Siyasət

Bakı pasiyenti: Əli Kərimli özünü böyüdür

3 May 2021 13:40
Baxış: 20 120

Çağdaş psixologiyada ifrat özünəvurğunluq və ya "full of himself" sindromu adlandırılan davranış modeli "narsisizm" kimi də tanınır.

Xudpəsəndlik, eqoizm, təşəxxüs - bütün bunlar özünəvurğun insanın asanlıqla sezilən və görülən xüsusiyyətləridir.

Narsisizmə mübtəla olan insanı psixoloqlarla bahəm, psixiatrlar da şəxsiyyətində ciddi fərdiyyət fəsadı olan insan sayırlar. Belə şəxsə əksər hallarda "xarakter aksentuasiyası" diaqnozu qoyulur.

Özünəvurğun insan bütün hallarda özünü hamıdan üstün sayır, ətrafındakı insanların problemlərinə və qayğılarına biganə qalır.

Psixologiyada "narsisizm" terminini ilk dəfə tətbiq etmiş Ziqmund Freydin fikrincə, bəzi insanlarda xudpəsəndlik və özünəvurğunluq anadangəlmə olsa da, sonradan güclənərək eybəcər hal alır.

Dünyaca məşhur psixoloqlar Endryu Morrison, Manfred Kets de Vris, Otto Körnberq, Melani Klyayn, Herbert Rozenfeld və Hanna Seqal da təxminən eyni fikirdə olublar.

Amma onlar Azərbaycanın radikal müxalifətinin bəzi mənsublarını, daha doğrusu, özlərini "müxalifət lideri" adlandıran və ətrafındakıları da buna inandırmağa çalışanları müayinə etsəydilər, güman ki, fikirlərini dəyişərdilər.

Çünki bəhs etdiyimiz şəxslərdə təşəxxüs, gerçəyi dəyərləndirməkdə qüsurlar və özlərini az qala "millət xilaskarı" hesab etmək təki hallar o qədər ciddiləşərək ağırlaşıb ki, onların ciddi təhlilə, araşdırmaya və müzakirəyə belə, zərurəti qalmayıb.

Hər şey zatən, göz qabağındadır.

... Bəhs etdiyimiz şəxslər arasında AXCP sədri Əli Kərimli əlahiddə yer tutur. Onda infantil və patoloji narsisizm qarışaraq çox qəvi simbioz yaradıblar.

Ətrafındakı insanlara gülümsəyərək baxan, amma hətta ona inananlara belə, rəğbət göstərməyən, empatiya hissindən bilmərrə məhrum olan Əli Kərimli məqsədə çatmaq üçün bütün vasitələri mübah bilir.

Bəlkə də, bu, siyasi eksqibisionizmin yerli izharıdır.

Elektroal dəstək və sosial bazadan çoxdan məhrum olmuş Əli Kərimli indi permanent, fasiləsiz müxalifətçilik taktikasını seçərək hakimiyyətin istənilən (!) qərarını, addımını və yeniliyini sərt tənqid edir.

Həddən ziyadə bəsit və normal siyasi mübarizədən çox kənar bir strategiyadır.

Azərbaycanda rüşvətxorluq, korrupsiya, məmur cinayətlərinin olduğunu kimsə danmır. Tam əksinə, bu yaramaz hallarla mübarizənin daha da sərtləşdirilməsinə və miqyasın genişləndirilməsinə ilk əvvəl hakimiyyət maraqlıdır.

Məhz ölkə hakimiyyəti sürəkli olaraq rüşvətxor məmurları cəzalandırır - bunun əksini iddia etmək absurd olardı.

Ə.Kərimlinin nimdaşlaşmış siyasi lüğətindəki "siyasi məhbus" ifadəsinə gəldikdə isə...

Həmin "məhbus"ların sayı ilə bağlı statistikada elə həmin radikal müxalifət liderləri fərqli və əksər hallarda ziddiyyətli açıqlamalarla çıxış edirlər.

Sosial şəbəkələrdə dolaşan və xaricdəki subyektiv beynəlxalq təşkilatlara göndərilən "siyasi məhbus siyahısı" adlanan belletristika nümunələrindəki rəqəmlərə nəzər salmaq yetər ki, situasiyanın az qala tragikomizm səviyyəsində olduğu görünsün.

Üstəlik, "siyasi məhbus" kimi qələmə verilən şəxslərin total çoxluğu məişət cinayətlərinə görə azadlıqdan məhrum edilmiş insanlardır.

