Cəmiyyət

Uşaqlarla səyahətə çıxarkən bunlara diqqət edin

12 Avqust 2026 15:13
Baxış: 310
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Səyahət zamanı uşaqlarda ekstremal vəziyyətlər yarana, hər hansı xəstəlik kəskinləşə və ya xroniki xəstəlik özünü göstərə bilər".

Milli.Az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun doktorantı pediatr Regina Nemətova deyib.

"Hər zaman ekstremal bir hal yarana bilər, hansısa xəstəlik kəskinləşə bilər, xroniki xəstəlik baş qaldıra bilər. Belə hallarda nə etmək və nədən çəkinmək lazım olduğunu bilməliyik. Əgər vəziyyət təcilidirsə, mütləq həkimə müraciət edilməlidir. Ona görə də valideynlər uşaqları ilə səyahətə çıxarkən həkim nəzarətinin vacibliyini nəzərə almalıdırlar".

R.Nemətovanın sözlərinə görə, səyahətdən əvvəl mütləq pediatrın qəbulunda olmaq və konsultasiya almaq lazımdır:

"Özünüzlə hansı dərmanları aparacağınız, hansı dərmana ehtiyac olacağı, onların hansı dozada və hansı hallarda istifadə ediləcəyi barədə əvvəlcədən həkimlə məsləhətləşməlisiniz. Əgər uşağın hər hansı xroniki xəstəliyi varsa, səyahət zamanı həmin xəstəlik kəskinləşə bilər. Xarici ölkəyə gedərkən iqlim, rütubət və havanın temperaturu dəyişir. Bu amillər xroniki xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər. Məsələn, uşaqlar arasında dərinin ən çox yayılan xəstəliklərindən biri atopik dermatitdir. Bu, xroniki dəri xəstəliyidir və rütubət və temperatur dəyişdikdə kəskinləşə bilər. Belə halda həkimlə məsləhətləşərək hansı kremlərdən və emoliyentlərdən istifadə edilməli olduğunu, dənizdə və hovuzda çimərkən hansı qaydalara riayət edilməli olduğunu əvvəlcədən bilmək lazımdır".

Bildirib ki, səyahətdən əvvəl atılmalı digər vacib addım ilkin tibbi yardım çantasının hazırlanmasıdır. Bu çanta da həkimin tövsiyəsi və nəzarəti altında hazırlanmalıdır. Valideynlər götürdükləri hər bir dərmanın istifadə qaydası ilə əvvəlcədən tanış olmalıdırlar:

"Səyahət zamanı uşaqlarla başqa ölkəyə və ya şəhərə gedərkən ilk 1-2 gün ərzində mümkün qədər çox gəzinti, ekskursiya, dəniz və hovuz kənarında vaxt keçirməkdən çəkinmək məsləhətdir. Çünki ilk 1-2 gün adaptasiya dövrüdür. Bu müddətdə uşağın orqanizmi yeni iqlimə və rütubətə uyğunlaşmalıdır. Valideynlər çalışmalıdırlar ki, qida və yuxu rejiminə maksimum dərəcədə riayət etsinlər. Daha sonra isə ekskursiya və gəzintilərin sayını tədricən artırmaq olar".

Nəzərə çatdırıb ki, uşağın yaşına da xüsusi diqqət yetirmək lazımdır. Körpə nə qədər kiçikdirsə, səyahətin müddəti bir o qədər uzun planlaşdırılmalıdır:

"Məsələn, 6-7 aylıq körpə ilə 1-2 günlük səyahət etmək, qısa müddət ərzində həm iqlimi dəyişmək, həm də yenidən əvvəlki iqlimə qayıtmaq uşağın orqanizmi üçün çətin ola bilər.

Ona görə də uşağın yaşı nə qədər azdırsa, səyahətin minimum 5-7 gün müddətinə planlaşdırılması məqsədəuyğundur".

Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.