Cəmiyyət

Aİ Gürcüstanda Avropa Məktəbi açdı - PULSUZ TƏHSİL - REPORTAJ - FOTO

17 Sentyabr 2019 09:23
0 Şərh     Baxış: 1 899

Dünən Avropa İttifaqı Gürcüstan hökuməti ilə birlikdə Gürcüstanda Avropa Məktəbinin tikintisinə start verdi. Bu məktəb Aİ-nin sərhədlərindən kənarda fəaliyyət göstərəcək ilk belə məktəbdir. Bu birgə təşəbbüs həm gürcü tələbələri, həmçinin bölgənin digər ölkələrindən olan tələbələr üçün Avropa və beynəlxalq multikulturalizm, sülh və tolerantlıq dəyərlərinə əsaslanan təkrarolunmaz bir təhsil modeli üzərində qurulan məktəbin yaranması ilə nəticələnib.

Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı Yohannes Han və Gürcüstanın baş naziri Giorgi Qaxariya məktəbin rəsmi açılışında iştirak ediblər.

Komissar Yohannes Han bildirib: "Avropa Komissarı olaraq Avropa İttifaqına qonşu ölkələrdə olan gənclərə daha çox imkanlar vermək, bacarıqlarını inkişaf etdirmək və iş qabiliyyətlərini artırmaqda kömək etmək mənim üçün prioritet olub. Bu çərçivədə, Şərq Tərəfdaşlığı ölkələrində gənclər və təhsil sahələri üzrə maliyyə dəstəyimizi ikiqat artırdıq və əhəmiyyətli nəticələr əldə etdik. Gürcüstanda Avropa Məktəbinin açılması vətəndaşların həyatına fayda gətirmək öhdəliyimizin ən bariz nümunəsidir".

Tbilisinin Lisi gölünün yaxınlığında tikiləcək məktəbin qapılarının 2023-cü ildə ilk şagird qrupunun üzünə açılacağı gözlənilir. Gürcüstan, eləcə də Ermənistan, Azərbaycan, Belarus, Moldova və Ukraynadan olan tələbələr bu məktəbdə Gürcüstan, Avropa və beynəlxalq təhsil sistemlərinin yüksək tələblərinə cavab verən təkrarolunmaz tədris planı üzrə təhsil ala biləcəklər.

Bu yenilikçi təşəbbüs, Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynadan olan 16 və 17 yaşlı tələbələrə Avropanın məktəb sistemindən ilhamlanan xüsusi tədris proqramı üzrə təhsil təklif edən və 2018-ci ilin sentyabr ayında həyata keçirilməyə başlanan pilot təqaüd proqramına əsaslanır.

Tbilisidə Avropa Məktəbi iki ildir fəaliyyət göstərir. Dünən isə qeyd olunduğu kimi, məktəbin tədris binasının tikinti prosesi başladı. Şagirdlər isə hələlik müvəqqəti olaraq başqa yerdə oxuyurlar. Bu il Azərbaycanı sözügedən məktəbdə 16 yaşlı Ayla Alina təmsil edirlər.

Qızlar tədris sistemindən çox razıdırlar.

Ayla:

"Yeni məktəb haqda internetdən öyrəndim. Facebook-da Eastern partnership səhifəsində elan gördüm, şagirdlər üçün təqaüdlü proqram haqda. Əvvəl fikirləşdim ki, mümkün deyil bu qədər təklif olunan imkan. Amma yenə də sınadım, müraciət etdim. Bu günlərdə isə burada təhsil almağa başladım. İlk ilimdir. İki illik proqramdır. Bakıda liseydə oxuyurdum. İngilis dilimi təkmilləşdirmək üçün müəllim yanına gedirdim. "Bir dil bir insandır" deyiblər. Məqsədim bu dili mükəmməl öyrənib xaricdə psixologiya elmini öyrənməkdir. Bunun üçün ingilis dilində çox sayda kitab var. Ailədə tək uşağam və bütün uğurlarım anam ilə bağlıdır. O, məni yönləndirdi. Bilir ki, oxumalıyam. Burada təhsil pulsuzdur. İstəyirəm, Azərbaycandan buraya daha çox insan gəlsin. İki il oxuduqdan sonra bakalavriat diplomu verilir".

