Şou-biznes

Filmlərdə işlədilən söyüşlər - Bu bizə nə verir?

25 Fevral 2023 19:14
Baxış: 1 312
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son illər çəkilən seriallarımızda, eləcə də şou xarakterli proqramların, komediyaların əksəriyyətində aktyorlar tez-tez jarqon sözlərdən, söyüşlərdən istifadə edirlər. Buna münasibət birmənalı deyil. Bəzi izləyicilər bədii əsərdə söyüşləri təbiillik, bəziləri tərbiyəsizlik kimi qəbul edir. Söyüşlər ekran işinə nə qatır? Kolorit, səmimiyyət, yoxsa uğursuzluq? Ümumiyyətlə, bu lazımdırmı?

Milli.Az xəbər verir ki, Lent.az-ın suallarına cavabı elə sənət adamlarından alıb.

Yazıçı Azər Qismət hesab edir ki, rejissorlar söyüşdən çox istifadə etməklə əslində publika toplamağa can atırlar. Onun fikrinə görə, söyüşü elə bir cümlə ilə, sözlə əvəz eləmək olar ki, daha güclü təsir buraxsın.

"Söyüş ümumilikdə zəiflik əlamətidir. Rejissorların da rolu açmaq üçün söyüşdən istifadə etməsini zəiflik kimi görürəm. Daha təsirli həll yolu tapa bilərlər. Bu bizdə hələlik izləyici kütləsi toplasa da, bir müddət sonra tamaşaçılarını itirəcək. Əsərdə oğrunu, küçə adamını jarqon ifadələrlə danışdırmaq olar. Amma hansısa bir prokurorluq əməkdaşını, ziyalını, alimi belə "danışdırmaq" məncə uyğunsuzluqdur".

Əməkdar artist Kamran Yunis:

Bizdə bir müəllim var idi, tələbələri səmimi göstərmək üçün imtahanda hərəsinin ağzına bir saqqız vermişdi. İndiki filmlərdə o qədər məişətə endilər, axırda söyüş səviyyəsinə düşdülər. Guya daha həyati səhnələr çəkirdilər. Bu, əslində əxlaqsızlıqdan başqa bir şey deyil. Bizə heç nə vermir, bu günümüzə və gələcəyimizə zərbədir. Nə müasirlikdir, nə kolorit. Əcəba, söyüş söyən aktyorlar onun öz balaları ilə oturub rahatlıqla baxa bilirlərmi? Bilmirlərsə, niyə söyürlər? Özlərinə rəva görmədiklərini başqalarının balasına necə rəva görürlər? Bu bizə heç nə vermir, bu tərbiyəsizlikdir, əxlaqsızlıqdır. Kişi söyüş söyür və bilir ki, bunu onun ailəsindən olan qadınlar da eşidəcək, bunu özünə necə rəva bilir? Bu mənə çatmır.

Əməkdar artist Füzuli Hüseynov:

Kinoda və tamaşada hər şey eləmək olar. Amma bu ikrah hiss doğurmamalıdır. O qədər orijinal və yerində olmaldır ki, pis qarşılanmasın. Düşünəsən ki, burda bu sözdən başqa söz demək olmazdı. Söyüş söyülməsinə ümumilikdə pis baxıram. Amma müəyyən hədlər çərçivəsində, yerində olarsa, yolveriləndir. Dünya təcrübəsində var. "Sovremennik" teatrı Bulqakovun bir əsəri ilə gəlmişdi Bakıya, 80 nəfər səhnəyə lüt çıxırdı, tamaşaçı bunu normal qarşılayırdı. Söyüş 1 dəfə ola bilər, amma açıq-saçıq yox.

Əməkdar aktyor Əjdər Zeynalov:

Mentalitetimizdə söyüşə pis baxılır. Amma elə əsərlər var ki, obrazın, xarakterin dilinə uyğun şəkildə ifadələr işlətək olar. Azərbaycan efirlərində onsuz da belə səhnələr olanda siqnal səsiylə üstü örtülür. Obrazın dilinə uyğun şəkildə, çox açıq-saçıq olmayan şəkildə işlədilməsinə pis baxmıram, çox sərhədsiz ifadələrin işlədilməsinin əleyhinəyəm. Bunu da dəqiqə başı eləmək olmaz. Yeri gələndə, film boyu bir və ya iki kadrda işlətmək mümkündür.

Aktyor Azər Aydəmir hesab edir ki, aktyorun xarakterini açmaq üçün onun danışıq tərzi ən yaxşı vasitədir: "Müəyyən senzuralara əməl eləməklə xarakterin dilinə uyğun ifadələr işlədilməlidir. Bu filmə kolorit, obraza canlılıq qatır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.