Cəmiyyət

"Dəstək ola bilər, amma hər şey insanın özündə bitir" - Uğur hekayəsi - FOTO

24 May 2020 21:05
Baxış: 1 021
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elnar Məmmədli: "İnsan nəyəsə nail olmaq istəyirsə, çətin yollardan keçir"

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Hələ məktəb illərindən xaricdə təhsil almaq arzusu olur. Ancaq bu istəyi bir az gec - üçüncü kursda oxuyanda reallaşır. Heç nəyə baxmayaraq, təhsilini yarımçıq qoyub, bu arzusunu reallaşdırır və oxumağa gedir. Artıq 10 ildir ki, Kanadada yaşayır.

Müsahibimiz "InXpress" şirkətinin Kanadada françayz sahibi, "Grand & Toy" şirkətində isə müştəri hesabları meneceri işləyən həmyerlimiz Elnar Məmmədlidir. O, həmçinin Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin prezidentidir.

- Azərbaycan Dövlət İqtisad Universitetində - Xüsusi İstedadlar Qrupunda (XİQ) təhsil almısınız, amma 3-cü kursda burada təhsili yarımçıq qoyub Kanadada yenidən bakalavr oxumağa getmisiniz. Bu qərarı verməyinizin səbəbi nə idi?

- Hələ məktəb dövründən başlayan xaricdə təhsil almaq kimi arzum var idi və bu istək günü-gündən böyüyürdü. Hər gün davamlı olaraq bunun üçün çalışırdım, aktiv şəkildə proqramlara müraciət edirdim. 665 balla İqtisad Universitetinə qəbul oldum. O vaxt müxtəlif təqaüd proqramlarına müraciət edirdim, amma nədənsə alınmırdı. Birinci kursda Azərbaycanın Xaricdə Təhsillə bağlı Dövlət Proqramı ilə İngiltərədə təhsil üçün müraciət etdim, qəbul etmədilər. Daha sonra Rumıniyanın təqaüd proqramına cəhd etdim, o da alınmadı. Düzdür, universitetdə oxuyurdum, amma xaricdə təhsillə bağlı da araşdırırdım, müraciət edirdim. Alındığında mən üçüncü kursun ortasındaydım. Universiteti başa vurmaq üçün bir il yarım qalırdı. Bu arzu o qədər böyük idi ki, mənim gözümdə başqa bir şey görünmürdü. Ona görə bəzi şeylərdən imtina etməli oldum və buna da peşman deyiləm. Çünki Kanadada istədiyim universitetdə və ixtisasda təhsil aldım.

- Sizin gözünüzə heç nə görünməyə bilər, amma çox vaxt valideynlər övladlarına təhsili yarımçıq qoymağa imkan vermirlər, "Diplomu al, sonra nə edirsən, et" deyirlər.

- Artıq arzumun böyüklüyü onlara da təsir etmişdi və bu, onların da istəyinə çevrilmişdi. Digər tərəfdən, valideynlərim nə mənə, nə də qardaşıma bu cəhətdən müdaxilə etmirdilər, qərar verməyi öz öhdəmizə buraxmışdılar. Nə qərar versəm, dəstəkləyəcəklərini bilirdim. Elə də oldu.

- Azərbaycanda və Kanadada aldığınız təhsildə ixtisas fərqi oldumu?

- Bakıda beynəlxalq iqtisadi münasibətlər üzrə oxuyurdum. Kanadada Kalqari Universitetində iqtisadiyyat üzrə bakalavr təhsili aldım.

- XİQ-də oxuyan müsahibimiz çox olub, böyük qismi artıq tələbə vaxtından işləməyə başlayıb. Bakıda tələbə olduğunuz dövrdə işlədiniz?

- Mənim Bakıda iş həyatım 2-3 aylıq olub, aktiv şəkildə işləməmişəm. Əgər bir məqsədim varsa, ona fokuslanmağı xoşlayıram. O dövrdə iş həyatına atılmamağımın səbəbi xaricdə təhsilə olan fokusumu dağıtmamaq idi. Bəlkə də tələbə vaxtı Bakıda işləmiş olsaydım, tamam başqa yolla gedərdim. Ancaq mən hara getdiyimi bilirdim və o fokusu dağıtmaq istəmirdim.

- Bəs Kanadada necə, iş həyatına başlamaq üçün təhsilin bitməyini gözlədiniz?

- Mən fərqli ölkəyə, yeni mədəniyyətin içərisinə düşmüşdüm. Belə olan halda insan aktiv öyrənməyə başlayır. O dövrdə mənim qısa zamanda iş tapıb çalışmaq kimi prioritetim yox idi. Təhsildən başqa əsas məqsədim araşdırmaq, öyrənmək idi. Buna görə sosial və intellektual çevrəmi genişləndirmək üçün çalışırdım, ölkə, burdakı iş mühiti, həyat tərzi və s. haqqında araşdırırdım.