Alina:

"Mən də liseydə oxumuşam. Eastern partnership Facebook səhifəsində elan gördüm və özümü sınamaq qərarına gəldim. Və artıq buradayam.

İngilis dilini balacalıqdan öyrənirdim. Kurslara getmişəm. Xaricdə oxumaq istəyirəm. Buradan sonra da təhsilimi davam etdirmək istəyirəm. Avropa Məktəbindən sonra xaricdə təhsili davam etdirmək daha rahatdır".

Ayla:

"Bura qəbul olmaq üçün sən ən azı B1 (Intermediate English) səviyyədə İngilis dilini bilməlisən. Və bundan başqa imtahanda ingilis dilində riyaziyyatdan suallara cavab verməlisən. İmtahandan başqa Avropa Məktəbinə qəbul olmaq üçün ərizə yazmaq lazımdır, valideynlərin razılığı haqda sənəd olmalıdır və məktəb qiymətlərinə dair sənəd. Sonra Bakıda imtahan verirsən".

Alina: "Azərbaycandan bu il 8 nəfər olub. İkinci mərhələyə 4-5 nəfər keçib, sonra isə bizi seçiblər. Bu il Azərbaycandan burada iki nəfər var. Amma başqa ölkələr daha geniş təmsil olunub. Məsələn, Ukraynadan 50 nəfər var. Burada çox maraqlı tədris keçirilir. Məsələn, "Cas" və "Tok" dərsləri var. "Tok"da bilik nəzəriyyəsini öyrədirlər. "Cas" isə kreativlik, aktivlik, servis kimi başa düşülür".

Ayla: "Məsələn, şəhərdə gəzirsən və sayta çəkdiyin şəkili yükləyirsən. Müəllimlər isə çəkdiyin şəkillərə görə kreativliyini qiymətləndirirlər".

Alina: "Bunun üçün ayrıca sayt var və orada ayda ən azı iki paylaşım etməlisən. Bəzən hansısa əlamətdər günlərlə bağlı biz tamaşa, plakatlar hazırlayırıq. Dərslərimiz çox maraqlı keçir və bütün xərclər məktəb tərəfindən qarşılanır. Çox istərdim ki, Azərbaycandan buraya daha çox insan gəlsin, çünki bu məktəbin gələcəkdə daha yaxşı təhsil almaq üçün çox xeyri var".

Tarixçə

Aİ-nin Şərq Tərəfdaşlığı ilə əməkdaşlığının ana xəttini gənclər üçün gələcək imkanların yaxşılaşdırılması təşkil edir. Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə birgə Avropa İttifaqının məqsədi gənclərə təhsil, iş, cəmiyyətin bütün sahələrində tam olaraq iştirak etmələri və potensiallarını həyata keçirmələri üçün əlavə imkanlar yaratmaqdır. Aİ özünün 340 milyon avro dəyərində dəstək paketi ilə bölgədə təhsilin və məşğulluğun yaxşılaşdırılması istiqamətində altı tərəfdaş ölkə ilə əməkdaşlıq edir. Bu günə qədər, Erasmus+ proqramı daxil olmaqla, müxtəlif proqramlar çərçivəsində 80000-dən artıq gənc mübadilə proqramlarında iştirak edib, gənclər üçün yeni məşğulluq imkanları açılıb, biznesə başlamaq üçün gənclərə maliyyə mənbələrinə daha asan və geniş çıxış təmin edilib və peşə təhsili və təlimi (VET) proqramları icra olunmağa başlayıb. 

Şərq Tərəfdaşlığı (ŞT), Avropa İttifaqı (Aİ), ona üzv ölkələr və altı Şərq qonşusu - Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova Respublikası və Ukrayna arasında əlaqələri dərinləşdirmək və gücləndirməyə yönəlmiş birgə siyasi təşəbbüsdür. O Avropa Qonşuluq Siyasətinin xüsusi müstəvisidir. Şərq Tərəfdaşlığı demokratiya, rifah, sabitlik və güclənən əməkdaşlığı paylaşmaq üçün ümumi bir platforma yaratmaq məqsədi daşıyır. Siyasət bazası üzrə strukturlaşdırılmış məsləhətləşmələr 31 oktyabr 2019-cu ilə qədər davam edəcək.

Aslan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.