Cəmiyyət

Kamaləddin Qafarov: “Novruz bayramı Xankəndiyə də gəldi”

22 Mart 2024 14:00
Baxış: 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Artıq dördüncü ildir ki, Azərbaycan xalqı Vətən torpaqlarını işğaldan azad etmək üçün mərdliklə döyüşmüş, tarixi Qələbəyə imza atmış, qəhrəman şəhidlərinin, qazilərinin canı-qanı bahasına ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş qalib və qürurlu xalq olaraq yaşayır. Artıq dördüncü Novruzdur ki, Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində, o cümlədən Qarabağda və Şərqi Zəngəzurda bayram tonqalları qalanır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində Novruz tonqallarını alovlandıran cənab Prezident İlham Əliyev bu il  Novruzun yolunu Xankəndi şəhərində alovlandırdığı bayram tonqalı ilə işıqlandırdı". Bu sözləri mətbuata  açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, dövlət başçısının xalqa ünvanladığı bayram təbrikində qeyd olunduğu kimi, bu tonqal erməni separatizmindən bu torpaqların birdəfəlik təmizlənməsi işində qoyulan son nöqtə oldu. "Azərbaycan xalqı İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatının gedişində böyük qəhrəmanlıq göstərdi. 2020-ci ildə Şanlı Ordumuzun rəşadəti sayəsində 30 illik işğala son qoyuldu. Ərazilərimizin çox hissəsi azad edildi. Altı ay bundan əvvəl keçirilmiş antiterror əməliyyatı nəticəsində isə ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Bu gün Azərbaycan Novruzu özünün istisnasız bütün suveren ərazisində indiyədək görünməmiş ruh yüksəkliyi və coşqu ilə qeyd edir."

K.Qafarov qeyd edib ki, Azərbaycan öz torpaqlarını müharibə yolu ilə işğaldan azad etməklə, əslində, bütün bölgəyə sülh gətirmiş oldu: "İşğal dövründə Azərbaycan öz ərazilərini məhz sülh yolu ilə azad etmək üçün çox səylər göstərib, danışıqlarda iştirak edib. Lakin bütün bu danışıqlar heç bir nəticə verməyib. Dövlət başçımızın dediyi kimi, həmin dövrdə bir çox paytaxtlardan siqnallar göndərilirdi ki, bu münaqişənin hərbi həlli yoxdur. Təbii ki, bu səylər heç də bölgəmizdə sülhün qorunmasıma yönəlməmişdi. Tam əksinə, Azərbaycan torpaqları işğal altında qaldıqca, bütün Cənubi Qafqaz hər an qızışa biləcək potensial münaqişə ocağı idi. Çünki Azərbaycan xalqı öz tarixi ərazilərinin əbədi işğalda qalmasına yol verə bilməzdi və vermədi də. Tarix özü Azərbaycan Prezidentinin haqlı olduğunu sübut etdi və göstərdi ki, istənilən münaqişənin hərbi həlli var. Əgər işğalçı dövlət digər ölkənin qanunsuz olaraq işğal altında saxladığı ərazisindən öz xoşu ilə çıxmaq istəmirsə, bu zaman yeganə yol hərbi yoldur. Azərbaycan da beynəlxalq hüquqa əsaslanaraq, məhz bu yolla öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdi və bununla da BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasını təmin etdi. Cənubi Qafqazda sülhün bərqərar olması üçün əsl möhkəm zəmin də məhz bundan sonra yarandı. Bu gün Azərbaycan və Ermənistan sülh sazişini imzalamağa heç zaman olmadıqları qədər yaxındırlar. Sadəcə bunun üçün Ermənistan hökuməti də öz iradəsini nümayiş etdirməli və xarici siyasətini kənar qüvvələrin deyil, öz ölkəsinin və xalqının milli maraqlarına uyğun qurmalıdır. Yalnız bu halda bu ölkə də Azərbaycanın müəllifi olduğu reallıqların yaratdığı imkanlardan yararlanmaq şansı əldə edə biləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.