Ancaq işlər də olurdu. 2-ci kursda mentorluq etməyə başladım. Universitetdə belə imkan olur ki, yuxarı kurslarda oxuyan, bəzi fənlərdən qiymətləri yaxşı olan tələbələr aşağı kurslarda təhsil alanlara mentorluq edirdilər. Mən də bu işə qoşuldum. Maraqlı idi, bu işi görərkən həzz alırdım. Bunun üçün bizə ödəniş də edilirdi.

Daha sonra yerli maliyyə şirkətlərində, kiçik şirkətlərdə layihələrdə işlədim. 4-cü kursun sonlarına yaxın "Enterprise Holding"də yarımştat çalışmağa başladım. Bu Rent-A-Car şirkəti idi. Ordakı 9 aylıq fəaliyyət mənim üçün yaxşı təcrübə oldu. Əsas məqsəd pul qazanmaq yox, öyrənmək idi. Çünki özümü universiteti bitirəndən sonrakı iş mühitinə hazırlayırdım.

- Maliyyə cəhətdən xərclərinizi valideynlər qarşılayırdı? Çünki qardaşınızla eyni vaxtda təhsil almısınız.

- Bəzi gündəlik xərclərimizi özümüz qarşılaya bilirdik, amma əsas maliyyə yükü valideynlərin üstündə idi. Daha doğrusu, qardaşım dövlət proqramı ilə təhsil alırdı, valideynlər mənim xərclərimi qarşılayırdılar.

- Universitet vaxtı özünüzü iş mühitinə hazırlamaq üçün işlədiyinizi dediniz. Təhsili başa vurandan sonra iş tapmağınız necə oldu?

- Təhsili başa vurandan sonra iş tapmaq bir neçə ay vaxt aldı. İşlərə müraciət edirdim, müsahibələrə qatılırdım. Həmin dövrdə neftin qiyməti düşdüyü üçün iqtisadiyyat o qədər yaxşı deyildi. Bir neçə ay sonra "Xerox" şirkətində hesab üzrə menecer olaraq işə qəbul edildim. Qlobal şirkət idi və mənə yaxşı təcrübə qazandırdı. Bu, mənim həyatımda dönüş nöqtəsi oldu.

- Bir ildən bir az çox həmin şirkətdən çalışdıqdan sonra başqa bir işin idarəetməsini üzərinizə götürməyinizin səbəbi nə oldu?

- "Xerox"da çalışdığım müddətdə satış, biznes inkişaf, hesab menecerliyi və s. üzrə dünya səviyyəli treninqləri tamamladıq. "Xerox" qlobal səviyyədə qeyd etdiyim sahələrdə olan treninqlərinə, təcrübəsinə görə öndə gedənlərdəndir. Eyni zamanda, bir il ərzində şirkətdə yaxşı nəticə göstərdim, "President club"lara nail oldum. "President club" odur ki, şirkətdə hər bir işçi üçün bir kvota olurdu. 100 min dollardan çox satış etdiyin zaman "President club"a daxil olurdun. Mən bir il ərzində iki dəfə o mükafata layiq görülmüşdüm. Ən yüksək olanı bu idi, ona görə əsas bunu qeyd etdim. Eyni zamanda, şirkətdə çalışdığım müddətdə yaxşı müştəri bazası olacaq əlaqələr qurmuşdum. Bu əlaqələri istifadə etmək istəyirdim. Ona görə də öz biznesimizi qurmaq qərarı verdik.

"Xerox"da deyil, başqa şirkətdə işləsəydim, bəlkə də o addımı atmayacaqdım. O şirkətdə çalışmağım və öyrəndiklərim məndə özgüvən və öz işini qurmaq arzusu yaratdı. Davamlı olaraq hansısa işi qurmaqla bağlı araşdırma aparırdım. Həmin ərəfədə "InXpress" şirkəti Kanadada françayzinq lisenziyası satırdı. Onunla maraqlandıq. Təbii ki öz biznesimizə başlamaq riskli idi. Bu riski analiz edib qərar vermək aylarla vaxt aldı. Bu, mənim üçün çətin qərar idi. Çünki uğurla fəaliyyət göstərdiyim şirkətdən uzaqlaşıb yeni bir addım atırdım. Amma insan daha çox etmədiklərindən dolayı peşman olur. Ona görə qərar verdik ki, bu işi quraq. Beləliklə, 2017-ci ilin oktyabr ayında şirkətin Kalqari və Edmonton şəhərləri üzrə françayzinqlik lisenziyasını aldıq. Bu, logistika ilə bağlı konsaltinq şirkətidir. Türkiyədən olan bir dostumla ortaq bu işə başladıq. Həmin vaxt "Xerox"dan çıxdım. Çünki iş yenidən qurulurdu və daha çox vaxt sərf etməliydik. Düşündük ki, işi qurub müəyyən səviyyəyə gətirəndən sonra satarıq. Hələ də davam etdiririk, amma bu aralar müəyyən təkliflər gəlir, satış məsələsi aktualdır.

- Maraqlıdır, niyə iş ortaqlığı üçün qardaşınızı deyil, başqa birini seçdiniz?

