Cəmiyyət

Ramil Səfərov London səfirliyində olsaydı və ya “Şirak terrorçuları” ilə “Şirazilər”i nə bağlayır?

5 Avqust 2022 17:32
Baxış: 1 472

Milli.Az yeni müsavat-da dərc olunan yazını təqdim edir:

Londonda baş verən hadisə Azərbaycan təəssübünü çəkən, bayrağımızın uğrunda gözünü qırpmadan ölümə getməyə hazır olan hər kəsi təbii olaraq qəzəbləndirib. "Din" libasına bürünüb iblisanə əməl törədənlərin dərhal, yerindəcə cəzalandırılmasını zəruri sayanlar tamamilə haqlıdır. Həm də beynəlxalq qanunlar, konvensiyalar səbəbindən bir ölkənin səfirliyinə təcavüz həmin ölkənin dövlət sərhədini pozmaq, ərazi bütövlüyünə qəsd etməkdir.

Azmı olub Bakıda hər hansı aksiyalar zamanı, yaxud da elə sakit vaxtlarda səfirliyin fotosunun jurnalist və ya qeyri-jurnalist tərəfindən çəkilməsinə görə sorğu-suala tutulma, çəkilişlərin yaddaşdan silinməsi halı? Azərbaycan paytaxtındakı səfirliklərin eyvanından nəinki bayrağı çıxartmağa kimsə cəsarət edə bilməyib, hətta bir çoxlarımız şəklini çəkməyin də yaxşı bitməyəcəyini düşünüb. İndi necə olur ki, dünyanın aparıcı bir ölkəsinin paytaxtında bir başıpozuq dəstə Azərbaycan səfirliyinə basqın edir, qırır, dağıdır, otaqlardakı masaların üzərinə, divarlara şüarlar yazır, səfirliyin önündən dini plakatları asır, ən nəhayət, Azərbaycan bayrağını çıxarıb küçəyə tullayır, yerinə özünün əskisini bərkidir və bu müddətdə Böyük Britaniyanın hüquq-mühafizə orqanları hadisə yerinə "gecikir", yaxud reaksiya vermək üçün haradansa "təlimat" gözləyir. Əcaibdir, deyilmi?

Videokadrlara diqqətlə baxanda aydın görünür ki, radikal qrup üzvlərinin Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin eyvanında meymunluq etdiyi anlarda belə, London polisinin əməkdaşları özlərini "sirk tamaşaçısı" kimi aparırlar, birisi də kameraya baxıb pis-pis irişir. Bu, heç bir əndazəyə sığmayan bir reaksiya, əslində, reaksiyasızlıqdır. Sanki elə iş-işdən keçəndən sonra hadisə yerinə gəlmiş polis də "Şirazinin dəstəsi"nə bağlıymış, özlərini biganə aparmaları adamda belə təəssürat yaradır.  Radikal dəstə vandalizm əməllərini nə qədər müddətə törədib? Bu müddətdə səfirliyin siqnalizasiyası işə düşməyibmi? Polisə dərhal məlumat çatdırılmayıbmı? Bəs, bu ləngliyin səbəbi nəymiş?

Heç şübhəsiz burada səfirliyi mühafizə xidmətinin də məsuliyyəti kifayət qədərdir. Hanı adekvat reaksiya? İstənilən quldur təpiyi ilə vurub səfirliyimizə daxil olarsa, daha nə oldu? Ən sərt tədbirə əl atılmalıydı, söhbət Azərbaycan ərazisinə qanunsuz soxulma cəhdindən gedir. Belə çıxır ki, sərhədçilərimiz də dövlət sərhədimizi pozan hansısa radikal dəstə üzvlərinə "buyurun, gəlin, keçin içəri" reaksiyası verməlidir?  Təbii ki, yox! Qeyri-ixtiyari düşündüm ki, Londondakı səfirliyimizin mühafizə xidmətində bir Ramil Səfərova ehtiyac var idi. Bəli, məhz Ramil Səfərova! Erməni Qurgenin Azərbaycan bayrağını təhqir etməsini sinirə bilməyərək onu cəhənnəmə göndərən, o anda BAYRAQdan özgə heç nəyi və heç kimi düşünməyən Azərbaycan zabiti! Təhlükəsizlik xidmətində belə birisi olsaydı, tam əminəm ki, dövlətimiz ona sonadək dəstək olacaqdı, hər hansı problemlə üzləşsə belə, xilas edəcəkdi, Ramil Səfərovu ömürlük məhbusluqdan xilas edib, ordu sıralarına qaytardığı, yüksək mükafatlandırdığı kimi! Amma təəssüf, bu dəfə olmadı, ay-ulduzlu şanlı bayrağımıza o anda sahib çıxan olmadı...O bayrağı Şuşa qalasına sancmaq üçün qayaları dırmanan oğullarımızın ruhu bağışlasın bizləri...

Səfirliyimizə basqın edən başıpozuq qrupun əslində İslam adına həqarət olduğunu elə onların bayrağa münasibətindən aydın görmək olur. Onları nə Mehdi maraqlandırır , nə Hüseyn, nə din...Əks halda, üzərində İslamın rəmzi olan Azərbaycan bayrağına qarşı belə vəhşilik etməzdilər, yaşıl rəngdən utanıb, yerə girərdilər, anlayırıq, türkçülük və müasirlik bunların gözlərinə girir hər zaman. Amma yaşıl...

