Cəmiyyət

Bahalı iş asan, ucuz iş isə çətindir - Avtomobilinin rəngini dəyişmək istəyənlərin NƏZƏRİNƏ - VİDEO

4 Sentyabr 2020 15:11
Baxış: 1 311
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtomobilin rənglənməsinin qiymətini dəyişən bir sıra məqamlar var: maşının ban növü, sifariş olunan boyanın rəngi, növü, keyfiyyəti. Qiymət təxminən 1000 manatdan 2600 manata qədər dəyişir. Amma cibində pulu olan avtomobil həvəskarlarını bu qiymət çəkindirmir.

Milli.Az bildirir ki, ARB TV-də mövzu ilə bağlı süjet yayımlanıb.

Sürücü: "Rəngini dəyişməyə təxminən 1500-1600 manat xərcim çıxdı".

Avtomobilin rəngini dəyişmək istəyən gənclər daha çox köhnə rəngi qorumaq üçün vinildən istifadə edirlər. Təbii ki, vinil rəngdən bir az baha başa gəlir.

Mirzə Quliyev - Tuninq şirkətinin satış təmsilçisi: "Biz onun üzərinə vinil çəkəndən sonra avtomobilin altındakı rəngi ilk günkü kimi qalır. Vinildə olan rəng qammaları boyada yoxdur. Məsələn, xrom, satin effektləri. Onlar boyada effektiv alınmır".

Uzun illərdir ki, bu işlə məşğul olan Mirzə Quliyev deyir ki, bəzən gənclər avtomobillərin rəngini dəyişdirmək istəsələr də fikirlərindən daşınmağa məcbur olurlar.

Mirzə Quliyev - Tuninq şirkətinin satış təmsilçisi: "Avtomobilini vinil eləmək istəyir, hər bir şeydə razılaşmışıq. Biləndə ki, sənəd işləri var, növbə filan, fikrindən yayınır".

Dördçarxlı yol yoldaşına yeni görkəm vermək nə ədəbsizlik, nə xuliqanlıq, nə də qanunsuz hərəkət hesab edilir. Bəli, bu, qanunla tənzimlənir. Amma prosesin uzun, yorucu və baha başa gəlməsi avtomobil sahiblərinin əlini soyudur. Söhbət rənglənmənin yox, yeni rəngə uyğun sənədləşmənin çətinliyindən gedir.

Sürücü: "Avtomobilin rəngini dəyişmək dövlət yol polisi ilə bir az çətin başa gəlir. Vaxt aparır, işimiz yubanır".

Sürücü: "Rənglə bağlı problemlər yaranır. Rəsmi ödəniş nədirsə, qarşı tərəf ona uyğun iştirak eləmir".

Bəs əslində, qanun bu prosesə necə yanaşır?

Mübariz Ağayev - BDYPİ-nin rəsmisi: "Əgər nəqliyyat vasitəsinin sahibi zərurət yaranarsa, nəqliyyat vasitəsinin rənginin dəyişdirilməsi niyyətindədirsə, bunun üçün mütləq həmin nəqliyyat vasitəsinin ixtisasdaşdırılmış təmir müəssələrində rəngi dəyişilməlidir. Bundan sonra həmin nəqliyyat vasitəsi yol polis idarəsinin qeydiyyat məntəqələrində müayinə olunmalıdır. Həmin müayinələrdən sonra nəticələrdən asılı olaraq  nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində rənginin dəyişdirilməsi ilə bağlı qeydlər aparılmalıdır".

Elməddin Muradlı - Ekspert: "Müvafiq servis xidmətində həyata keçirilir. Avtomobil təkrar dövlət qeydiyyatına alınır. Onun qeydiyyat şəhadətnaməsində rəngi fərqli yazılır. Avtomobilin texniki pasportu dəyişdiyinə görə 25 manat rüsum ona nəzərdə tutulur və avtomobil texniki müayinə edilir. Bunun rüsumu 20 manatdır. Rəng dəyişdirilməsinə görə əlavə rüsum nəzərdə tutulmur. Boya bahalıdırsa, texpasport da bahalı ola bilməz, boya ucuzdursa, proses də qısa çəkə bilməz. Belə bir anlayış yoxdur".

Ekspert onu da deyir ki, bütün sənədləşmə proseduru bir gün ərzində başa çatmalıdır. Avtomobillərin rənginin dəyişdirilməsi ilə bağlı rəsmiləşdirməni ərazi üzrə regional-qeydiyyat-imtahan və texniki baxış şöbələrində müvafiq rüsumu ödəməklə etmək mümkündür. Sadəcə, qanunu bilmək və qarşı tərəfin də buna əməl etməsini tələb etmək kifayətdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.