- İxtisası ilə əlaqədar qardaşımın marağı daha çox texnologiyaya idi. Həm də həmin ərəfədə bir şirkətdə işləməyə yenicə başlamışdı. Həm də qardaşımla başqa planlarımız da var idi. Bir startap layihəmiz var, qardaşımla onun üzərində işləyirik. 

- Sanki hər şey öz axarı ilə gedib. Təhsil almısınız, bir neçə ay vaxt aparsa da iş tapmısınız, işinizi qurmusunuz... Doğrudan belə gedib?

- (Gülür) Bu, heç də axarıyla gedən yol olmayıb. Üzdə belə görünə bilər. Kanadaya xaricdə təhsil almaq üçün dəfələrlə İELTS, TOEFL imtahanlarına girib aşağı nəticə toplamaq, yenidən çalışmaq mərhələsini keçmişəm. Bu, bir-iki yox, bir neçə dəfə təkrarlanıb. Daha sonra bəlkə də, onlarla, iyirmilərlə, otuzlarla müsahibələrdə iştirak edəndən sonra iş tapmışdım. Təhsil aldığım dövrdə səhhətimlə bağlı sıxıntılarım oldu, o, həyatımda böyük dəyişikliklər etdi. Bəzi şeylərdən imtina etməli oldum. Heç nə öz axarında getmir. İnsan nəyəsə nail olmaq istəyirsə, çətin yollardan keçir. Heç nə şansla olmur. Düzdür, dəstəklər ola bilər, amma hər şey insanın özündə bitir.

- İdarə etdiyiniz işlə yanaşı, artıq başqa bir şirkətdə də çalışırsınız. Buna imkan olur?

- Həmin biznesi almağımızın əsas səbəblərindən biri onun modeli idi. Biznes modeli ondan ibarət idi ki, işi qurandan sonra biznes özlüyündə avtomatik olaraq passiv gəlir gətirir. Hazırda o biznesə gündəlik 1-2 saat vaxt ayırıram və özlüyündə biz ordan satış əldə edə bilirik. Ona görə başqa iş üçün də vaxtım var idi. Bu biri iş də evdən işləmək üçün uyğundur. Ona görə bu işə müraciət etdim və hər iki işi eyni vaxtda aparmaq problem deyil.

- Həm də Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin prezidentisiniz. Bu könüllü fəaliyyətə qoşulmağınız necə oldu?

- Cəmiyyəti Kanadada yaşayan azərbaycanlı Səbinə İskəndərova və yoldaşı Arif bəy 14 il əvvəl qurub. Kanadadakı ən uzunömürlü azərbaycanlı cəmiyyətindən biridir. Mən 10 il əvvəl Kanadaya gəldiyimdə cəmiyyətin bir tədbirində onlarla tanış olmuşdum. Daha sonra universitetdə azərbaycanlı tələbələrlə bir yerdə Azərbaycanlı Tələbələr Klubunu qurmuşduq. Bu zaman Alberta Azərbaycan Mədəniyyət Cəmiyyəti ilə əlaqələrimiz daha da yaxınlaşdı. 2018-ci ilin əvvəlindən isə həmin cəmiyyətdə prezident kimi fəaliyyət göstərirəm. Ənənəvi olaraq ildə iki dəfə - Yeni ildə və Novruz bayramında böyük tədbirimiz olur. Azərbaycanlılar arasında əlaqə qurmaq, mədəniyyətimizi təbliğ etmək kimi fəaliyyətlərimiz var.

- Rubrikamızın ənənəvi sualı: sizə görə uğurun sirri nədir?

- Uğurlu birisi kimi deyil, sadəcə, uğurlu olmağa çalışan birisi kimi paylaşmaq istərdim ki, ilk olaraq hər birimiz özümüz üçün uğurun nə olduğunu müəyyənləşdirməliyik. Kimimiz üçün uğur milyon dollar qazanmaqdır, kimimiz üçünsə karyerada ən pik nöqtədə olmaq, yaxud sağlam ailə həyatının olması və s. Adətən hər birimizin içindəki o tutuşan istək, arzu bunu müəyyənləşdirməkdə bizə kömək edir. Artıq bunu özümüzdə müəyyənləşdirdikdən sonra ona uyğun (qısa, orta, uzun dönəmli) hədəflər seçib onlara çatmaq üçün çalışmalıyıq. Burada çalışmağın ən önəmli olduğunu vurğulamaq istərdim. Çünki idman, biznes, karyera və s. sahələrdə uğurlu şəxslərə baxanda onları birləşdirən bir nüans var, o da onların başqalarına nisbətən daha çox çalışmalarıdır. Amma eyni zamanda kortəbii, korhəvəsli çalışmağımız da yanlışdır. Müntəzəm şəkildə proqresi analiz etməliyik. Bəzən irəli daha böyük addım atmaq üçün geriyə addım atmağı bacarmalıyıq. Mənə görə məqsədə doğru şüurlu çalışmaqla uğur qazanmaq mümkündür.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.