Deməli, bunların İslama dəxli yoxdur. Həm də ayrı-ayrı mərkəzlərin təlimatlarını icra etdikləri şübhə doğurmur. Bakıda hansısa divara yazılmış dini şüarın pozulmasına bu sayaq cavab verdikləri barədə də fikirlər var. Amma məncə, bu, bir epizoddur. Niyə məhz London seçilib, sualı da düşündürücüdür.

Böyük Britaniya ilə Azərbaycan arasında münasibətlər kifayət qədər yüksək səviyyədədir. 2020-ci ilin iyulunda Ermənistan öz himayədarlarının fitnə-feli ilə Tovuz rayonu istiqamətindən Azərbaycana təcavüz cəhdi edəndə, neft-qaz magistrallarını hədəfə alanda qardaş Türkiyənin ardınca məsələyə sərt etiraz bildirən məhz BP şirkəti oldu. Təbii ki, şirkətin maraqları var idi, amma bu, həm də iki ölkə arasındakı yüksək əlaqələrin məntiqi nəticəsiydi. Azərbaycanda maraqları təmin olunan o qədər çevrələr var ki... Amma çox zaman ikibaşlı oyunlarının şahidi olmuşuq. Böyük Britaniya dövlətinin növbəti kişiliyini 44 günlük müharibə zamanı gördük: bəzi paytaxtlar, elə özlərini "həmsədr", "vasitəçi" adlandıranlar da israrla Azərbaycanın məsələsini BMT Təhlükəsizlik Şurasına çıxartmaq, ölkəmizə qarşı sanksiya qərarları qəbul etmək, kəsəsi, torpaqlarımızın azadlığına aparan yolumuzu kəsmək istəyirdilər, Böyük Britaniya onların bu yolunu kəsən ölkələrdən oldu. Qarabağ zəfərindən sonrakı dönəmlərdə də hələ ki, qələbəmizi sinirə bilməyən, müxtəlif planlarla aranı yenidən qarışdırmaq, bölgəyə hansısa ad altında soxulmaq istəyən paytaxtlar, qüvvələr var. O paytaxtlar gah Qarabağ separatçılarına maliyyə ayırırlar, gah "bizsiz işiniz çətin olacaq, çağırın, gələk" mesajları verirlər, gah da başqa hiyləgər gedişlər edirlər. Nəticədə İrəvandakı revanşistlər də yenidən baş qaldırır, Qarabağdakı terrorçular da silaha əl atmaq cəsarəti göstərir. Heç birisi təsadüfi deyil. 10 noyabr üçtərəfli bəyanatın imzalanmasından bir ay sonra Hadruta "Şirak terrorçu dəstəsi"ni yollayaraq gərginliyi tətikləmək planı quran qüvvələr və ya onların həmfikirləri 4 avqust 2022-ci ildə də Londondakı səfirliyimizin üstünə "Şirazilər"i yolladılar. Ümumiləşdirsək, məqsəd-məram eynidir, hər ikisində Azərbaycan bayrağını endirmək, özlərinin əski parçalarını yerinə taxmaq niyyəti, qəsdi var idi. Hətta özlərini "İslam dövləti" adlandıranlar da məscidləri dağıdan, Allahın evlərində donuz saxlayan erməniləri himayə etdilər, terrorçu Ermənistanla hər cür əlaqələr qurdular...

Ayıq-sayıq olmalıyıq, hər yerdə, hər zaman! 30 il ərzində dünyanı "dişimizə vurduq", gördük ki, bəzi qardaşlarımızdan savayı, bizim yanımızda olmaq istəyənlər yoxdur, torpaqlarımızda at oynadan vandal ermənilərin havasına oynayırdı çoxları. Odur ki, hər kəs öz "səngər"ində bayrağımızı, dövlətimizi qorumaq üçün hazır olmalıdır. Erməni terrorizminin qətlə yetirdiyi Azərbaycan-Türk diplomatlarının, dövlət xadimlərinin sayı-hesabı neçədir, xatırlayaq! Düşmən dəyişməyib, heç havadarları da. Bu gün Zəngəzur dəhlizinin açılmamasını istəməyən o qədər anti-Azərbaycan qüvvələr var ki...Təkcə "Ermənistanın sərhədi bizimçün qırmızı xətdir" deyən müsəlman qonşumuz bu layihəyə qarşı çıxasaydı, nə vardı...

Çox məkrli və çoxşaxəli plandır. Azərbaycan düşmənlərinin hərəsinin öz maraqları var burda. İran-Azərbaycan münasibətlərinin gərginləşdirilməsindən tutmuş, Bakı-London münasibətlərinə xələl gətirilməsinədək... "Daş"ın altından kim çıxacaq, kim bilir...Amma Azərbaycan dövlətinin bu məsələni sonunadək təqib edəcəyinə, günahkarların cəzalandırılmasına nail olacağına inanırıq. "Şirak terrorçuları"nı bu günədək həbsdə saxlayan dövlətimiz "Şirazilər"in də cəzasını almasına nail olmalıdır, digərlərinə dərs olsun.

Azərbaycan diasporu da ayaqda olmalı, dövlətimizin yanında olmalıdır, əldə bayrağımız! Londonda bayrağımıza qarşı təxribat baş verən gün Qarabağdakı rus hərbi kontingentinin komandanı Volkov ermənilərlə görüş keçirdi, masa üzərində Azərbaycan bayrağı qoyulmuşdu.  Maraqlı təsadüf(mü?) oldu...

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics