Cəmiyyət

“Xəbər dilində məsuliyyət, ənənəvi media və rəqəmsal platformalarda tipik səhvlər” mövzusunda təlim keçirilib - FOTO

24 Yanvar 2026 17:33
Baxış: 339
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında "Mediada Azərbaycan dili" mövzusunda təlimlərin növbəti mərhələsi təşkil olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təlimin üçüncü günündə ustad dərslərini Əməkdar jurnalist, AzTV-nin "Analitik qrupu"nun rəhbəri Faiq Hüsiyev, Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dilçiliyi kafedrasının dosenti Fikrət Şiriyev, BDU-nun Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova keçib.

Faiq Hüsiyev təlimdə "Müasir televiziyada yeni trendlər" mövzusunda çıxış edib. O, jurnalistikanın bugünkü çağırışlarından, televiziya sahəsində baş verən dəyişikliklərdən və analitik verilişlərin efirlərdə artan rolundan danışıb.

Eyni zamanda, "ümumi türk dili" adı altında bəzi sözlərin dilimizə daxil edilməsinin düzgün olmadığını, Azərbaycan dilinin saflığının, televiziya dilinin təmizliyinin qorunmasının vacibliyini vurğulayıb. Çıxış zamanı Faiq Hüsiyev hər bir dövrün əsas tələbinin yeniliklərə uyğunlaşmaq olduğunu, süni intellektin isə yaxın gələcəkdə media sahəsində ciddi rəqibə çevriləcəyini diqqətə çatdırıb.

BDU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti Fikrət Şiriyev isə "Media dili: səhvlər, vərdişlər və məsuliyyət" mövzusunda çıxış edib.

Təlimdə dilin inkişafı, xüsusilə terminlər, beynəlxalq sözlər mövzusunda geniş müzakirələr aparılıb. Fikrət Şiriyev qeyd edib ki, dillərin inkişafı çox vaxt başqa dillərdən alınan sözlərlə bağlıdır. Məsələn, Azərbaycan dilində alınma sözlərin payı 60 faizə qədərdir. Son 30 ildə isə xüsusilə Avropa dillərindən çox sayda söz qəbul edilib.

Dosent, həmçinin dilin inkişafına təsir edən digər faktorları da qeyd edərək, latın dilinin dünyada əsas elmi, dini və hüquqi dil kimi geniş yayıldığını vurğulayıb. O, alınma sözlərin ana dilinə mənfi təsir etməsi ilə bağlı yanlış fikirlərin mövcud olduğunu da bildirib.

BDU-nun Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, dosent Xatirə Hüseynova "Televiziya, radio və ictimai çıxışlarda yol verilən tipik səhvlər - savadlı şifahi nitq: tələffüz, intonasiya və vurğu məsələləri" mövzusunda çıxış edib.

Təlimdə televiziya, radio və ictimai çıxışlarda rast gəlinən nitq səhvlərinə dair geniş müzakirələr aparılıb. Xatirə Hüseynova nitqin yalnız filologiya sahəsi olmadığını və onun öyrənilməsinin iki əsas sahəyə - danışıq texnikası və dil təmizliyinə bölündüyünü qeyd edib. O, həmçinin nitq və dil arasındakı fərqləri izah edərək, düzgün nitqin xüsusiyyətlərini və gözəlləşdirilmə üsullarını diqqətə çatdırıb.

Xatirə Hüseynova düzgün nəfəs almağın və nəfəs vermənin vacibliyi, dialektlərin tələffüzdə istifadəsinin qəbuledilməz olması ilə bağlı mövzuya da toxunub. Xüsusilə televiziya jurnalistikasında dialektlərin istifadəsinin yanlış olduğunu, yalnız bəzən müsahibənin dilində bu cür ifadələrin rəng qatmaq məqsədilə yer ala biləcəyini bildirib.

Qeyd edək ki, keçirilən bu təlimlərin əsas məqsədi media mühitində Azərbaycan dilinin düzgün, səlis və ədəbi norma çərçivəsində istifadəsinin təşviq olunmasıdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.