb adında qız övladı dünyaya gəlmişdi. Qardaşım övladıyla cəmi 9 gün bir yerdə ola bildi.

Şəhidin qızı Zeynəb

O, Kəlbəcərin bəzi hissələrinin, Füzuli, Cəbrayıl, Zəngilan və Xocavəndin azad olunması uğrunda döyüşlərdə iştirak edib. Hadrut yaxınlığında Tuğ kəndinin ərazisində adsız yüksəkliklərin azad olunması və Xankəndi-Şuşa yolunun təmizlənməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın, Füzulinin və Kəlbəcərin azad olunması uğrunda" medalları ilə təltif olunub. O, "Xilaskar" təxəllüsüylə şeirlər də yazırdı. Yoldaşına sentyabrın 28-də içində narahatlıq olduğuna dair mesaj da yazmışdı. Hərbçi qardaşlarım dekabrın sonlarında onun şəhid olduğu ərazidə olublar. Aqşinin orada qalan əşyalarını, kaskasını və ona məxsus olan kiçik ölçülü Quran kitabını götürüblər. 

Aqşin İbadovun həyat yoldaşına ünvanladığı məktub:

Fotoda: Aqşin İbadov

Döyüş yoldaşlarından biri bu günlərdə mənə yazdı ki, 13 oktyabr tarixində Aqşin onlara rəhbər təyin edilib. Tapşırıqları Cəbrayıl-Füzuli yolunun Hadrut istiqamətindəki ərazilərdə düşməni təmizləmək və Hadrutdan Tuğ kəndi ərazisindəki mühüm yüksəklikləri ələ keçirmək olub. 3 gün yol gedərək ərazidəki düşmən qruplarını məhv ediblər. Aqşin yüksəklikdən müşahidə edərək gedəcəkləri obyekti göstərib. Yemək və suları bitibmiş. 17 oktyabrda şəxsi heyət istirahət edərkən döyüş yoldaşı bir neçə nəfərlə mühafizəni təşkil etməli imiş. Aqşin səhra gödəkçəsini ona uzadaraq soyuq olduğunu və cibində lazım olacaq əmanətin olduğunu qeyd edib. Döyüş yoldaşı cibinə baxdıqda 300 ml suyun olduğunu görüb. Aqşin suyunu içməyibmiş. Suyu lazım olan vaxt halı dəyişən olan şəxsin istifadə etməsi üçün saxlayırmış. Halbuki özünün suya çox ehtiyacı var imiş. 

Türkiyədə Milli Müdafiə Akademiyasında ötən ilin noyabrın 1-i dərslər başlayanda Atatürkün xatirəsi anıldıqdan sonra qardaşım Aqşinin xatirəsi də anılıb. Daha sonra müəllimləri, türk generalları onun haqqında xatirələrini danışıb və çox üzüldüklərini bildiriblər. Çünki Aqşinə hər zaman deyirmişlər ki, sən gələcək Azərbaycan hərb elitasının öndə olan generallarından olacaqsan". 

Aqşin İbadov

Qeyd edək ki, şəhid A. İbadov 2001-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və 2005-ci ildə "Kəşfiyyat" ixtisası üzrə oranı bitirib. İlk iş yeri Ağstafa rayonunda yerləşən "N" saylı hərbi hissə olub. Müxtəlif illərdə Mingəçevirdə, Murovdağ istiqamətində, Gədəbəydə yerləşən ayrı-ayrı hərbi hissələrdə nümunəvi xidmət aparıb və kəşfiyyatçı zabit kimi kəşfiyyat taqım komandiri, kəşfiyyat bölük komandiri və hərbi hissənin kəşfiyyat rəisi kimi vəzifələrini yerinə yetirib. 2015-2018-ci illər arasında müxtəlif ölkələrin hərbçilərinin də qatıldığı kurslarda və seminarlarda iştirak edərək sertifikatlar, diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılıb. A. İbadov həmçinin Hərbi Attaşe kursunu da keçib. O, erməni dili kursuna da yazılmışdı. 2018-ci ildə Ali Hərbi Akademiyaya daxil olub. Oranı bitirdikdən sonra Türkiyədə İstanbul Milli Müdafiə Universitetində magistr təhsili alıb. 

Hazırda orduda xidmətini davam etdirən digər hərbçi qardaş 1977- ci il təvəllüdlü Cəmil İbadov isə 2000- ci ildə gizirlər məktəbini bitirib. Həmçinin Türkiyənin Adana vilayətində zirehli texnika üzrə kurs keçib. O da 27 sentyabrdan etibarən döyüşlərə qatılıb. Ailəlidir, iki övladı var. 

Cəmil İbadov

Ailənin balaca qardaşı 1982-ci il təvəllüdlü Məmmədhüseyn İbadov da hazırda xidmətdədir. O, Bakı Ali Hərbi Məktəbini bitirib. N saylı hərbi hissənin əməliyyat rəisi kimi 27 sentyabrdan 44 günlük döyüşlərdə iştirak edib. Oktyabr ayında döyüşlərin getdiyi vaxt mayor rütbəsindən polkovnik-leytenant rütbəsinə layiq görülüb. Ailəlidir, iki övladı var. 

Məmmədhüseyn İbadov

Qeyd edək ki, hərbçi qardaşlar Boladı kəndində ziyalı ailəsində dünyaya gəlib. Onların atası Nazim İbadov Lənkəranın Liman şəhərində 43 il  riyaziyyat və fizika dərslərini tədris edib. 

İbadovlar nəslinin daha bir təmsilçisi kapitan, hərbçi qardaşların əmisioğlu 1989-cu il təvəllüdlü İbadov Arzu Balahüseyn oğlu da Vətən müharibəsində iştirak edib. O da  hazırda orduda xidmətini davam etdirir. Hadrut uğrunda gedən ağır döyüşlərin birində düşmənin pilotsuz uçuş aparatını, Qubadlı uğrunda gedən döyüşlərdə isə şəxsi heyəti ilə birgə düşmənin "Su-25" hərbi təyyarəsini vurub. Ailəlidir, 2 övladı var. 

Arzu İbadov 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.