Siyasət

Ermənilər heç vaxt bu qədər alçaldılmayıb - İrəvanı lərzəyə gətirən hadisə - VİDEO

12 Aprel 2021 13:28
Baxış: 3 021

Növbədənkənar parlament seçkiləri yaxınlaşan Ermənistanda hakimiyyət uğrunda xarici dəstək axtarışı məqsədilə günlər öncə Rusiyaya səfər edən Nikol Paşinyanın yenə boyundan yuxarı atlamaq istəyi gözlərində qaldı. Rusiya dövlət başçısı Vladimir Putinlə görüşü zamanı mətbuat qarşısında qaldırdığı üç mövzudan biri olan "hərbi əsir" məsələsi ilə bağlı erməni baş naziri səfərdən qısa zaman sonra rəsmi Bakıdan elə bir sillə aldı ki, Ermənistanda bunun əks-təsiri hələ də hiss edilməkdədir. 

Aprelin 8-də axşam saatlarında Ermənistan KİV-ləri yazdı ki, təxminən bir saatdan sonra erməni əsirləri daşıyan təyyarə İrəvanın Erebuni hava limanına enəcək. Deyilən vaxta sözügedən təyyarə hava limanına ensə də gözləntilər özünü doğrultmadı. Təyyarədən yalnız Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradovun endiyini görən erməni əsirlərin yaxınları aldadıldıqlarını anladılar. Jurnalistin "Nə üçün dünən Ermənistan rəsmiləri Azərbaycanla əsirlərin dəyişdiriləcəyi barədə açıqlama vermişdi" sualına cavabında Rüstəm Muradovun aqressiv şəkildə "Bu, yalan və təxribatdır. Onlardan soruşun. Onlar xalqı aldadırlar. Bu planlaşdırılmış, adi səfər idi", - cavabı diqqətdən yayınmayıb. 

Ermənilər bəlkə də ilk dəfə qarşılarında rusiyalı generalı görmələrinə bu qədər məyus olublar. Azərbaycan bununla bir daha həm Ermənistana, həm də havadarlarına dərs keçdi deyə bilərik. Bununla Azərbaycan son əsrin ən böyük atışını elədi. Yüzlərlə erməni valideyn Erebuni aeroportu qarşısında toplanıb Bakıdan gələcək əsirləri gözlədiyi halda təyyarə hava limanına boş enib. Məlum olub ki, Rüstəm Muradov Bakıdan əliboş gəlib. Bunun ardınca əsirlərin valideynləri Ermənistan Müdafiə Nazirliyinin binasına hücum ediblər.

"Erməni əsirlər"in İrəvana qaytarılacağı gözlənilən tarixdə Prezident İlham Əliyevin Rusiya baş prokurorunu qəbul etdiyi və görüşdə terrorçularla bağlı məsələnin də müzakirə olunduğu istisna edilmir. Şübhəsiz ki, Azərbaycan və Rusiya Prezidentləri arasındakı telefon danışıqları zamanı da bu mövzuya toxunulub. Lakin hadisələrin gedişatı bir daha təsdiq etdi ki, Azərbaycan Prezidentinin və dövlətinin fikri qətidir, 10 noyabrda müharibə dayandırıldıqdan sonra Azərbaycan ərazilərinə keçən və həbs edilən şəxslər ancaq terrorçu və təxribatçı ola bilər. 

Son iki həftə ərzində baş verən hadisələr Azərbaycanın hərbi-siyasi mövqelərini Qarabağda daha da möhkəmlədəcəyinə, Ermənistan ordusunu və qanunsuz erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılacağı vaxta, Qarabağda separatçı rejimin fəaliyyətinə tam son qoyulmasına və əski parçası bayraqlarının Azərbaycanın üç rəngli bayraqları ilə əvəzlənməsinə daha neçə illər lazım olmayacağı ümidini yaradır. 

Bir neçə gün öncə yuxarıda da qeyd etdiyim kimi Ermənistanda ciddi ictimai-siyasi qarşıdurmalara səbəb olan 60-dan çox terrorçunun qaytarılması üçün Bakıya enmiş, ancaq Ermənistana içiboş göndərilən təyyarənin İrəvanda son 4-5 sutkadır hansı çaxnaşmalara səbəb olduğunun şahidi olduq. Bu, Ermənistanın daxili ictimai-siyasi həyatı, sabitliyi, təhlükəsizliyi üçün, az qalsın, ölüm-qalım məsələsinə çevrilib. 

Prezident İlham Əliyevin də artıq tez-tez dilə gətirdiyi, vəzifələrinin öhdəssindən gözlənilən səviyyədə gələ bilmədiklərini açıq şəkildə bəyan etdiyi Rusiya sülhməramlılarının son üç ay ərzində 10 Noyabr Bəyannaməsinin şərtlərini pozması və bu azmış kimi Rusiya Müdafiə Nazirinin müavini general Bulqakovun saymazyana Qarabağa səfəri və bəyanatları rəsmi Bakını özündən çıxardı. Elə bunun ardınca "İsgəndər-M" operativ taktiki raket komplekslərinin qalıqlarının Azərbaycanın suveren ərazilərində tapılması, Rusiyaya qarşı analoqu olmayan səviyyədə beynəlxalq sanksiyalara məruz qoya biləcək hüquqi kampaniyanın başladılmasına fürsət yaratdı ki, rəsmi Bakı bununla kimin kim olduğunu Kremlə göstərdi. 

Qadağan olunmuş raket sisteminin kim tərəfindən Şuşaya atılması Rusiya Federasiyasını məsuliyyətdən azad etmir. Hələ də rəsmi Bakıya tutarlı, inandırıcı cavab verməkdə çətinlik çəkən Rusiya düşdüyü vəziyyətdən çıxmaq üçün çarə axtarır. Proseslərin bu cür gedişatı Qarabağdakı mövqelərimizi daha da möhkəmlətməyə imkan yaradır. Çünki Donbasda Ukrayna ilə gərginliyi pik səviyyəyə çatan Rusiya müxtəlif cəbhələrdə mübarizənin mövqeyini zəiflədəcəyini yaxşı anlayır. 

Rusiya prezidenti Vladimir Putinin bir gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü barədə türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğana zəng edib onu məlumatlandırması Kreml sahibinin Türkiyənin bölgədə varlığını qəbul etməsinin daha bir göstəricisidir. Növbəti mərhələdə hədəf Türkiyənin Qarabağda hərbi varlığını təmin etməkdir ki, proseslərin gedişi Kremlin bunu da qəbul etmək məcburiyyətində qalacağını düşünməyə əsas verir. Hər bir halda Türkiyənin hərbi planda Qarabağda olması rusların özbaşınalıqlarına qarşı güclü zəmanətdir. 

Demək olar ki, hazırda beynəlxalq siyasi müstəvidə Azərbaycanın xeyrinə olan proseslər cərəyan edir. Rəsmi Bakının gözləntisi isə çox böyükdür. 

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.