Siyasət

Prezident Fərman imzaladı

25 Noyabr 2025 16:01
Baxış: 806

"Ərzaq təminatı xəritəsi" informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi təsdiq edilib.

Milli.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, "Ərzaq təminatı xəritəsi" informasiya sistemi yaradılmalıdır.

"Ərzaq təminatı xəritəsi" informasiya sistemi (bundan sonra - Sistem) ölkədə ərzaq təminatı sahəsində mövcud vəziyyətin müəyyən edilməsini, bunun əsasında qərarların qəbul edilməsi üçün etibarlı və dayanıqlı informasiyanın yaradılmasını, toplanılmasını, işlənilməsini, saxlanılmasını, axtarışını və məlumatlara əlçatanlıq səviyyəsinin artırılmasını təmin etməlidir.

Sistemin sahibi və operatoru funksiyalarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

"Ərzaq təminatı xəritəsi" informasiya sistemi haqqında əsasnaməni üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

Sistemin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməlidir.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Sistemin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Hökumət buludu" (G-cloud) Konsepsiyası"na uyğun olaraq "Hökumət buludu"nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Sistemin "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün görməlidir.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.