Ən nəhayət, "xalq narazılığı", "kütləvi etirazlar" və s. kimi lümpenləşmiş tərəfdarlara hesablanan ifadələr: Əli Kərimli hələ də illüziyalar aləmində qalaraq rəhbərlik etdiyi, bir zamanlar partiya olmuş, indisə siyasi dərnək səviyyəsinə salınmış AXCP-nin cəmiyyətdə ciddi siyasi qüvvə olduğunu düşünür.

İrrasional düşüncənin yeni modeli də var. Belə ki, "Azərbaycanda hansı müxalifət partiyasının liderini prezident görmək istəyirlər?" adlı yazı dünən və bu gün sosial şəbəkələrdə yayılmaqdadır.

Yazı müəllifinin məqsədi önəmli deyil: maraqlı olan AXCP sədri Əli Kərimlinin sən demə, dövlət başçısı postuna müxalifət düşərgəsindən "ən real və potensial namizəd" qismində təqdim olunmasıdır.

Əslində, ölkədəki müxalifət partiyalarının liderlərinin seçki şanslarının, yəni elektoral potensiallarının ehtimal səviyyəsində dəyərləndirilməsi, sorğular vasitəsilə proqnozlaşdırılması gərəkli prosesdir.

Sivil dövlətlərdə siyasətçilərin reytinqlərinin hesablanması və ən başlıcası, formalaşması əhəmiyyətli dərəcədə belə sosiaoloji sorğular vasitəsilə bəlirlənir.

Azərbaycanda da, təbii, bəhs etdiyimiz prosedurların mütəmadi gerçəkləşdirilməsi zəruridir.

Fəqət, problem sorğuların necə, kimlər tərəfindən keçirilməsi və əsası, həmin sorğularda aprior şərtin - minimal obyektivliyə riayət olunmasıdır.

Təəssüf ki, AXCP sədri Əli Kərimlinin ciddi-cəhdlə "müxalifət lideri" sayılmasına "rəvac" sayılmağa hesablanmış sorğu özlüyündə sosioloji araşdırma metodologiyasına parodiyadır.

Gələk bu başıbəlalı "bir neçə sorğudan ibarət sorğu"ya.

İddia olunur ki, sən demə, sorğularda yüz mindən çox  !) "Google" hesabı iştirak edib.

"Bu hesablar əsasən ən çox siyasiləşmiş şəxslərə aiddir. Belə sorğularda əsasən siyasi seçimini etmiş və ya buna meylli olan insanlar iştirak edir. Bu isə gerçək vəziyyətin üzə çıxmasında daha obyektiv indikator sayıla bilər", - sorğu ilə bağlı yazıda iddia olunur.

Google servisindəki akkauntların virtual respondent kütləsi qismində qəbul edilməsi, yumşaq desək, peşəkarlıqdan çox uzaq qərardır.

İnternetə azacıq bələd olan fərdlər belə, əla bilirlər ki, Google-dəki hesab (akkaunt) personofikasiya, yaxud identifikasiya tələb etmir. Yəni bir nəfər Google-da bir yox, bir neçə, hətta minlərlə akkaunt yarada bilər.

Və onlarla, yüzlərlə, hətta minlərlə saxta akkaunt yaratmış şəxs, yaxud şəxslərin "respondent" kimi sorğuya qatılması bötünlükdə sosiaoloji tədqiqatların təməl prinsiplərinə ziddir.

Bundan başqa, həmin akkauntların məhz "siyasiləşmiş şəxslər" olması hansı üsulla, metodla və ya vasitələrlə təsbit olunub?

Göründüyü kimi, "sorğu" müəllifləri açıqlamadakı elə ilk cümlələrdə sosioloji tədqiqatın iki təməl prinsipi - induktiv və deduktiv tədqiqat mexanizmləri şərtlərini pozublar.

Vurğulanır ki, belə sorğulardan birini "YouTube" sosial şəbəkəsi üzərində fəaliyyət göstərən "Bumerang Media" internet kanalı keçirib.

Sözügedən kanala baxırıq. Ən populyar videoları tibb elmləri namizədi Rəşid Mahmudovla müsahibələr olan sözügedən kanalın təqribən 66,5 min daimi təqibçisi var.

Yəni kanal heç bir halda "100 min siyasiləşmiş akkaunt"la respondentiv əməliyyat keçirə bilməz.

Davam edək.

"İlk mərhələdə hər biri 5 partiya sədri olmaqla 3 sorğu keçirilib. Birinci mərhələdə 15 partiya sədri arasından seçilən 3 qalib növbəti mərhələyə çıxarılıb", - yazan "sorğu müəllifləri" mərhələli sosioloji araşdırmanın da bütün prinsiplərini və tələblərini pozaraq sosioloji sorğunu az qala əyləncəyə çeviriblər.

