Cəmiyyət

İmam Əlinin hərəmində dəfn edilmiş azərbaycanlılar - SİYAHI

6 Sentyabr 2018 21:20
1 Şərh     Baxış: 3 013
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əsrlərdir ki, digər müqəddəs şəhərlərlə yanaşı, Nəcəf şəhərində, buradakı Vadiyüs-salam məzarlığında torpağa basdırılmaq müsəlmanlar üçün böyük şərəf sayılır. Keçmişdə dünyanın hər yerindən, o cümlədən, Azərbaycandan rəhmətə getmiş şəxslərin cənazəsini (və ya cənazənin qalıqlarını) Nəcəfə aparır, orada dəfn edirdilər.

Milli.Az islam.az-a istinadən bildirir ki, İmam Əlinin (ə) hərəmində (müqəddəs məzarının ətrafında) özünə əbədi məkan qazanmaq isə cəfəri məzhəbli müsəlmanlar üçün xüsusi şərəfdir. Bu şərəfə yalnız yüksək rütbəli din alimləri, böyük mərceyi-təqlidlər və onların yaxınları layiq görülürlər. Müxtəlif mənbələrdə (o cümlədən, Kazim Əbbud Fətlavinin 2010-cu ildə Nəcəfdə çap olunmuş "İmam Əlinin mübarək hərəminin həyətində dəfn olunmuş məşhurlar" kitabında) bu şərəfə layiq görülmüş 572 nəfərin adı çəkilir. Onların sırasında Cənubi Azərbaycandan olan, Təbrizi, Ərdəbili, Zəncani, Xoyi, Xalxali nisbəli onlarla şəxs vardır. Lakin biz bu məqalədə İmam Əlinin (ə) məqbərəsində dəfn edilmiş yalnız Şimali Azərbaycan əsilli alimlərdən söhbət açacağıq. Bu şəxslərin sayının şəxsi araşdırmamıza əsasən 13 nəfər olduğunu təsbit etdik. Qeyd edək ki, onların hər biri barəsində Natiq Rəhimovun "Azərbaycanın din alimləri" kitabında ətraflı məlumat verilmişdir.

1. Şeyx İbrahim Lənkərani (vəf. 1896).

2. Ayətullah Əbdülğəffar Lənkərani (vəf. 1956).

Ayətullah Şeyx İbrahim Lənkərani əvvəlcə Kərbəlada məşhur müctəhid Fazil Ərdəkanidən dərs almışdır. Ustadının vəfatından sonra o, Kərbəlanı tərk edib Nəcəf şəhərinə köçür. Burada Lənkərani məşhur mərceyi-təqlid, Cənubi Azərbaycan əsilli Fazil Şərabiyaninin (1828-1904) ən sevimli və istedadlı şagirdinə çevrilir. Fazil Şərabiyani Lənkəranini qalan tələbələrdən fərqləndirir və onlara nümunə göstərirdi.

Lənkərani müasirləri arasında xüsusi seçilirdi, hətta ona "dördüncü mühəqqiq" ləqəbini vermişdilər. Alimin şöhrəti o qədər yayılmışdı ki, o zamanlar Nəcəfin elmi mühitində hər kəs Fazil Şərabiyani vəfat etdiyi təqdirdə Lənkəraninin mərceyi-təqlid olacağını gözləyirmiş. Lakin əcəl buna imkan vermədi və Lənkərani öz ustadından əvvəl dünyasını dəyişdi (1896).

Lənkəraninin dəfn və matəm məclislərini Fazil Şərabiyani təşkil etmişdi. Həzrət Əlinin (ə) hərəmində onun imamlıq etdiyi camaat namazlarına isə həmyerlimiz Molla Mühəmməd Əli Naxçıvani başçılıq etməyə başladı.

