Cəmiyyət

Azərbaycanda qadınlara niyə imam titulu verilmir - təfərrüat

1 Fevral 2023 08:27
Baxış: 748
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekspert deyir ki, məscidlərdə qadın din xadimlərinə böyük ehtiyac var, çünki...

"Azərbaycanda ilk dəfə qadınların məscidlərdə dini ayin icraçısı kimi təyinat alması orada imam vəzifəsini yerinə yetirmək üçün deyil. Qadın imam funksiyasını yerinə yetirməyəcək". Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı belə deyib.

Onun sözlərinə görə, qadın dini ayin icraçısı məsciddə imamın tövsiyəsi ilə hər hansı dini mərasimə qatıla biləcək:  "Dini mərasimlər var ki, qadınlar orada ayrı oturur. Məhz dini təhsili olan qadın icraçının məclisi idarə etməsi daha məntiqlidir. Çünki dini mükəmməl bilməyən birinin dini məclisi idarə etməsi nəticədə müəyyən səhvlərə səbəb ola bilər".

Komitə sədri bildirib ki, qadın dini ayin icraçıları üçün müsahibə mərhələsinin fevral ayının ortalarında keçirilməsi nəzərdə tutulub: "Bütün suallar və müsahibə mərhələsinin keçirilmə qaydaları Dövlət Komitəsinin rəsmi saytına yerləşdirilib".

Xatırladaq ki, qadın dini ayin icraçısı vəzifəsinə elan edilən 7 vakant yer üçün 69 namizəd müraciət edib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkədə təxminən 2200-dən çox məscid var. Lakin bu məscidlərin heç birində qadınların namaz qıldığı zallarda xanım imam və axund yoxdur. Qadınlar kişi imamların və ya axundların azanı ilə namaza gəlir, özləri qılıb gedirlər.

Bəziləri bunu onunla əlaqələndirir ki, tarixən imam və axundlar yalnız kişilər olub. Yəni qadınların imam və ya axund olması dinə ziddir. Bəziləri isə qeyd edir ki, qadınların axund deyil, imam və ya şeyx olması mümkündür. Belə ki, dinimizə görə qadın imam, şeyx ancaq qadınların məclislərində onlara dini məsələləri öyrədə bilər, onlara hətta kişi olmadıqda namaz qıldıra bilər.

O da məlumdur ki, 2018-ci ildən  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu fəaliyyət göstərir. Təbii ki, hər il bu institutun qadın məzunları da olur. Bəs niyə qadınlara imam titulu verilmir?

Milli.Az bildirir ki, mövzu ilə bağlı Azərbaycan İlahiyyat İnstitutunun keçmiş rektoru, millət vəkili Ceyhun Məmmədov "Yeni Müsavat"a danışıb: "İlk öncə qeyd edim ki, bu, çox önəmli bir mövzudur. Əslində bu məsələ ilə bağlı dəfələrlə  çağırış etmişəm, bildirmişəm ki, Azərbaycanda savadlı, bilikli, qadın din xadimlərinə böyük ehtiyac var. Yəni son vaxtlar bu sahədə kişilər arasında müəyyən qədər uğur qazananlar var, amma qadınlarla bağlı bunu demək olmur. Bu baxımdan, Azərbaycanda bu institutun bir işlək mexanizmə  gətirilməsinə böyük ehtiyac var.

Söhbət ondan gedir ki, elə dini məsələlər var ki, qadınlar onları kişilərdən soruşa bilmirlər. Həmçinin dinlə bağlı məlumat əldə etmək üçün bir sıra hallarda məcbur olub düzgün biliyi, savadı olmayan, təriqətçi insanlardan öyrənirlər ki, bu da müəyyən problemlərə gətirib çıxarır. Məsələn, hər birimiz müşahidə edirik ki, yas məscidlərinə mövhumat, xurafat, dinlə əlaqəsi olmayan məsələlərin təbliği daha çox qadınlar arasında özünü göstərir".

Ceyhun Məmmədov qeyd edib ki, bu məsələ ilə bağlı Dini Qurumlarla iş üzrə Dini Komitə təlimat hazırlasa da, hələlik prosesə start verilməyib: "Hesab edirəm ki, bu prosesə ən qısa zamanda  başlamalı, mərhələli şəkildə əsas məscidlərdən başlayaraq, məscidlərimizə qadın din xadimlərini təyin etməliyik. Dinimizin yanaşmasına əsasən, məscidlərdə kişilər həm qadınlar, həm də kişilər üçün imamlıq edirlər. Qadınlar kişilər üçün imam ola bilməz və bunun dini əsası var. Lakin ümumilikdə, qadın din xadimləri qadınlar üçün namaz qıldıra, onlara dərs deyə, din haqqında bilgilər verə bilərlər və qeyd etdiyim kimi də buna çox ciddi ehtiyac var. Məsələn, hansısa qadını dinlə bağlı məsələ maraqlandırır və onun getdiyi məsciddə qadın din xadimi olanda asanlıqla suallarına cavab tapır".

Ceyhun Məmmədov qeyd edib ki, əksər müsəlman ölkələrində məscidlərdə qadın din xadimləri var: "Bu bütün İslam dünyasında var. Bəzi  məscidlər iki hissəyə bölünür, bir hissəsində qadınlar ibadətlərini edir, dini dərslər alır, digər hissəsində isə kişilər. Bu baxımdan, ölkəmizdə də bu institutun gücləndirilməsinə ehtiyac var".

Ceyhun Məmmədov dini radikalizmin artmasından və bunun hansı səbəblərdən yaranmasından da söz açıb: "Bu gün biz tez-tez dini radikallıqdan, dini dözümsüzlükdən danışırıq. Dini radikalizm çox təhlükəli məsələdir. Müsəlman ölkələrində dini radikalizm çox böyük bəlaya çevrilib. Ötən gün Pakistanda  bir məsciddə partlayış  törədildi, yüz nəfər həlak oldu, yüzlərlə insan yaralandı. Bir  müsəlman bir məscidi necə partlada bilər? Bu niyə baş verir? Çünki dini radikalizm, dini yanlış anlama, din adından yanlış məqsədlər üçün istifadə etmə var. Ona görə biz bu siyasətimizi çox ustalıqla, peşəkarlıqla qurmalıyıq  ki, gələcəkdə bu cür problemlərlə rastlaşmayaq. Dini radikalizmi Azərbaycana gətirmək, ölkədə yaymaq, din və məzhəb zəminində münaqişə törətmək fikrində olan qruplar var. Onun qarşısını almaq üçün zamanında addım atmalıyıq ki, dini təhlükəsizliyimizi  təmin edək. Bu gün  qadınların da arasında radikal düşüncəli olanların sayı heç də az deyil. İran da qadınlar vasitəsilə bu məsələdən öz məqsədləri üçün çox rahat şəkildə istifadə edir, onları radikallaşdırmaq, onları dövlət əleyhinə yönləndirmək üçün müəyyən  addımları atır. Qadınlarla bağlı məsələ çox həssas və önəmlidir. Belə ki, bəzən bir qadın hansısa cərəyanın, yanlış dini fikrin qurbanına çevriləndə bu onun tərbiyə etdiyi övladlarına da sirayət edir.

Bu baxımdan, məscidlərdə qadın din xadimlərinin olması ilə bağlı prosesi sürətləndirməliyik. Şərt deyil ki, hər məsciddə qadın din xadimi  olsun, hesab edirəm ki, ən böyük, əsas məscidlərdə bu olmalıdır. Bu, həm mövhumat və xurafatın təbliğinin yayılmasının qarşısını alacaq, eyni zamanda radikal meylləri aradan qaldıracaq.

Bu gün Türkiyədə də bu məsələ tətbiq olunur. Yəni aidiyyəti qurum bəzi məscidlərdə qadın din xadimlərini təşkil edir, onlar qadınlara din  haqqında məlumatlar verir, istiqamətləndirir, yönləndirirlər. Bu baxımdan, bizim də bunu etməyə ehtiyacımız var. Qeyd  etdiyim kimi, bu barədə təlimat var, hətta Ədliyyə Nazirliyi də bu sənədə baxmışdı, lakin hələ ki bu proses ağır gedir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.