Aprelin 1-də Azərbaycan Milli İncəsənət Muzeyində "Musiqi zarafat edir" adlı konsert proqramı keçirilib . Musiqili axşamda Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru İlham Nəzərov və onun tələbələri - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunları Süsən Abasova və Sevinc Ağayeva, beynəlxalq müsabiqələr laureatı Kənan Rəhmanzadə, akademiyanın IV kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı Nuray İsmayılova, III kurs tələbələri Pərvanə Soltanova və Ülvi Əhmədov, Ramal Qəhrəmanlı, Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin məzunu, beynəlxalq müsabiqələr laureatı Ramal İbişov, həmin məktəbin şagirdi, beynəlxalq müsabiqələr laureatı Cavidan Babazadə və Xalq artisti, professor Xuraman Qasımovanın tələbəsi Səməd Novruzov çıxış ediblər.
Beynəlxalq müsabiqələr laureatı Əli Hüseynlinin konsertmeyster olduğu, musiqi ilə yumoru bir araya gətirən proqramda Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət rəngarəng musiqi nömrələri səsləndirilib.
Əyləncəli və dinamik ab-havası ilə seçilən konsert tamaşaçılara xoş ovqat bəxş edib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az