Şeyx İbrahim Lənkəraninin övladları arasında ortancıl oğlu Şeyx Əbdülğəffar Lənkərani daha çox tanınmışdır. O, son dərəcə təvazökar xasiyyətə malik idi, zahidanə yaşayır, bu üzdən cəmiyyət içinə çox çıxmırdı. Şeyx Əbdülğəffar Lənkərani əvvəlcə Nəcəfdə, daha sonra Kazimeyndə fəaliyyət göstərmiş, 1956-cı ildə vəfat edərək, Həzrət Əlinin (ə) hərəminin qiblə istiqamətindəki hücrələrdən birində, atasının məzarının yanında torpağa tapşırılmışdır.

3. Şeyx Mühəmməd Əli Naxçıvani (1852-1916).

Naxçıvani ilk təhsilini vətənində, daha sonra Təbrizdə alır. 17 yaşında ikən Nəcəfə gedərək, Cənubi Azərbaycan əsilli Fazil İrəvani və Fazil Şərabiyaninin, eləcə də, Mirzə Həbibullah Rəştinin dərslərinə qatılır.

Müasirləri onun haqqında yazırdılar: "O, pak Əhli-beytin, xüsusilə, İmam Hüseyn əleyhissalamın məhəbbətində fani olan kəslərdən idi. Hər gün sübh namazından sonra İmam Hüseynin (ə) müsibətini, aşura günündə onun və ailəsinin başına gələn hadisələri xatırlayıb ucadan ağlayar və nalə edərdi..."

Fazil Şərabiyaninin vəfatından (1904) sonra Mühəmməd Əli Naxçıvani mərceyi-təqlid kimi tanınmağa başladı, Qafqaz və Azərbaycan müsəlmanlarının bir hissəsi ona təqlid edirdi. O, Nəcəfdə Həzrət Əlinin (ə) mübarək hərəmində, qiblə qapısının yanında qılınan camaat namazlarına imamlıq edirdi.

Ayətullah Mühəmməd Əli Naxçıvani 1916-cı ildə Kərbəla şəhərində vəfat etmiş, cənazəsi Nəcəfə gətirilərək, Həzrət Əlinin (ə) məqbərəsinin kənarında, İmran məscidinə bitişik hücrələrin birində torpağa tapşırılmışdır.

4. Ayətullah Mühəmməd Hüseyn Naxçıvani İsfahani Ğərəvi Kompani (1878-1942).

Alimin ulu babası Hacı Mühəmməd İsmayıl Türkmənçay müqaviləsindən sonra Rusiyanın tərkibinə keçmiş Naxçıvanı tərk edib İrana köçmüşdü. O, əvvəlcə Təbriz şəhərinə gəlir, sonra İsfahanda məskunlaşır. Ailə daha sonra İraqın Kazimeyn şəhərinə üz tutur. Alimin atası tacir idi, Bağdad-Kazimeyn dəmiryolunu çəkən şirkətə rəhbərlik edirdi; bu üzdən onu "Kompani" ləqəbi ilə çağırırdılar.

Mühəmməd Hüseyn təqribən 18 yaşında ikən Nəcəfi-əşrəfə gedib, böyük alimlərdən dərs alır, xüsusilə, Axund Xorasanidən 13 il ərzində bəhrələnir.

Naxçıvani dini elmlərin bütün sahələrində misilsiz bacarıq sahibi idi. Həm fiqh və üsuli-fiqh, həm də fəlsəfə və hikmət dərsləri verirdi. İbadətdə, irfan və təqvada çox uca məqama sahib idi. Tələbəsi Ayətullah Behcət xatırlayırdı ki, onun şəxsiyyətində elm və irfan bərabər şəkildə cəmlənmişdi. Alimin elmi fəaliyyətini izləyənlər elə güman edirdilər ki, gecə-gündüz oxuyub-yazmaqdan, dərs deməkdən başı ayılmaz. Amma onun irfan dünyasından, ibadətindən xəbərdar olanlar elə təsəvvür edirdilər ki, bu adam ibadətdən savayı heç nəyə vaxt tapa bilməz. Naxçıvani ömrünün sonuna kimi hər gün min dəfə Qədr surəsini zikr edir, hər gün İmam Əlinin (ə) hərəmində Ziyarəti-Aşura oxuyurdu. Alimin şeir divanı onun böyük istedadından xəbər verir.

