Cəmiyyət

Bakının "Şanxay"ı...

14 Fevral 2015 15:25
0 Şərh     Baxış: 2 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Söküləcəyi gözlənilən qəsəbə getdikcə genişlənir

"Şanxay" deyiləndə göz önünə birinci Çin gəlir. Amma Bakıda da bu adda qəsəbə var. Sakinlər deyirlər ki, hələ 60-cı illərdə bu qəsəbədə yaşamış Salman adlı biri Şanxaya səfər edir. Bakıya qayıtdıqdan sonra hamı Şanxayın necə yer olduğunu soruşur. O da bildirir ki, elə Şanxay da bu qəsəbə kimidir.

Yolları dar, evləri dib-dibə, qatarlar sanki evlərin içindən keçir burada. Elə o zamandan evlərin sıx və alçaq, küçələrin həddən artıq dar olması və evlərin arasından keçən tramvay xətləri onlara Çini xatırlatdığına görə, bu kiçik qəsəbənin adını "Şanxay" qoyublar. Şanxayın yaranma tarixi uzun illərə söykənir. Amma bu qəsəbənin genişlənməsi, böyüməsi 90-cı illərə təsadüf edir. Müharibə şəraiti, qaçqın və köçkünlərin Bakıya axını bu qəsəbənin böyüməsinə səbəb olub. Qəsəbə zamanla böyüyüb, tikililərin sayı artıb. Əvvəllər evlər dəmiryolundan uzaq imiş. Amma insan köçü qəsəbəni genişləndirib.

"Şanxay" Nizami rayonu ərazisində yerləşir, burada evlərin çoxunun kupçası olsa da, əksəriyyəti qanunsuz tikililərdir. Amma bütün kommunal xidmətlərdən qanunla istifadə edirlər.

Şanxay sakinlərinə bu qəsəbənin söküləcəyi hələ 6-7 il əvvəl bildirilib. Amma bu illər ərzində ərazidə heç bir söküntü işləri görülməyib, əksinə, evlərin sayı artıb.

Qəsəbə sakini Aidə Quliyeva deyir ki, 3 azyaşlı uşağı var. 8 ildir ki, burada yaşayır, uşaqları da burada dünyaya göz açıb. "Deyirlər, buralar da söküləcək. Amma mən istəməzdim. Bilirəm, başımın üstündə damım var, yağışdan, qardan qorunacaq yerim var, uşaqlarım ortalıqda deyil. Sökülsə, nə olacaq. Bizə konpensasiya veriləcəkmi? Verilən konpensasiya yeni ev almağa çatacaqmı? Bunları düşünməkdən qorxuram".

Həmsöhbətimizə görə, qatarların səsi uşaqlarının laylasına çevrilib. Bu səsə özü də, uşaqları da alışıb. Ana deyir ki, uşağı istidən, sobadan, ocaqdan qorxutduğu kimi küçəyə çıxmaqdan da qorxudub. "Balaca olsalar da başa salıram ki, ana olmadan küçəyə çıxmaq olmaz. Onlar da başa düşürlər".

Namiq Mustafayev isə Şanxayda kirayədə qalır. Deyir, burada kirayə evlər çox ucuz, insanlar isə çox mehribandır. Əslən Cəlilabaddan olan Namiq Bakıda inşaatların birində fəhlə işləyir. Şanxay şəhərə yaxın və ucuz olduğu üçün orada yaşayır. Hər ay cəmi 100 manat kirayə haqqı ödəyən müsahibimiz birotaqlı evdə yaşayır. Dediyinə görə, evə ancaq yatmaq üçün gəldiyindən, evin kiçikliyi onu narahat etmir. "Bura tələbələr, rayondan gələn fəhlələr üçün çox münasibdir. Həm şəhərə yaxındı, həm də ucuz. İstəməzdim bura sökülsün. Buranın insanları da mehribandır. Bir ailə kimi yaşayırıq Şanxayda".

Şanxaya avtomillə daxil olmaq mümkün deyil. Dar küçələr və relslər. Qəsəbədə yanğın olsa belə, Yanğınsöndürmə Xidmətinin əməkdaşları müdaxilə edə bilmirlər.

Şanxay qəsəbəsinin başqa bir dərdi isə zibil problemidir. Küçələr zibilliyi xatırladır. Hər qapıda azı 10-15 "kisə" zibil. Şanxaylılar deyir ki, qəsəbə rəsmi qeydiyyatda olmadığından bura zibil maşınları da gəlmir. Şanxayın zibillərini isə ərazidən keçən qatarlar daşıyır. Belə ki, sakinlər zibili məhlə arasından keçəndə sürətini azaltmağa məcbur olan qatarlara atırlar.

Qəsəbə sakinlərinin əksəriyyəti istilik kimi odundan istifadə edir. Düzdür, qəsəbəyə qaz verilib, evlərə sayğac qoyulub, amma sakinlər deyirlər ki, imkansızlıqdan qazdan o qədər də çox istifadə etmirlər.

"Hamı gəlir, yazır, çəkir. Gah deyirlər, sökülür, kompensasiya veriləcək. Gah deyirlər, sökülməyəcək. Gah deyirlər, sökülsə də, sizə heç nə verilməyəcək. Bilirsən, qızım, varla yox arasında yaşamaq, məchulda yaşamaq çətindir. Adam bilsə, başına nə iş gələcək, hazır olar. Bəzən düşünürəm ki, bunların məqsədi sadəcə bizi üzməkdir. Özünüz də görürüsünüz vəziyyəti, hər yer zibilliyi xatırladır. Sanki insan olduğumuzu unudublar", - deyir Əhməd dayı.

Qəsəbədə havada olan üfunət iyini isə sözlə izah etmək mümkün deyil. Çox güman ki, bu, çirkab sularının və küçələrə yayılmış zibillərin qoxusudur. Dönüb geri baxanda iç-içə evlər və dəmiryol relsi görünür. Əslində qəribə mənzərədir. Sanki burada yaşayış yoxdur, sanki burada insan yaşamır.

Şanxayın söküləcəyi barədə hər il müxtəlif məlumatlar səslənsə də, hələ ki, qeyd etdiyimiz kimi heç bir iş görülməyib. "Azərbaycan Dövlət Dəmir Yolları" QSC-nin ictimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Nadir Əzməmmədov deyir ki, həmin ərazilərdə baxış keçirilib, araşdırma aparılıb və qanunsuz tikililərin sayı müəyyən edilərək, Nəqliyyat Nazirliyinə və Nazirlər Kabinetinə göndərilib. Amma işə hələ Nazirlər Kabineti baxmadığı üçün söküntü işləri yubadılır. "Bütövlükdə respublika üzrə dəmir yolunun təhkim zolağında 2840 qeyri-qanuni tikili var. Onlardan 538-i qeyri, 2302-si isə yaşayış sahəsidir. Nəqliyyat Nazirliyinin müvafiq komissiyası 881 evin sökülməsini təxirəsalınmaz hesab edir. Nazirlər Kabinetinin qərarından sonra işlərə başlanılacaq".

Müsahibimiz bildirir ki, qanunsuz tikililər hökumətin qərarı ilə söküləcəyi üçün, burada sakinlər haqqında qərarları da hökumət verəcək. Kiminsə razı və ya narazı olması isə heç bir məsələni həll etmir.

Ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.