Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) görkəmli rəssam Mirzə Qədim İrəvaninin 200 illik yubileyi münasibətilə AMİM-nin təşəbbüsü ilə "Azərpoçt" MMC tərəfindən dövriyyəyə buraxılan poçt markalarının təqdimat mərasimi baş tutub.
Tanınmış elm və mədəniyyət xadimlərinin, millət vəkillərinin, ölkəmizdəki diplomatik korpusların rəhbər və nümayəndələrinin qatıldığı mərasimdə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova və "Azərpoçt" MMC-nin Marka şöbəsinin müdiri Sitarə Hüseynova çıxış ediblər. Onlar öz çıxışlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ildə Mirzə Qədim İrəvaninin 200 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi barədə Sərəncamını vurğulayaraq, bu qərarın dahi sənətkarın irsinin qorunması, araşdırılması və geniş ictimaiyyətə tanıdılması üçün mühüm addım, təqdim edilən poçt markalarının isə yubiley ilinə dəyərli töhfə olduğunu bildiriblər.
Daha sonra Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Murad Hüseynov, "Azərpoçt" MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev və Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikovanın iştirakı ilə markaların möhür vasitəsilə "söndürülməsi" mərasimi keçirilib.
Poçt markaları üzərində M.Q.İrəvaninin tanınmış portretləri sırasında yer alan "Əsgər", "Mah Tələt xanım", "Zadəgan qadının portreti", "Vəcihulla Mirzə", "Fətəli şah" əsərləri əks olunub. İrəvani yaradıcılığının müxtəlif mərhələlərinə aid bu mükəmməl sənət nümunələrində öz dövrləri üçün yeni olan xüsusiyyətlər - təkcə zahiri bənzərlik deyil, hər bir obraza xas fərdi cizgi və daxili aləmin dolğun təsviri verilib.
Qeyd edək ki, təqdimat mərasimində AMİM-nin kolleksiyasında qorunan bu portretlər nümayiş etdirilib.
Tədbirin sonunda Xalq artisti Munis Şərifovun bədii rəhbərliyi ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəznində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Ansamblı xalq sənəti incilərindən ibarət konsert proqramı ilə gecəyə unudulmaz musiqi ərmağanı bəxş ediblər.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az