Mənbələrdə onun 150-dən artıq tələbəsinin adı çəkilir. Ayətullah Hüccət, Birucerdi, Milani, Xoyi, Behcət, Əllamə Təbatəbai, Əllamə Əmini, həmyerlimiz Mühəmməd Əli Ordubadi bu böyük alimdən dərs almışlar.

Ayətullah Naxçıvani 1942-ci ildə rəhmətə getmiş, İmam Əli (ə) hərəminin qızıl eyvanının altında, şimal minarəsinin yanındakı kiçik hücrədə, Əllamə Hillinin məzarının yanında torpağa tapşırılmışdır.

5. Ayətullah Mühəmməd İbrahim Salyani (vəf. 1924).

Tarixin unutqanlığına məruz qalmış alimlərdən biri də mərhum Ayətullah Mühəmməd İbrahim Salyani Ğərəvidir. Ehtimala görə, o, 1880-ci illərdə anadan olmuşdur, atasının adı Rza imiş.

Salyani Nəcəfdə əvvəlcə Seyyid Hüseyn Kuhkəmərinin, sonra Fazil İrəvaninin, daha sonralar Ayətullah Rəşti, Xəlili və Maməqaninin dərslərinə qatılır.

Salyani Azərbaycan müsəlmanlarının bir hissəsinin mərceyi-təqlidi idi. O, azərbaycanlı dostlarına ünvanladığı məktubların birində yazırdı: "Xəbəriniz olsun ki, Salyan, bütün Şirvan, Kür və Arazətrafı məntəqələrin əhalisi bən¬dənin müqəllidi olub¬lar. Həmin məntəqələrə çoxlu risalə göndərilib... Allah-təala öz lütfü ilə bütün Salyan, onun kəndləri, Şirvan, Muğan, Navahı, xüsusilə, Bakı, Quba və ətraf kəndlərin əhalisinin qəlbini mənə tərəf yönəltdi. Hamısı mənim müqəllidim oldular".

Salyani İmam Əlinin (ə) hərəminin eyvanında qılınan camaat namazına imamlıq edirdi. O, həm də gözəl şeir təbinə malik idi. Ayətullahül-üzma Seyyid Mühəmməd Hadi Milaniyə və Fazil İrəvaninin oğlu Şeyx Mühəmməd Cavad İrəvaniyə dərs demişdi.

Alim 1924-cü ildə Nəcəf şəhərində dünyasını dəyişmiş, hərəmin həyətində, şimal tərəfdəki hücrələrdən birində torpağa tapşırılmışdır.

6. Şeyx Əbülqasim Ordubadi (1857-1915).

7. Şeyx Mühəmməd Əli Ordubadi (1895-1960).

Əbülqasim Ordubadi təqribən 18 yaşına kimi ibtidai təhsilini öz yurdunda alır, sonra Təbrizdə təhsilini davam etdirir. Daha sonra İraqa üz tutaraq, Nəcəf, Samirə və Kazimeyn şəhərlərində oxuyur. O, Fazil İrəvani, Fazil Ərdəkani, Fazil Şərabiyani, "tənbəki fətvası"nın müəllifi Mirzayi-Şirazi kimi böyük alimlərin dərslərində iştirak edir, məşhur arif Molla Hüseynqulu Həmədanidən də bəhrələnir.

Seyyid Mühsin Əmin "Əyan əl-şiə" əsərində yazır ki, Ordubadi Azərbaycanda və Qafqazda mərceyi-təqlidlərdən biri sayılırdı. Bu yerlərin əhalisinin bir hissəsi Ayətullah Maməqaninin və Fazil Şərabiyaninin vəfatından sonra ona təqlid edirdi. O, Həzrət Əli (ə) hərəminin həyətində qılınan camaat namazlarının imamlarından idi.

Ordubadi öz zamanında baş verən ictimai-siyasi proseslərə, dini mühitdə cərəyan edən hadisələrə vaxtında reaksiya göstərməyə çalışırdı. Şimali Azərbaycan sakinləri müxtəlif mövzular barədə ondan fətva tələb edirdilər. Mənbələrdə alimin 52 əsərinin adı çəkilir.

