Göygöldə fermadan oğurluq hadisəsi baş verib.
Milli.Az Teleqraf-a istinadən xəbər verir ki, rayonun Hacıməlik qəsəbəsi yaxınlığında yerləşən "Muraz" kəndli fermer təsərrüfatına gecə saat 02:20-də gələn maskalı şəxslər 62 baş xırdabuynuzlu heyvanı - ana qoyunları oğurlayaraq naməlum istiqamətə aparıblar.
Təsərrüfat sahibi Mahir Tağıyevin sözlərinə görə, oğurluq hadisəsi təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Məsələ ilə əlaqədar Göygöl RPŞ-yə müraciət edilib. Polis hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirir.
Hazırda fermada 70-dək südəmər quzu təsərrüfatın işçiləri tərəfindən əllə yemlənir. Təsərrüfat sahibi bildirib ki, analarının tapılmayacağı təqdirdə quzuların sağ qalmaq ehtimalı azdır.
Milli.Az





