"Ramal, Mirkamil, Vüsal bizdə böyüyüb. Onların hər işinə mən qaçırdım. Onları qardaş və bacılarımdan çox istəyirəm. Uşaqlarım qısqanırdı ki, bizdən çox onları istəyirsən. Bilmirəm Allah nə istəkdi verib mənə. Ramalla Mirkamilin adı gələndə tüklərim biz-biz olur".
Milli.Az xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Eyubova deyib. O, bacısı oğlu, müğənni Mirkamil Kamilovdan danışıb. Eyubova bildirib ki, Mirkamil ürəyindən əziyyət çəkir:
"Mirkamil haqda çox söz dedilər. Amma bilmədilər ki, ürəyindən necə əziyyət çəkir. Atası onu İrana apardı. Burada deyildim, Amerikada idim. Burada olsaydım, imkan verməzdim. Orada həkim aparat qoyub, indi əziyyət çəkir. Ürək işləyir, aparat oradan çıxmalıdır. Mirkamil illərdir əziyyət çəkdi, özünə qapandı.
Efirdə dedim ki, Vüsal deyir, Mirkamil elə, belə deyir. Yalan danışan deyiləm, insanlar başqa cür başa düşdü. Dedilər, özü Mirkamildən halını soruşmur. Mirkamil özü bizi yaxına buraxmır. Ürəyinə görə özünə qapanır. Bizi çox istəyir. Bilir ki, yaxınlaşacaq və duyğularına qapanacaq. Mirkamillə danışa bilmərəm? O, məni, mən onu çox istəyirik. Biz görüşəndə sarılıb ağlayırıq. Ona görə də özünə qapanıb ki, sağalanda efirə də çıxacağam, yaxınlarımı da görəcəyəm. İnsanlar da deyir ki, xalası özü onu soruşmur. Kənardan hər şey rahat görünür". (Axşam.az)
Milli.Az