Bir neçə il ana hər şeyi kənara atıb yalnız uşaqla məşğul olmalı olur. Əksər anaların başı məişət problemlərinə qarışdığından özlərinə baxmır, rəfiqələri ilə əlaqələri kəsirlər.Bəzi analar hesab edirlər ki, uşaq dünyaya gələndən sonra öz şəxsi həyatları bitir
Üçaylıq körpə anası Həbibə Cəfərovanın sözlərinə görə, o, uşağa görə çox yorulur: "O qədər yoruluram ki, bəzən uşaq ağlayanda belə yerimdən qalxmağa güc tapa bilmirəm. Uşaq bütün vaxtımı alır. Özümü səliqəyə salmağa vaxtım yoxdur. Həyat yoldaşım kömək etmir. Vaxtının çox hissəsini işdə keçirir. Ev işlərini çatdıra bilmədiyim üçün üstəlik, narazılıq da edir. Bilmirəm, ikinci uşaq dünyaya gələndən sonra onlara necə baxacağam. Yəni bundan sonra həmişə belə çətin olacaq?"
Pediatr Mahirə Quliyevanın sözlərinə görə, uşağın dünyaya gəlişi xoşbəxtlikdir: "Düzdür, doğuşdan sonra qadınlarda postnatal depressiya özünü göstərə bilər. Bu da hormonal dəyişiklik və ana olmağa psixoloji hazırlığın olmaması üzündən baş verə bilər. Bunlar lazım gəldikdə korreksiya olunmalı və uşağın ilk günlərindən günün rejimi tərtib olunmalıdır" deyən pediatr bildirir ki, rejim yeni həyata adaptasiya olmağa kömək edəcək. Onun sözlərinə görə, həm körpənin, həm də ailənin rejimi olmalıdır. Rejimdə ananın və atanın öhdəlikləri və bunların yerinə yetiriləcəyi vaxtlar dəqiq verilməlidir. Əgər yaxınlardan kimsə kömək etmək istəyirsə, onu da rejimlə tanış etmək olar.
M.Quliyeva uşağa düzgün qulluğun rejimi ilə tanış edib: "Səhər saat 06:00-da yuxudan oyanmaq və körpəni yedizdirmək. Körpə yedikdən sonra hava soyuq deyilsə, təmiz havada onu yatızdırmaq. Uşağı arabada həyətə çıxarmaq və ya eyvanda da yatızdırmaq olar. Körpəni eyvanda yatızdırdıqda təhlükəsizliyinin tam təmin olduğuna əmin olmaq lazımdır. Körpə yatdıqda ana özü də yatıb dincəlməlidir. Körpə özünü rahat hiss etsin deyə onun altını tez-tez yoxlamaq və dəyişmək lazımdır. Əks halda uşağın dərisində səpkilər və yaralar yaranar. Yaş geyimə görə isə uşaq xəstələnər".
09:00-11:45-ə qədər olan vaxtı ana körpə ilə keçirə bilər. Bu vaxt ərzində körpəni yedizdirmək, əynini dəyişmək, idman etmək və əzizləmək olar. Pediatr məsləhət görür ki, uşağı körpəlikdən qucağa öyrəşdirməyin. Sonradan o, daim qucaq istəyəcək. Bu isə çox yorucu ola bilər. Belə ki, qucağa öyrəşən uşaqlara baxmaq daha çətindir. Onlar anadan bütün işlərini atıb yalnız onunla maraqlanmasını tələb edir və tez-tez ağlayırlar. Uşağı manejə və ya arabasına qoyub, ana sakit səhər yeməyini yeyə, hansısa bir işi ilə məşğul ola bilər.
Uşağı qucağa öyrəşdirməmək o demək deyil ki, uşaqla fiziki əlaqə yaratmaq lazım deyil. Ananın uşağa toxunması, onu əzizləməsi çox önəmlidir. Ananın istisini hiss etdikdə uşaq özünün qorunduğunu və sevildiyini hiss edir. Ananın nəvazişləri həm də uşağı sakitləşdirir. Körpə ana ilə ünsiyyətdə olduqda anadangəlmə reflekslərini də sürətlə inkişaf etdirir. Misal üçün, yanağına əl vurduqda körpə üzünü həmin tərəfə çevirib əmmə hərəkətləri edir. Onun ovcuna əl vurduqda isə körpə barmağı tutmağa çalışır.
Bir qədər sonra körpə müstəqil olaraq qarşısında əyilmiş üzü əlləri ilə toxunaraq öyrənməyə çalışır. Bu zaman müxtəlif emosiyaları ifadə edərək, mimikanı dəyişərək körpənin bu prosesə olan marağını artırmaq olar. Tədricən uşaq anasına toxunaraq ondan diqqət umur və ya yanında olduğuna əmin olmaq istəyir.
Müsahibimiz əlavə edib ki, 12:00-14:40-a qədər körpəni yedizdirib gəzintiyə aparmaq olar. Əgər atası və ya nənəsi evdədirsə, körpəni həyətə apara bilərlər. Bu vaxt ərzində ana yeməyi də bişirməyi çatdıra bilər. Ana idman edə, özünü səliqəyə sala və s. işləri görə bilər.
Axşamüstü uşaq yeməyini yeyəndən sonra yenə də gəzintiyə çıxarılır. Yaxşı olar ki, bu dəfə gəzintiyə ana aparsın. Ona görə ki, anaya da təmiz hava lazımdır. Hava yaxşıdırsa, uşağı çimizdirmək olar. Saat 9-da uşağı yedizdirmək və yatızdırmaq lazımdır.
Pediatrın dediyinə görə, uşaqların təmiz havada yatmaq, manejdə oturmaq istəmədiyi vaxtlar tez-tez olur: "Bunun qarşısını qərarlı olmaqla almaq olar. Düzdür, uşaq ağlayanda onun şıltaqlığına qarşı qərarlı cavab vermək çətin olur. Amma uşağı düzgün tərbiyə etmək üçün ağlamağına məhəl qoymadan onun rejimlə yaşamasına kömək etmək lazımdır. Məsələn, uşağı çarpayıda müstəqil yatızdırmağa qərar vermisinizsə, ağlasa belə, çarpayını yellətməyin. Uşaqlar rejimə tez öyrəşirlər. Rejimlə yaşamaq həm uşaq, həm də ana üçün xeyirlidir".
Ekspress.az