1915-ci ildə Məşhəd səfəri zamanı dünyasını dəyişmiş Ordubadinin cənazəsini bir neçə ildən sonra Nəcəfə apararaq, Həzrət Əlinin (ə) hərəmindəki 22 saylı hücrədə torpağa tapşırdılar. Mərhum Şeyxüş-şəriə İsfahani və Seyyid Hüseyn Qumi, Seyyid Əbülqasim Xoyinin atası da eyni hücrədə dəfn edilmişlər.

Əbülqasim Ordubadinin oğlu Ayətullah Muhəmməd Əli Ğərəvi Ordubadi də öz zamanının böyük alimlərindən sayılırdı. 60 nəfərdən artıq alim ona ictihad və hədis rəvayəti üçün icazə vermişdi.

Ordubadinin tarix və rical elmlərində məharəti dillər əzbəri idi. Tarixi bilikləri, hədislərin sənədini, ravilərin tərcümeyi-halını mükəmməl şəkildə mənimsəmişdi. O, fəsahət və bəlağətdə zəmanənin yeganəsi sayılırdı. Müasirləri deyirdilər ki, onun harada doğulduğunu bilməyən adam nitqini eşitdikdə ərəb olduğunu güman edərdi.

Alim "əl-Ğədir" kitabının yazılmasında Əlla¬mə Əminiyə yaxından köməklik göstərmiş, kitabın redaktə prosesində fəal iştirak etmişdi. Əllamə Əmini onu "şeyximiz" ifadəsi ilə yad edirdi.

Ordubadi Nəcəfdə, Həzrət Əlinin (ə) mübarək hərəmindəki 23 saylı hücrədə torpağa tapşırılmışdır. Ayətullah Mirzə Əli İrəvani də həmin hücrədə dəfn edilmişdir.

8. Seyyid Mir Badkubeyi (vəf. 1940).

Hüccətül-İslam vəl-müslimin Seyyid Mir Badkubeyi Bakının Maştağa kəndindəndir. Onun həyatı haqqında məlumat azdır. Bəzi məlumatlar alimin əsil adının Əbdüləli olduğunu düşünməyə əsas verir; görünür, hörmət əlaməti olaraq ona Seyyid Miri deyə müraciət edirmişlər.

Badkubeyi Nəcəfdə şiə dünyasının böyük mərceyi-təqlidi mərhum Seyyid Əbülhəsən İsfahanidən dərs almışdır. Dərsdə fərqləndiyinə və əxlaqi keyfiyyətlərinə görə Əbülhəsən ağa öz qızı Fatiməni ona ərə vermişdi. Bu şərəfi qazanmaq üçün həm yüksək mənəvi-əxlaqi dəyərlərə, həm də dərin elmə sahib olmaq lazım idi.

Badkubeyi 1940-cı ildə vəfat etmiş, hərəmin əsas qapısından (Bab əl-kəbir) sol tərəfdən birinci hücrədə dəfn edilmişdir. Axund Xorasani, Mirzə Həbibullah Rəşti, Seyyid Əbülhəsən İsfahani və onların oğulları da eyni hücrədə uyuyurlar.

9. Şeyx Mühəmməd Cavad İrəvani (1870-1962).

Nəcəf dini elmlər mərkəzinin başçısı, öz zəmanəsinin məşhur mərceyi-təqlidi, İrəvan əsilli Fazil İrəvani (1817-1888) böyük alimlər nəslinin banisi sayılır. Onun oğlu Şeyx Cavad (Mühəmməd Cavad) İrəvani hicri 1870-ci ildə Nəcəfi-əşrəfdə doğulmuş, atasından, Axund Xorasanidən, Seyyid Yəzdidən (Sahibi-Ürvə), Şeyxüş-şəriə İsfahanidən, Seyyid Əbülhəsən İsfahanidən, eləcə də, öz həmyerliləri Ayətullah Muhəmməd İbrahim Salyani və Seyyid Hüseyn Badkubeyidən dərs almışdı.

