Cəmiyyət

Azərbaycanda "repetitor biznesi" niyə çiçəklənir?

9 Avqust 2011 12:34
Baxış: 1 347
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Ekspress" qəzetinin məlumatına görə, əksər şagirdlər, tələbələr və ya xarici dil, müxtəlif kompüter proqramları tələb olunan işlərə düzəlmək istəyənlər aldıqları təhsillə kifayətlənməyib repetitorlara müraciət edirlər. Bu gün hətta bəzi valideynlər var ki, 1-ci sinif şagirdi olan övladını repetitorun yanına göndərir.

Azərbaycan dili müəllimi Leyla Kazımovanın sözlərinə görə, bu gün müəllimlər məktəblərdə dərs keçmək marağında deyillər.

"Müəllimlər dərsdən kənar repetitorluqla daha çox gəlir əldə edirlər. Xüsusilə savadlı hesab edilən və repetitorluğu yaxşı bacaranlar bir şagirddən qrup şəklində hazırlığa görə 100 manat alırlar. Qrupdakıların sayı 8-dən 10-a qədər ola bilər. Təsəvvür edin, məktəbdə 150-200 manat maaş alan müəllim həftədə 3 dəfə, gün ərzində 90 dəqiqəyə 10 nəfərlə məşğul olaraq ayına 1000 manat qazanır", - deyən həmsöhbətim fərdi şəkildə hazırlığın isə 150 və daha baha başa gəldiyini bildirir.

Onun dediyinə görə, bəzən müəllimlər gün ərzində mənəvi cəhətdən yorularaq məktəbdə dərs demək iqtidarında olmurlar. Bəziləri isə qəsdən artıq qazanc əldə etmək məqsədi ilə dərsi zəif başa salırlar ki, şagirdlər məcbur olub repetitorlara üz tutsunlar. "Çox vaxt məktəbdə müəllim özünü yormaq istəmir. Çünki repetitorluq zamanı daha çox güc sərf etməli olur".

L.Kazımova qeyd edir ki, müəllim məktəbdə dərsi proqram üzrə keçirsə, repetitorluq zamanı əlavə materiallar da öyrədir. "Hazırlıqda müəllim materialları daha çox test üsulu ilə keçir, dərsdə isə nadir hallarda testlərə müraciət edir. Əsasən repetitor yanına 10-11-ci sinif şagirdləri ali məktəblərə qəbul olmaq üçün hazırlaşmağa gedirlər. Lakin repetitorlara çox müraciət edənlər sırasına 9-cu sinif şagirdləri də daxildir".

Müsahibim əlavə edib ki, repetitorlara 1-ci sinif şagirdləri də artıq müraciət edir. "Əsasən də şəhərdə yerləşən məktəblərdə 15-20 nəfər uşaq dərsdən sonra müəllimlərin yanında əlavə hazırlaşmaq üçün məktəbdə qalırlar. Müəllim qrup halında belə hazırlıq üçün hər şagirddən 80 manat alır. Burada uşaqlara əlavə materiallar öyrədilir və ev tapşırığı yazdırılır".

54 illik iş təcrübəsi olan ibtidai sinif müəlliməsi Simuzər Məmmədovanın dediyinə görə, onlar məktəbdə oxuduqları zaman repetitorlara müraciət etməyiblər. "Bizim vaxtımızda dərs yaxşı keçirilirdi. Ona görə də repetitor yanına heç kim getmirdi. İndi isə müəllimlər yaxşı dərs keçmirlər. Ümumiyyətlə, indi proqram da çox çətinləşib. Kurikulumu uşaqlar asanlıqla qavraya bilmirlər".

Onun sözlərinə görə, ibtidai sinif şagirdlərinin repetitor yanına getməsinin səbəblərindən biri isə valideynlərin uşaqlarla evdə əlavə məşğul olmamasıdır. "Bəzi valideynlər savadsızdırlar və uşaqlara ev tapşırıqlarının yazılmasında kömək edə bilmirlər. Bəzilərinin isə sadəcə buna vaxtı yoxdur. Hazırlığa yanıma gələn uşaqlardan birinin valideyni şikayətlənib ki, uşağı ev tapşırığını yazmağa məcbur edə bilmir. Bununla bağlı əsəbləri pozulduğuna görə, onu mənim yanıma gətirirdi. Ümumiyyətlə, yanıma gələn şagirdlərə dərsdə keçdiyimdən əlavə materiallar öyrədirəm. Şagirdlərin elələri var ki, evə gəlir, elələri də var ki, dərsdən sonra qalır. Şəhərdə repetitorluğun qiyməti baha olsa da, şəhərdən kənarda 30-50 manat arası olur. Hazırlığa həm yaxşı oxuyanlar, həm də nisbətən zəif qavrama qabiliyyətinə malik olanlar gəlirlər".

