Texnologiyanın sürətli inkişafı müharibələri yeni və təhlükəli bir mərhələyə - "rəqəmsal cəbhə"yə daşıyıb. Hazırda Yaxın Şərqdə davam edən gərginlik fonunda yayılan süni intellekt iddiaları isə dünya gündəmini sarsıdır.
Milli.Az xəbər verir ki, sosial mediada yayılan bəzi görüntülər "müharibədə hər şey saxtadır?" sualını ortaya çıxarıb.
Ən səs-küylü iddialardan biri İsrailin Baş naziri Benyamin Netanyahunun əslində ölməsi və onun yerinə süni intellektlə hazırlanan "deepfake" videoların təqdim olunmasıdır. Netanyahunun yayılan videolarından birində onun əlinin 6 barmaqlı görünməsi bu iddiaları pik həddə çatdırıb. Lakin süni intellekt mütəxəssisləri bu görüntünün saxta olmadığını, problemin sadəcə işıq düşməsi və kamera bucağından qaynaqlandığını bildirsələr də, şübhələr dağılmayıb. Hətta Baş nazirin kafedə çəkilən "cavab videosu" və ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi ilə görüşündəki "qulaq forması" belə yeni müzakirələrə yol açıb.
Müharibə dövründə manipulyasiya cəhdləri bununla bitmir. Məşhur "Bürc Xəlifə" binasının dağılmasını əks etdirən süni intellekt videosu qısa müddətdə milyonlarla baxış toplayaraq insanlar arasında təşvişə səbəb olub. AFP-nin (Agence France-Presse) araşdırmasına görə, müharibənin başlanğıcından bəri 500-dən çox saxta məlumat dövriyyədən çıxarılıb. Məlum olub ki, bu dezinformasiyaların təxminən 25%-i məhz süni intellekt vasitəsilə hazırlanıb.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür rəqəmsal manipulyasiyalar real müharibə faktlarına olan inamı sarsıdır. Süni intellektlə yaradılan saxta görüntülər "doğru xəbər qıtlığı" yaradır ki, bu da cəmiyyəti idarə etmək istəyən qüvvələrin əlinə böyük fürsət verir. Belə bir mühitdə hər hansı görüntünün həqiqi olub-olmadığını ayırd etmək artıq adi istifadəçi üçün demək olar ki, qeyri-mümkündür.
Səkinə Yusifova
Milli.Az





