Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) yeni kadr təyinatı həyata keçirilib. Əmrə əsasən, Maqsud Məmmədov AZCON-un Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru vəzifəsinə təyin edilib.
Maqsud Məmmədov Texas State University-də Beynəlxalq Münasibətlər və Siyasi Elmlər üzrə bakalavr, Johns Hopkins SAIS-də Siyasət və Beynəlxalq İqtisadiyyat üzrə magistr, SOAS-London Universitetində isə Siyasi Psixologiya üzrə PhD dərəcəsi alıb. O, həmçinin Harvard Universitetində postdoktoral tədqiqat proqramında iştirak edib.
2011-2025-ci illərdə enerji, innovasiya və beynəlxalq əməkdaşlıq istiqamətlərində strateji layihələrə rəhbərlik edən Məmmədov SOCAR Middle East-də baş direktor müavini, TANAP layihəsində Xarici Əlaqələr direktoru, eləcə də SOCAR Türkiyənin R&D və İnnovasiya şirkətində rəhbər vəzifələrdə çalışıb.
O, Harvard, Wharton, National University of Singapore, Hong Kong Universiteti və Asia Global Institute-də liderlik və strateji idarəetmə üzrə Executive Education proqramlarını tamamlayıb. Beynəlxalq PgMP, PMP və PMI-ACP sertifikatlarına malikdir. Məqalə və araşdırmaları müxtəlif beynəlxalq media və analitik platformalarda dərc olunub.
Yeni təyinatla əlaqədar Maqsud Məmmədov AZCON-un beynəlxalq tərəfdaşlıq siyasətinin inkişafına, qlobal əməkdaşlıq imkanlarının genişləndirilməsinə və innovativ layihələrin koordinasiyasına rəhbərlik edəcək.
Milli.Az





