Hazırda paytaxtda, Abşeron yarımadasında və ölkənin digər bölgələrində havanın sabit və yumşaq keçməsi müşahidə olunur.
Milli.Az-ın məlumatına əsasən Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun rəhbəri Gülşad Məmmədova teleqraf-a verdiyi açıqlamada isti havanın səbəblərindən danışıb.
Onun sözlərinə görə hazırkı temperatur göstəriciləri sinoptik vəziyyətlə bağlıdır. Cənubdan gələn isti axınlar və cənub şərq istiqamətli küləklər havanın nisbətən yüksək olmasına şərait yaradır.
"Cənub axınları hava şəraitinin mülayim keçməsinə və temperaturun yüksəlməsinə səbəb olur. Maksimal temperatur Bakıda və Abşeron yarımadasında 22, rayonlarda isə 25 dərəcəyədək yüksəlib. Noyabr ayının ötən dövründə havanın orta temperaturu iqlim normasından Bakıda və Abşeron yarımadasında 3.9 dərəcə yüksək olub. Ümumilikdə 22 gün ərzində temperatur normadan yuxarı olub. Çoxillik müşahidələrə əsasən, əvvəlki illərin noyabr aylarında da yüksək temperatur rejimi müşahidə edilib. Məsələn, 2023-cü ildə Bakıda və Abşeron yarımadasında temperatur 25, bölgələrdə isə 29 dərəcəyədək isti qeydə alınıb".
Sinoptik bildirib ki hazırkı mülayim hava şəraiti həftənin sonunadək davam edəcək.
Milli.Az





