Siyasət

Paşinyanın populist vədləri Azərbaycan Ordusunun zərbələri altında puç olub getdi - Ekspert

29 Oktyabr 2020 18:48
Baxış: 1 788

Ermənistan ordusunun açıq müharibə meydanında dalbadal ağır məğlubiyyətlərə düçar olması və işğal etdiyi Azərbaycan ərazilərinin böyük hissəsindən geri oturdulması Paşinyan hakimiyyətini görmədiyi misilsiz çıxılmaz duruma salıb.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib. O bildirib ki, ölən, əsir və itkin düşənlər daxil olmaqla, minlərlə canlı qüvvə itkisini erməni cəmiyyətindən sonadək gizlətməyin mümkünsüz olması Paşinyan hakimiyyətinin dalana dirənmiş vəziyyətini daha da ağırlaşdırır: "Sayı yüzlərlə ölçülən hərbi texnikaların Azərbaycan ordusu tərəfindən məhv edilməsi paşinyanların, sarkisyanların illərlə "qüdrətli ordu mifi" ilə erməni cəmiyyətini manipulyasiya edərək onu aldatmaq siyasətini tam ifşa etdi. Ermənistanda cəmiyyətin və siyasi müxalifətin "məğlubedilməz ordu" barədə ittihamçı suallarının getdikcə güclənməsi baş nazir Paşinyanı aşkar cavabsız vəziyyətdə qoyub. Ötən il Paşinyanın böyük hay-küylə cəmiyyətə və erməni diasporuna təqdim etdiyi "yeni milli təhlükəsizlik strategiyasının" fantastik və baş aldadan müddəaları indi bütünlüklə onun öz əleyhinə çevrilməyə başlayıb. Azərbaycan ordusunun sarsıdıcı və real nəticəli zərbələri Ermənistanın yeni təhlükəsizlik strategiyasının boş söz yığınlarından başqa şey olmadığını sübut edir. Paşinyanın bu strategiyasında bir neçə ilə Ermənistan ordusunu və kəşfiyyatını dünyanın ən güclü 20 dövləti sırasına çıxarmaq kimi populist vədləri Azərbaycan Ordusunun yenilməz zərbələri altında puç olub getdi".

Ekspert qeyd edib ki, ağır hərbi məğlubiyyətlərlə paralel olaraq heç bir sistemə söykənməyən iqtisadiyyatın da tənəzzülünə heç bir haqq qazandıra bilməyən Paşinyan məsuliyyəti öz üstündən atmaq üçün "məşhur günah keçiləri" taktikasına geniş meydan verməyə başlayıb: "Cəmi 20 gündə bir neçə yüksək hərbi vəzifəlini işdən qovması, hətta ədliyyə nazirinin müavinini vəzifədən çıxardaraq orduya çağırması sübut edir ki, Paşinyan məsuliyətdən və xalqın qəzəbindən yaxa qurtarmaq yolları axtarır. Orduda fərariliyin baş alıb getməsi ordu ilə xalqın arasında uçurumun düzəlməz həddə çatmasının bariz nümunəsidir. Şübhə yoxdur ki, ədliyyə sistemindəki kadr cəzalanmaları kütləvi hal almış fərariliklə uğursuz mübarizənin nəticəsidir".

Baş redaktor bildirib ki, Paşinyan hakimiyyətinin ölkəni fəlakətə sürükləməsi barədə ictimai rəy ölkədə dönməz xarakter alır: "Böyük ehtimalla demək olar ki, Azərbaycan prezidentinin dediyi "Bu qədər ağır məğlubiyyətlərdən sonra Paşinyanın istefa verməməsi çox təəccüblüdür " fikrinin reallaşma anı çatıb. Xalqın onu istefaya məcbur etməsi üçün ölkədə bütün şərtlər yetişib".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.