Şeyx Cavad İrəvani miladi 1962/63-cü illərdə Nəcəfdə dünyasını dəyişmiş, Həzrət Əlinin (ə) hərəminin şimal-qərb küncündəki 53/1 saylı hücrədə dəfn olunmuşdur.

10. Mirzə Əli İrəvani (1884-1935).

11. Şeyx Sadiq İrəvani (vəf. 1978).

Yuxarıda adı çəkilən Fazil İrəvaninin qardaşı nəvəsi Mirzə Əli İrəvani Nəcəfdə doğulmuş, Seyyid Yəzdi (Sahibi-Ürvə), Axund Xorasanidən, daha sonra Kərbəlada Ayətullah Mirzə Muhəmməd Təqi Şirazidən dərs almışdır.

1920-ci ildə Mirzə Əli İrəvani Nəcəfə qayıdır və dərs deməyə başlayır. Sonralar elm aləmində özünü böyük alim kimi təsdiq etmiş onlarla şəxs İrəvanidən dərs almışdır: Ayətullah Milani, Xoyi, Mərəşi Nəcəfi, Əllamə Təbatəbai, Əllamə Əmininin atası Şeyx Əhməd Əmini və b.

Mirzə Əli İrəvani bir neçə əsər qələmə almışdır, bunlardan üsuli-fiqh mövzusunda yazdığı "Büşral-mühəqqiqin" və "əl-Üsul fi ilmil-üsul" kitabları xüsusilə məşhurdur.

İrəvani 1935-ci ildə Kərbəla şəhərində vəfat etmiş, bir gün sonra cənazəsi Nəcəfə gətirilmişdir. Alimi İmam Əlinin (ə) hərəmində, böyük qapıdan (Bab əl-kəbir) sol tərəfdəki sıra ilə dördüncü hücrədə (23 saylı hücrə) dəfn etmişlər.

Mirzə Əli İrəvaninin Şeyx Əhməd, Şeyx Tahir və Şeyx Sadiq adlı üç qardaşı olmuşdur. Bunların üçü də məşhur xətib idi. Kiçik qardaşı Şeyx Sadiq 1978-ci ildə vəfat edərək, İmam Əlinin (ə) hərəminin həyətində, Fazil Şərabiyaninin məqbərəsinin qarşısında torpağa tapşırılmışdır.

12. Seyyid Mustafa Musəvi Naxçıvani (vəf. 1919).

Seyyid Mustafa 1858-59-cu illərdə Naxçıvanda doğulmuş, ibtidai dini təhsilini vətənində aldıqdan sonra elmini təkmilləşdirmək məqsədi ilə Nəcəf şəhərinə yola düşmüşdür. Naxçıvani Nəcəfdə bir neçə alimdən dərs alır, amma onun əsas müəllimi Şeyx Muhəmməd Həsən Maməqani idi. Naxçıvani Maməqaniyə daha çox bağlanmışdı, onun etibar etdiyi şəxslərdən sayılırdı.

Seyyid Mustafa Naxçıvani 1919-cu ildə vəfat etmiş, Həzrət Əlinin (ə) məzarının arxasında, "Alimlər eyvanı"nın yaxınlığında torpağa tapşırılmışdır.

13. Seyyid Rza Musəvi Lənkərani (1834-1904).

Bu həmyerlimiz haqqında məlumat tapmaq çox çətindir. Ehtimal edirik ki, o, Şeyx Ənsarinin şagirdlərindən olmuşdur. Seyyid Rzanın atasının adı Mühəmməd idi, öz oğluna da atasının şərəfinə eyni adı vermişdi. Məşhur biblioqraf Ağa Büzürg Tehrani "Nüqəbaül-bəşər" kitabında (səh. 770-771) Seyyid Rza Lənkəraninin bir neçə əlyazma əsərinin oğlunda olduğunu qeyd etmişdir.

Lənkərani hicri 1322-ci il aşura günündə (miladi 1904-cü il) Nəcəfdə dünyasını dəyişmiş, hərəmin həyətində Tusi qapısı istiqamətindəki 50 saylı hücrədə torpağa tapşırılmışdır. Hazırda həmin məkan hərəmin kitabxanasının girişi sayılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.