"26 min virtual respondentin iştirakı ilə keçirilən ilk sorğuya 5 partiya sədrinin adı daxil edilb. Səsvermə nəticəsində AXCP sədri Əli Kərimli 45%,  Ağ partiyasının sədri Tural Abbaslı 29%, Ümid partiyasının sədri İqbal Ağazadə 12%, VİP sədri Əli Əliyev 10%, ADP sədri Sərdar Cəlaloğlu 3% səs qazanıb. Birinci sorğuda Əli Kərimli üstünlük qazanıb" - bəyan belədir.

Üç həftə əvvəl psevdosorğunun keçirildiyi YouTube kanalında həmin "səsvermə"nin statistikasına baxırıq: 2300 "bəyənmə", 854 şərh. Şərhlərin total əksəriyyəti Əli Kərimlinin tərəfdarları, yəni AXCP üzvləridir.

854 rəqəmi əslində AXCP-nin real, mobil və gerçək üzv sayını göstərən statistika da sayıla bilər.

İkinci "virtual səsvermə"də öncəki ilə müqayisədə 50% az, yəni 12 min virtual respondent iştirak etdiyi iddia olunur.

HƏP sədri Əli İnsanov 62%, Müsair Müsavat partiyasının sədri Hafiz Hacıyev 16%, Müsavat partiyasının başqanı Arif Hacılı 11%, Xalq partiyasının sədri Pənah Hüseynov 6%, BAP sədri Elşad Musayev 5% səs qazanıb. İkinci sorğuda Əli İnsanov üstünlük qazanıb.                                                  

Yenə də statistikaya baxırıq.1200 "bəyənmə", 1005 şərh və şərhlərin əksəriyyəti Ə.Kərimlinin şəninə mədhiyyələr.

Üçüncü "virtual səsvermə"də əvvəlkilərlə müqayisədə ən az, yəni 9.9 min virtual respondent iştirak etdiyi vurğulanır.

Sən demə, KXCP sədri Mirmahmud Mirəlioğlu 65%, ReAl sədri İlqar Məmmədov 16%, MDP sədri Nemət Pənahlı 7%, AVP sədri Fəzail Ağamalı 7%, GAP sədri Ağasif Şakiroğlu 5% səs qazanıb. Üçüncü sorğuda Mirmahmud Mirəlioğlu üstünlük qazanıb.

"Bumerang Media" ilə yanaşı "Azad Söz" internet kanalı da eyni vaxtda bənzər sorğu keçirib.   "Azərbaycanda hansı partiya rəhbərini daha çox dəstəkləyirsiniz?" sorğusunda  45 min virtual respondent iştirak edib. Bu sorğuda yalnız müxalifət partiyalarının rəhbərləri deyil, iqtidar partiyası olan YAP-ın sədri də daxil edilib. Bu virtual səsvermədə də AXCP sədri  Əli Kərimli 40%-lə ən çox dəstək qazanıb. YAP sədri, prezident İlham Əliyev 33%, Ağ partiya sədri Tural Abbaslı 19%, VİP sədri Əli Əliyev 6%, ReAL sədri İlqar Məmmədov 2% səs qazanıb.

Göründüyü kimi, belə "səsvermə"lər heç bir halda ictimai rəyin lokal və ya virtual olsa da, monitorinqi sayıla bilməz.

Sonda sorğu "təşkilatçı"larının nikbin paneqiriki var: "İqtidarın daxili siyasəti onun alternativinin ünvanını müəyyənləşdirir".

Yəni bilək və agah olaq ki, müxalifətitn lideri, hakimiyyətin real alternativi Əli Kərimli imiş.

ABŞ-a sığınmış jurnalist, son vaxtlar siyasətçi olmaq iddialarını dəfələrlə təkrarlayan Sevinc Osmanqızının YouTube kanalında uzun müddət "yaşayan", orada gündə bir neçə dəfə illateral açıqlamaları ilə "reytinqli" olduğunu göstərməyə çalışan Əli Kərimli indi fərqli ünvanlarda isterik bəyanatlarını səpələməkdədir.

Google akkauntlarının və YouTube kanallarındakı komik "sorğu"lar vasitəsilə tərəfdarlarına "gerçək lider mənəm" mesajı verməyə çalışan Əli Kərimlinin bu cəhdləri birmənalı təəssürat yaratmır.

Fəaliyyəti və olmayan siyasi potensialı kimi.

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.