Fizika müəlliməsi Gülarə Kərimovanın sözlərinə görə, onlar təhsil aldığı vaxt repetitor yanına getmirdilər. "İndiki uşaqlar dərs oxumağa meylli deyillər. İndiki şagirdlərin və tələbələrin fikri mobil telefon, internet, serial, kompüter oyunlarıdır. Uşaqlar çox vaxt dərsdən qaçıb internet klublara üz tuturlar. Bugünkü gənclər əyləncələr əlindən kitaba vaxt ayıra bilmirlər".

G.Kərimova hesab edir ki, bəzi müəllimlər dərsi yaxşı başa salmırlar ki, şagirdlər onların yanına əlavə hazırlıq üçün gəlsinlər. "Müasir zamanda bu, müəllimlərin ən çox işlətdiyi üsullardan biridir. Özləri şərait yaradırlar ki, repetitorluğa həvəs yaransın. Repetitorluq zamanı müəllim əlavə materiallar, testlər öyrətməklə yanaşı, dərsin daha maraqlı və yadda qalan olmasına çalışır.

Bəzi müəllimlər isə onların yanına hazırlığa gəlməyənlərin qiymətini aşağı salırlar. Şagirdlər də qorxudan onların yanına hazırlığa getməyə məcbur olur. Ən qorxulusu isə bəzi hallarda müəllimlərin repetitorluğa şantaj yolu ilə nail olmasıdır. Misal üçün, əgər şagird məktəbdə ona dərs tədris edən müəllimin yanına deyil, başqasının yanına hazırlığa gedirsə, müəllim bundan narazı olduğunu bildirir. Bu halda da şagirdin qiymətini kəsir. Müəllim yanına hazırlığa gedənlər isə adətən yüksək qiymət alırlar. Düzdür, bu halları hamıya şamil etmək olmaz. Amma "repetitorluq biznesi"nə görə belə hadisələrin olması danılmazdır".

Müsahibim onu da deyib ki, əvvəllər məktəblərdə xüsusi qruplar və qrup müəllimi olurdu. "Dövlət hesabına olan qruplarda işləyən və ya üzrlü səbəblərə görə uşaqların təhsilinə vaxt ayıra bilməyən valideynlərin uşaqları ev tapşırıqlarını hazırlayır, nahar edir, müxtəlif maraqlı şeylər öyrənirdilər. Pulsuz fəaliyyət göstərən bu qruplarda uşaqlar dərsdən sonra qalırdılar. Təəssüf olsun ki, bu qruplar ləğv olunub. Məhz bundan sonra repetitorlara meyl artdı".

Valideyn Sevda Ağayevanın sözlərinə görə, şagirdlərin çoxu ev tapşırıqlarını etmək üçün repetitor yanına gedir. "Elə olur ki, uşaq dərsi qavraya bilmir. Repetitor isə ona ev tapşırığını yazdırır. Uşaq evə gələndə soruşursan ki, bunu necə yazdın, deyir bilmirəm, müəllimə özü yazdırıb. Gedir, məktəbdə hazır ev tapşırığını göstərib qiymət alır. Bəzi repetitorların başı pul qazanmağa elə qarışır ki, bu cür haqsızlığa da əl atırlar".

17 yaşlı Eldar Məmmədovun dediyinə görə, 5 repetitor yanına gedib. Bu il ali məktəbə qəbul olunub. "Qrup halında hazırlığa hər fənn üçün 50 manat ödəyirdim. Qrupda 10-15 nəfər olurdu. Hazırlıq zamanı dərsdə keçmədiyimiz şeyləri də müəllimə öyrədirdi. Ən əsası isə çoxlu testlər edirdik".

Onun dediyinə görə, şagirdlər dərsdə müəllimə qulaq asmaq istəmirlər. "Düzünü deyəcəyəm ki, müəllimlər dərsi izah edir, lakin şagirdlər qulaq asmırlar. Əslində həqiqət budur. Hamı fikirləşir ki, onsuz da 10-11-ci sinifdə hazırlığa gedib bizə lazım olan fənləri öyrənəcəyik. Ona görə də illər ərzində özlərini əziyyətə vermək istəmirlər. Lakin vaxtilə öyrənmədiyin və ya üstündən səthi keçdiyin proqramı bir-iki ilə qavramaq çətindir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.